Tehran Azərbaycanla bağlı məkrli niyyətindən əl çəkməlidir

post-img

Aprelin 9-da Tehranda Hayastanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında görüş keçirilib. Azərbaycan və İran xarici işlər nazirləri – Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahianın aprelin 7-də və 8-də reallaşan telefon danışığından sonraya təsadüf edən görüşdə Əli Şamxaninin səsləndirdiyi fikirlər diqqəti cəlb edir.

İran mediasının məlumatına görə, Şamxani bildirib ki, Qafqaz regionunda gərginlik və münaqişə heç bir ölkənin maraqlarına xidmət etmir. Onun sözlə­rinə görə, regional çağırışlara son qoy­maq üçün daimi dialoqa ehtiyac var. Əli Şamxani əlavə edib ki, regional prob­lemlərin həllinə sərt yanaşma daimi di­aloq və təmaslarla əvəz olunmalıdır. İranın Ali Milli Təhlükəsizlik Şurasının ka­tibi Qafqazda çətin dövrün gəldiyini qeyd edərək, Azərbaycan və Ermənistanın mövcud gərginlikdən çıxa biləcəklərinə ümid etdiyini bildirib: “İslam Respublika­sının regiondakı bütün tərəflərə ən vacib tövsiyələrindən biri mehriban qonşuluq münasibətlərini saxlamaq və regional problemlərin sülh yolu ilə həlli üçün birgə səylər göstərməkdir”.

***

Yazının girişində Tehrandakı görüşün Ceyhun Bayramovla Hüseyn Əmir Abdul­lahianın telefon danışıqlarından sonraya təsadüf etməsini xatırlatmağımız səbəb­siz deyil. Məhz bu telefon danışıqları za­manı tərəflər son aylarda ilk dəfə olaraq qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bü­tövlüyü və suverenliyinə hörmətlə yanaş­dıqlarını bildiriblər. Azərbaycan XİN-in yaydığı məlumatda o da qeyd olunur ki, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl mü­zakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam et­dirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, Azərbaycanla İran ara­sında mövcud olan layihələrin icrası is­tiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Ceyhun Bayramov Azər­baycanın milli maraqlarına əsasən həya­ta keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlə­rinə hörmətlə yanaşılmasının vacib oldu­ğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Bundan bir gün sonra, aprelin 10-da İran Xarici İşlər Nazirliyinin mətbuat ka­tibi Nasir Kənani nazirlər arasında baş tutmuş telefon danışıqlarının nəticələri­ni müsbət qiymətləndirib. Kənaninin bu fikirlərinə dair şərhində XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib: “Xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fi­kir mübadiləsi aparılıb. Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsi­ni vacib hesab edir. Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən, İranla hər zaman qonşuluq münasibətlərinin inkişa­fında maraqlı olub. Dövlətlərin ərazi bü­tövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azər­baycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir”.

Göründüyü kimi, İran–Azərbaycan münasibətlərində son aylarda yaşanan davamlı gərginlikdən sonra, ilk dəfə ola­raq, yumşalma meyilləri hiss olunur. Bu yumşalma meyillərini Əli Şamxaninin Qriqoryanla görüşündə işlətdiyi fikirlər­dən də görmək mümkündür. Əlbəttə, biz İranın Azərbaycanla bağlı son 30 ildən ar­tıq müddət ərzində yürütdüyü siyasəti bir neçə gün ərzində dəyişəcəyini gözləmi­rik. Bu gözləntidə olmaq həddən ziyadə sadəlövhlük olardı, ancaq həm nazirlərin telefon danışığı, sonra XİN-lərin mətbu­at katiblərinin açıqlamaları və nəhayət, Qriqoryanla görüşdə Şamxaninin dediyi sözlər diqqətdən yayınmır. Bununla belə, Ə.Şamxani görüşdə A.Qriqoryana xoş gələcək bir ifadə də işlədib. Deyib ki, Cə­nubi Qafqazda istənilən coğrafi dəyişiklik regionun təhlükəsizliyinin və sabitliyinin düşmənləri tərəfindən istifadə olunacaq gərginlik yaradır.

***

Görünən budur ki, heç zaman özü­nün milli maraqlarından geri bir addım da atmayan Azərbaycanın prinsipial mövqe­yi İran tərəfini rəsmi Bakı ilə hesablaş­mağa məcbur edib. Tehran başa düşür ki, Azərbaycanla münasibətlərin pozul­ması İrana baha başa gələ bilər. Kollektiv Qərbin sanksiya məngənəsində sıxılan, Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə münasibətləri gərgin olan, Yaxın Şərqdə İsrail kimi nüvə dövləti ilə kəskin qarşı­durma şəraitində yaşayan İranın daha bir qonşusu ilə əlaqələrinin pisləşməsi onun özü üçün yaxşı heç nə vəd etmir. Azərbaycan İran və onun ərazisindən keçən tranzit yüklərin Rusiyaya daşındığı mühüm ölkə, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aparıcı dövlətidr. Bu baxımdan, ümid edək ki, İran ölkəmizlə bağlı bəd niyyətlərindən yaxın vaxtlarda əl çəkəcək, rəsmi Bakının İrana müna­sibətdə zaman-zaman nümayiş etdirdiyi xoş mərama adekvat cavab verəcək, ya­ranmış gərginliyi səbəbkarının onun özü olduğunu tezliklə anlayacaq.

Rasim MUSABƏYOV, politoloq:

– Ermənilər ənənəvi olaraq vur­nuxurlar. Bir tərəfdən onların müda­fiə naziri Brüsselə gedir, Ermənis­tanın NATO çərçivəsində təlimlərdə iştirakı məsələsini alyans rəhbərliyi ilə müzakirə edir, tərəfdaşlıq barə­də planların cızılması məsələsini gündəliyə gətirir. Digər tərəfdən isə hayların təhlükəsizlik şurasının ka­tibi gedib İranda hərbi-təhlükəsiz­lik sahəsində hansısa əməkdaşlıq barədə sazişin hazırlanmasından danışır. Bunu Ermənistanı dolan­dıran, onlara maddi, siyasi, mənəvi dəstək verən Qərbdəki havadar­ları görməli və reaksiya verməli­dirlər. Deməlidirlər ki, sən nə üzlə ABŞ-dən də, Avropa İttifaqından da, Fransadan da dəstək alırsan, eyni zamanda, bu gün NATO-nun düşməni olan Rusiyanın müttəfiqi olursan? Həmçinin, Ermənistan dünyadan təcrid olunmuş molla re­jimi ilə də yaxın əlaqələri möhkəm­ləndirir. Hər bir halda, Ermənistanın İranla hərbi sahədə əməkdaşlığının hansısa nəticəyə gətirib çıxaraca­ğına inanmıram. Ancaq öz-özlü­yündə, təbii ki, buna Qərb ölkələ­rindən qiymət verilməsi vacibdir. Haylar hər yerdən nəsə ummağa, nəsə qoparmağa və hamının onla­rın başını sığallamasına öyrəşiblər. Nə edirlərsə etsinlər, əsas odur ki, Azərbaycanın güclü ordusu var və “dəmir yumruğu” da öz yerindədir.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət