UNESCO erməni vandalizminə niyə göz yumub?

post-img

Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya, bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? ...Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil?

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Zəngilan, 24 dekabr 2020-ci il


İkinci Dünya müharibəsindən sonrakı dövrdə dünyada davam edən ikili standartların törətdiyi eybəcərliklər bəşəri dəyərlərə kifayət qədər ağır zərbə vurmuşdur. Təbii ki, həmin ikili standartlar hansısa siyasi dairələr, ayrı-ayrı dövlətlər və ya müxtəlif lobbiçilərin, diaspor təşkilatlarının “əlinə baxan” tanınmış siyasətçilər tərəfindən “reallaşdırılırdı”. Yəni, bu halların öz üzərinə “hamıya münasibətdə ədalətli olmaq” missiyasını götürmüş beynəlxalq təşkilatlara dəxli yox idi. Çox təəssüf ki, indi beynəlxalq təşkilatlar da ənənəvi hal almış ikili standartlar “təcrübəsindən” gen-bol istifadə edir və bəhrələnirlər.

Biz bunu BMT Təhlükəsizlik Şurasının məlum münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin az qala otuz il kağız üzərində qalması zamanı da gördük, dünyadakı mədəni və tarixi abidələrin qorunması missiyasını üzərinə götürmüş UNESCO-nun ölkəmizin 20 faizindəki bütün abidələrin məhv edilməsinə biganə qaldığı zaman da. Biz ötən yazılarımızdan birində qeyd etmişdik ki, UNESCO-nun Azərbaycanla yüksək səviyyəli əməkdaşlığı olub və Azərbaycan dövləti və Heydər Əliyev Fondu bu qurumun fəaliyyətinin stimullaşdırılmasında kifayət qədər müsbət rol oynayıb.

Son zamanlar isə UNESCO rəhbərliyi Azərbaycanofobiya və Türkofobiya xəstəliyindən ciddi şəkildə əziyyət çəkir. Bu da səbəbsiz deyil. Həmin beynəlxalq təşkilata fransız əsilli bir animasiya mütəxəssisinin gətirilməsindən sonra UNESCO sanki Paris tərəfindən özəlləşdirilib. Xanım Odri Azule özünu elə aparır, rəhbərlik etdiyi qurumun fəaliyyətini elə istiqamətləndirir ki, sanki bu təşkilatın təsisçisi BMT yox, Fransa senatıdır. Bu ədalətsizliyin nə qədər davam edəcəyi, bu riyakarlığa nə zaman son qoyulacağı hələ ki, məlum deyil. Biz güman edirik ki, BMT Təhlükəsizlik Şurasındakı ikili standartlara son qoyularsa, UNESCO rəhbərliyindəki ədalətsizliklər də aradan qaldırıla bilər və məhz həmin zaman biz yenə də bu qurumun fəaliyyətində məmnuniyyətlə iştirak edərik.

Siyasətçilərimiz, politoloq və ekspertlərimiz haqlı olaraq soruşurlar ki, beynəlxalq təşkilatlar söhbət Azərbaycandan gedən zaman niyə qəbul edilmiş prinsiplərə əməl etmirlər? Çox çətin sualdır. Ancaq bu çətin sualı ortaya atanlar haqlıdırlar. Fikrimizi konkret faktlarla əsaslandıraq. Mətbuatdan məlum olduğu kimi, UNESCO-nun Baş direktoru Odri Azule bu yaxınlarda Ukraynaya ikigünlük səfər edib. Öz həqiqi funksiyasını və rəhbərlik etdiyi qurumun missiyasını yerinə yetirmək istəyən bu xanım müharibə nəticəsində dağıdılmış və ziyan dəymiş mədəni obyektlər daxil olmaqla, Ukraynanın mədəniyyət obyektlərini ziyarət edib. Təbii ki, bu addımlar son dərəcə əhəmiyyətlidir. Maraqlıdır, bəs həmin vəhşiliklər Azərbaycan ərazisində törədiləndə bu qurum harada idi və Azulenin gözlərini kim bağlamışdı? Təbii ki, ermənilərin səsinə və başqa nələrinəsə ehtiyacı olan Emmanuel Makronun idarə etdiyi Fransa dövləti.

