Firdovsi Umudov: Dünya erməni ləyaqətsizliyinə göz yummamalıdır

post-img

Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının barbarcasına yandırılması bir daha sübut etdi ki, ermənilərin vəhşi xisləti heç zaman dəyişməyəcək. Bu vandalizm aktı düşmən ölkənin sülhə, əmin-amanlığa qarşı olmasının bariz göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şöhrət” ordenli, Əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Umudov bildirib.

Firdovsi Umudov deyib ki, ədalətli mübarizənin simvolu olan idman yarışında belə bir vəhşiliyin baş verməsi bir daha göstərdi ki, insanların sülh, əmin-amanlıq, dinc yanaşı yaşamaq istəklərindən qaynaqlanan idman və Olimpiya hərəkatı insanlıqdan kənar olan ermənilərin ruhuna yaddır. Ədalətlə qazanılan qələbəni həzm edə bilməyən düşmənin mübariz ruhlu komandamıza nə qədər böyük nifrət bəslədiyi ortalığa çıxdı: “Bayrağımızı yandıran vandal Aram Nikolyan əsas məqsədinin Azərbaycan Bayrağının Ermənistanda dalğalanmasının qarşısını almaq olduğunu bildirib. Çünki erməni vəhşiləri yaxşı bilirlər ki, harada təmiz mübarizə var, orada qalib olacağıq. Azərbaycanın Dövlət Himni də səslənəcək, bayrağı da yüksəklərdə dalğalanacaq. Bəs kim zəmanət verə bilərdi ki, qələbə qazanacaq idmançımızın şərəfinə himnimizin səsləndirilməməsi, bayrağımızın ucalarda dalğalandırılmaması üçün üzərinə hücum çəkilməyəcək, ona xəsarət yetirilməyəcək. Dünyanın ən təhlükəli ölkələrindən biri kimi ad çıxarmış Ermənistanda belə mötəbər tədbirlərin keçirilməsi qərarı hansı standartlara görə verilir?”.

İdman mütəxəssisi qitə çempionatında Türkiyə təmsilçilərinin böyük uğur qazanmasının Azərbaycanda fəxarət hissi ilə qarşılandığını deyib. Qardaş ölkə idmançılarının qələbələrini Azərbaycana həsr etmələri Azərbaycan-Türkiyə əbədi qardaşlığının, sarsılmaz birliyinin növbəti təzahürüdür.

O, 2017-ci ildə İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan Bayrağına edilən hörmətsizliyi də xatırladıb. Həmin zaman yığma komandanın baş məşqçisi olan F.Umudov bayrağımıza qarşı təxribatın qarşısını qətiyyətlə aldığını bildirib: “Dünya kuboku yarışlarında milli komandamıza təqdim olunan bayrağın tamamilə təhrif olunmasına kəskin şəkildə etirazımı bildirdim. Onlar başqa bayrağın olmadığını əsas gətirərək əməllərini pərdələməyə çalışsalar da buna müvəffəq ola bilmədilər. Həmin anda üzərimdə götürdüyüm üçrəngli, ay-ulduzlu şanlı Azərbaycan Bayrağını təqdim etdim və öz bayrağımızı ucaltdıq”.

“Azərbaycanda indiyədək dünya səviyyəli, böyük nüfuza malik çoxlu tədbirlər keçirilib. Bu tədbirlərin hamısı təşkilatçılığına görə digər ölkələrə örnək kimi göstərilib. 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında Azərbaycan Prezidenti İlham Əliyevin fəxri kürsüdə yer almış erməni əsilli idmançının əlini sıxaraq medalı onun boynundan şəxsən asması, əl hərəkətləri ilə zaldakı ajiotajı sakitləşdirib, erməni idmançının da alqışlanmasını təmin etməsini xatırlatmaq istəyirəm. Dövlətimizin başçısının idmanla siyasətin qarışdırılmamasının nümunəsini göstərməsi xalqımıza qürurverici anlar yaşatdı.

Bəli, biz qəhrəmanlar ölkəsi Azərbaycanda yaşayırıq. Zaman-zaman döyüş meydanlarında düşmənə qan ağladan igid ərənlərimiz 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında da tarix yazdılar. Müzəffər Ordumuz şəhidlərimizin qanını almaq üçün “Qisas” antiterror əməliyyatı keçirərək torpaqlarımızı işğaldan azad etdi, böyük Zəfər qazandı. Möhtəşəm Qələbəni həzm edə bilməyən düşmən isə ilan kimi qıvrılıb, sancmaq üçün fürsət gözləyir.

Bir neçə gün bundan əvvəl Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutan düşmənin təxribatı, Azərbaycan əsirinə qarşı etdiyi vəhşilikləri və onu qəsdən yaymasının ardınca, İrəvanda bayrağımıza qarşı törədilən vandalizm aktı dünyaya açıq mesaj deyilmi? Onlar bununla bir daha erməni xislətinin sülh və birlik şəraitində yaşamağı qəbul edə bilmədiyini açıq göstərdilər. Bu barbarlar üçün müqəddəs deyilən bir şey yoxdur”, – deyə F.Umudov əlavə edib.

O qeyd edib ki, şovinist, digər millətlərə nifrət körükləyən bir dövləti dəstəkləməkdə davam edən ölkələrin erməni ləyaqətsizliyinə göz yummaları dünyanı narahat etməlidir: “Azərbaycan Bayrağı Vətənimin, millətimin qürur, qeyrət, namus mənbəyidir. Ata-babalarımızın, şəhidlərimizin qanı, canı hesabına qoruyub saxladığımız müzəffər bayrağımız üçün həyatımızı qurban verməyə hazırıq.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş vermiş vandalizm aktını pisləməyə çağırırıq. Mənfur düşmənin insanlığa sığmayan hərəkətlərinə son qoyulmalıdır”.

İdman