Bu gün Laçın–Xankəndi yolunda – Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekofəallarımızın faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı başladıqları aksiyanın 4 ayı tamam oldu. Ötən aylar ərzində sırf dinc xarakter daşıyan aksiya Azərbaycanın vətəndaş cəmiyyətləri tərəfindən səbir və dözümlə, dövlət qanunvericiliyinin bütün şərtlərinə əməl etməklə keçirilir. Dünən yalnız səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 yük və 8 minik avtomobili ərazidən maneəsiz keçib.
Yolun humanitar məqsədlər üçün tam açıq olması Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddiaların saxta olduğunu bir daha göstərir. Min bir dona girən riyakar düşmən isə aksiyanı dayandırmaq üçün hər bir vasitədən istifadə edib beynəlxalq qurumlardan dəstək almaq istəyir. Vaxt daraldıqca hazırkı vəziyyətdə ərazilərimizin işğalını, eləcə də torpaqlarımızdan qeyri-qanuni istismarı davam etdirməyin mümkünsüz olduğunu görüb hətta “saman çöpündən yapışır”. Baxmayaraq ki, Azərbaycanın tarixi Qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra Hayastanın işğalçılıq planları alt-üst olub, amma düşmən ölkə hələ də havadarlarının dəstəyinə ümid edir.
Bu günlərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin ermənistanlı həmkarı ilə görüşündə Tehranın regionda istənilən coğrafi dəyişikliyə qarşı çıxacağını yenidən bəyan etməsinin Ermənistan mətbuatında geniş yer alması dediklərimizin sübutudur. Haylar hələ də, xarici havadarlarından dəstək alacaqlarını düşünürlər. Qonşu İranın mövcud vəziyyəti gərginləşdirmək cəhdlərinin səbəbsiz olmadığını düşmən özü də yaxşı başa düşür. Təxminən, 30 il ərzində İranın Ermənistanla birləşib Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə etməsi haylara da böyük mənfəət gətirib. Onlar “Bəlkə də qaytardılar” xülyası ilə hələ də gözləyirlər.
Amma, bununla belə, ötən dövr ərzində Azərbaycanın yerüstü, yeraltı sərvətlərini vəhşicəsinə talan edib, ekologiyanı dəhşətli terrora məruz qoyduqları üçün gec-tez cavab verəcəklərini də anlayırlar. Çünki bunu regionda yaranan hazırkı reallıq tələb edir. Başa düşürlər ki, Qarabağdakı terrorçu dəstələrin bölgədə qalması elə erməni xalqının da başına müsibətlər gətirir. Təbii ki, xarici qüvvələrin regionda sülhün, sabitliyin bərqərar olmasına böyük maneə yaratmaları Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Məhz belə qüvvələrin təsirindən Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozmaqda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə çıxışında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı danışarkən qeyd edib ki, biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Dövlətimizin başçısı bunun alternativinin olmadığını da qeyd edib.
Azərbaycan Prezidentinin bu fikirləri düşmən ölkəyə də, onun havadarlarına da ciddi mesajdır. Ermənilər bilməlidirlər ki, özlərini torpaqlarımızın ağası kimi apara, əvvəllər olduğu kimi xarici havadarları ilə birləşib təbii sərvətlərimizin vəhşicəsinə talanını davam etdirə bilməzlər. Ekoaksiyaçılarımız hayların ümidlərini puça çıxarırlar. Ötən aylar ərzində onların bütün çətinliklərə rəğmən, qışın ən sərt günlərində belə, haqlı tələbləri yerinə yetirilməyincə yüksək ruhla etirazlarını davam etdirmələri də xalqımızın qəti iradəsinin təcəssümü, çağdaş vətənpərvərlik salnaməsidir.
Leyla QURBANOVA, “Xalq qəzeti”