İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvinin bu həftə İsrailə səfər edəcəyi gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.
Telekanalın xəbərində qeyd edilir ki, 1979-cu il İslam İnqilabından əvvəl İranı idarə edən sonuncu şahın oğlu Rza Pəhləvi səfər zamanı “İran xalqından İsrailə dostluq mesajı” verəcəyini söyləyib.
Tel-Əvivdə keçmiş vəliəhdi qəbul edəcək İsrailin kəşfiyyat naziri Gila Gamliel bildirib ki, Rza Pəhləvi aprelin 17-də gecə saatlarında İsrailin illik Holokost anma mərasimində iştirak edəcək. Onun sözlərinə görə, o, həmçinin duzsuzlaşdırma zavoduna baş çəkəcək, Qərb divarını görəcək və yerli Bəhai icmasının nümayəndələri və İran əsilli İsrail yəhudiləri ilə görüşəcək. Gamliel əlavə edib ki, bu, keçmiş vəliəhdin İsrailə ilk səfəri olacaq və Rza Pəhləvi bununla "cəsur qərarını" yerinə yetirib. “Vəliəhd şahzadə İranı idarə edən ekstremistlərdən fərqli olaraq, sülh və tolerantlıq dəyərlərini rəhbər tutur”, -deyə İsrail rəsmisi vurğulayıb.
Xərçəng xəstəliyinə tutulmuş atası Məhəmməd Rza Pəhləvinin taxt-tacdan əl çəkməsindən əvvəl 17 yaşlı Rza Pəhləvi ABŞ-da hərbi aviasiya məktəbinə daxil olub. Hələ də Birləşmiş Ştatlarda yaşayan Pəhləvi iranlıları ruhani idarəçiliyini parlament monarxiyası ilə əvəz edəcək, insan haqlarını təsbit edəcək və dövlətin idarə etdiyi iqtisadiyyatı modernləşdirəcək dinc inqilaba çağırır. Onun hakimiyyətə qayıdışı üçün dəstəyi gücləndirə biləcəyi məlum deyil. “Mən istəyirəm ki, İsrail xalqı İslam rejiminin İran xalqını təmsil etmədiyini bilsin. Xalqlarımız arasındakı qədim bağ hər iki ölkənin maraqları naminə yenidən vüsət ala bilər”, -deyə R.Pəhləvi özünün tviter səhifəsində yazıb.