Hidrogen rəngsiz, qoxusuz, şəffaf cəhətləri ilə ən yüngül element olaraq karbonsuz gələcək üçün ən zəruri element hesab edilir və təmiz enerji sistemlərində “gələcəyin enerjisi” kimi qiymətləndirilir.
Hidrogen çəkisinə görə istənilən yanacaqdan daha çox enerji tutumuna, məsələn, benzindən təxminən üç dəfə çox, lakin həcminə görə həmin yanacaqdan dörd dəfə az enerji tutumuna malikdir. Lakin hidrogen elementinin təbiətdə saf element şəklində olmaması və birləşmələr halında mövcudluğu bu mənbədən enerji baxımından istifadəni çətinləşdirir. Hidrogen su, biokütlə və digər yanacaq növləri daxil olmaqla, müxtəlif mənbələrdən əldə edilməklə enerji və ya yanacaq mənbəyi kimi istifadə olunur.
Mütəxəssislərin fikrincə, hidrogen təmiz yanan yanacaq növüdür. Onun alovlanması yan məhsul kimi yalnız su buxarının əmələ gəlməsi və bu proses zamanı istilik və elektrik enerjisinin istehsalının gerçəkləşməsi ilə müşahidə olunur.
Hidrogenin potensialı iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində də çox yüksək qiymətləndirilir. Dekarbonizasiya prosesinin daha mürəkkəb olduğu dəniz, hava nəqliyyatı və müəyyən sənaye proseslərində hidrogen enerjisi ənənəvi yanacaqları əvəzetmə qabiliyyətinə malikdir.
Azərbaycanda “yaşıl hidrogen” sənayesinin inkişafı üçün mövcud əlverişli şərait ölkəmizə xarici investorların marağını getdikcə artırır, hidrogen sektorunun və bərpaolunan enerji mənbələrinin sürətli inkişafını şərtləndirir. Belə ki, “Global Solar Atlas” Agentliyinin məlumatına görə, Azərbaycan günəş enerjisinin potensialına görə İtaliyanın cənubu ilə müqayisə oluna bilər və bu baxımdan Almaniyanı demək olar ki, 1,5 dəfə üstələyir. Digər tərəfdən, Abşeron yarımadasında külək enerjisinin potensialı Şimal dənizinin şelf rayonları ilə müqayisə oluna biləcək səviyyədədir.
“Azərbaycanın bərpa olunan enerji resurslarının potensialı son dərəcə yüksəkdir ki, bu da respublikaya mühüm rəqabət üstünlüyü, daha doğrusu, “yaşıl hidrogen” istehsalının aşağı maya dəyərini gerçəkləşdirməyə imkan verir”, – idarəçilik üzrə dünyada ən böyük qlobal konsaltinq şirkətlərindən olan “Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Vladimir Roqov bildirib. O, Avropada hidrogenin qiymətinin təqribən 5,8 ABŞ dolları/kiloqram olmaq ehtimalını nəzərə alaraq, Azərbaycanın il ərzində təxminən 230-500 milyon ABŞ dolları əldə edə biləcəyini proqnozlaşdırıb.
V.Roqov daha sonra bildirib ki, Azərbaycan mövcud qaz kəmərləri şəbəkələri vasitəsilə Avropaya axının 10–15 faizi həddində hidrogeni səmərəli və sərfəli şəkildə nəql edə bilər. Bu isə xüsusən də Böyük Səhradan cənubda yerləşən ölkələrdən mayeləşdirilmiş hidrogenin dəniz yolu ilə son dərəcə səmərəsiz daşınması ilə müqayisədə daha sərfəlidir.
İcraçı direktorun sözlərinə görə, hidrogenə gələcək tələbatı nəzərə alaraq hazırda yeni boru kəmərlərinin tikintisi imkanlarını nəzərdən keçirməyə dəyər. Məsələn, TAP-ın ötürücülük qabiliyyətinin illik 11 milyard kubmetr qaz olduğunu nəzərə alaraq, Azərbaycandan hidrogenin nəqli potensialı illik 40-85 min ton təşkil edir (qaz həcminin 5-10 faizi). Bu, təkcə İtaliyanın 2030-cu ilə proqnozlaşdırılan hidrogen tələbatının cəmi 2-4 faizinə (2,3 milyon ton) bərabərdir.
Energetika naziri Pərviz Şahbazov isə Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində keçirilən “Yaşıl hidrogen sammiti”ndəki çıxışında xalis sıfır emissiya iqtisadiyyatlarına qlobal keçiddə mühüm rola məxsus “yaşıl hidrogen”i enerji və ekoloji təhlükəsizliyi gerçəkləşdirilməsi baxımından alternativi olmayan enerji vasitəsi kimi dəyərləndirilib.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert:
– Enerji keçidi və hidrogenlə bağlı ölkəmizin planları dayanıqlı inkişaf üçün davamlı enerji kontekstində mühüm daşıyır. Bu baxımdan 2030-cu ilədək təmiz ətraf mühitə malik “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycanın dövlət siyasətidə prioritet istiqamətlərdən biridir. “Yaşıl enerji” ilə bağlı siyasi iradə, 200 QVt-a yaxın bərpa olunan enerji potensialı və etibarlı tərəfdaşlıq mühiti respublikamıza enerji keçidini reallaşdırmaqla yanaşı, bərpaolunan enerji növlərinin, o cümlədən hidrogenin təchizatçısına çevrilməsinə imkan verir. “Masdar”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə “yaşıl enerji” və hidrogen üzrə ümumilikdə 22 QVt-dan çox güclərin yaradılması isə enerji keçidinə milli və qlobal səviyyədə töhfə verəcəyinə əminlik yaradır.
Respublikamızın enerji tədarükçüsü kimi gələcək rolu barədə isə onu deyə bilərəm ki, Azərbaycan Avropanın enerji təchizatını alternativ mənbələrlə şaxələndirən ölkədir. Bu coğrafiya Avropa üçün neft, təbii qazdan sonra bərpaolunan enerji və hidrogenin potensial mənbəyi kimi tanınır.
Avropanın qaz təchizatının diversifikasiyasında strateji rol oynayan Cənub Qaz Dəhlizi ilə hazırda qaz tədarükünün artırılması ilə yanaşı, hidrogenin də nəqli nəzərdən keçirilir. Hidrogen, ümumən “yaşıl enerji”nin istehsalı və ixracı Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımızın mühüm komponentidir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında bərpaolunan enerji və hidrogen üzrə dördtərəfli əməkdaşlığı və “yaşıl enerji” dəhlizinin yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sənədi də Avropa Komissiyasının Prezidentinin iştirakı ilə imzalanması da bu baxımdan mühüm önəm daşıyır.
Sonda qeyd edim ki, Azərbaycanın “yaşıl enerji” ilə bağlı siyasəti bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici şirkətləri cəlb etməyə yönəlib. Xarici investorlarla artıq 710 MVt gücündə külək və günəş enerji layihələrinin icra edilməsinə başlanılıb, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədləri isə imzalanıb. Bu potensial əsasında ölkəmizin Avropaya “yaşıl enerji”ni tədarük etmək niyyəti ifadə edilib. Xəzər dənizindəki mövcud 157 QVt-lıq külək potensialının isə Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, “yaşıl hidrogen”, ammonyak şəklində veriləcəyi ilə bağlı Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə müzakirəsinə başlanılıb.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”