Avropada və ümumiyyətlə, dünyada hamıya məlumdur ki, işğalçı Ermənistan dövləti otuz ilə yaxın müddətdə Azərbaycanın mədəni, tarixi və dini abidələrini demək olar ki, tamamilə dağıdıb. Ancaq həmin vəhşiliklərə lazımı qiyməti verməli olan UNESCO susub. Halbuki, belə bir missiyaya ehtiyacın olduğunu bu ərazilərə səfər etmiş istənilən xarici diplomatik nümayəndəliyin əməkdaşı və ya Qərbdən olan jurnalist dəfələrlə etiraf etmişdi.

Hətta pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm UNESCO-nun bu faktlara biganəliyini açıq şəkildə qınamışdır: “Azərbaycan Ermənistanın 30 illik işğal zamanı törətdiyi vəhşiliklərə dair bütün sübutları dəfələrlə təqdim edib. Xüsusilə, Qarabağın bütün mədəni, dini və tarixi abidələrinin dağıdılması qeydə alınıb, sənədləşdirilib və ictimaiyyətə təqdim edilib. Əsas məqsədi tarixi-mədəni irsin qorunub saxlanması olan təşkilatın (UNESCO) nümayəndələri işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər edənlərin siyahısında birinci olmalı idilər. Bu, ikili standartların birbaşa nümayişi deyilsə, bəs nədir?”
Bu zaman başqa bir sual da ortaya çıxır. Tutaq ki, UNESCO rəhbərliyi Ermənistan dövlətinin hansısa absurd hesabatlarına və yalanlarına inanaraq, Azərbaycan ərazisinə missiya göndərmək istəmir. Göndərməsin və göndərən günü də olmasın. Bəs Ermənistan ərazisində dağıdılan, tar-mar edilən, yer üzündən silinən Azərbaycan abidələrini – məscid və məbədlərimizi niyə görmür və vandallara “Əl saxla!” – demirlər. Axı Ermənistan Fransanın Afrikadakı vassallarından heç nə ilə fərqlənmir. UNESCO missiyası oraya rahatca gedə bilər və gedir. Gedirlər və bizim abidələrimizin dağıdılmasını və öz torpaqlarımızdan tariximizin silindiyini “görmürlər”. Amma, görəcəklər. Dünya belə qalmayacaq və Parisin özəlləşdirdiyi UNESCO öz əzəli missiyasını və bəşər mədəniyyəti qarşısındakı funksiyalarını yerinə yetirəcək.

UNESCO rəhbərliyi unutmasın ki, Azərbaycan hər zaman bu quruma ciddi töhfələr vermiş ölkələrdəndir. Dünyanın bir çox yerində bəşəri mədəniyyətin bir parçası adlanan nümunələrin qorunmasında Azərbaycan həm təşəbbüskar, həm də maliyyəçi qismində iştirak edib. Ekspertlərin fikrincə, UNESCO-nun ən yeni tarixində, fəaliyyətində, nüfuzunun artırılmasında mənəvi mənada borcu olduğu ölkələrdən biri, məhz Azərbaycandır. Mütəxəssilər bu fikirdədirlər ki, UNESCO-nun mənəvi cəhətdən borclu olduğu ölkəyə qarşı belə yanaşması yolverilməzdir. Xanım Azule ya bu səhvlərini düzəltməlidir, ya da bəşər övladının tarixi abidələrinə, maddi-mədəniyyətinə zərbə vuranları müdafiə etdiyinə görə dünyanın mütərəqqi insanlarının daimi qınaq ünvanına çevriləcək.


İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Siyasət