Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzinin yaradılmasına dair layihə işləri başa çatıb.
Bu barədə İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev məlumat verib. Yaxın vaxtlarda mərkəzin inşasına başlanılacağını bildirən E. Nuriyev onu da deyib ki, hazırda Ağdam Sənaye Parkında da bir neçə layihə ilə bağlı müraciətlərə baxılır.
Xatırladaq ki, ötən il Sumqayıt Kimya Sənaye Parkında rezident kimi qeydə alınmış “Az-Tex-Import” MMC 3 hektar ərazidə İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “İveco” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalını planlaşdırır. İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Bununla yanaşı, 2023-cü ilin iyul ayında Qarabağda yük avtomobillərinə servis xidməti göstərəcək müəssisə də işə salınacaq. Artıq Rusiya–Azərbaycan birgə müəssisəsi olan “Auto Leasing Azerbaijan”da tikinti işlərinin 85 faizi artıq tamamlanıb.
“Xalq qəzeti”