Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm.
Heydər ƏLİYEV,
Ümummilli lider
Tarixdə belə bir düsturlaşmış deyim var: “Şəxsiyyəti xalq yetişdirir”. İnsanlıq bunun əksinin də şahididir: “Şəxsiyyət də xalqı yetişdirir”. Bu, o zaman baş verir ki, xalq uzun müddət əsarətdə qalır, kənar təsirlərə müqavimətini və özünüyaşatma enerjisini itirib kölələşir. Belə cəmiyyət müstəqil dövlətini qurmaq, azad yaşamaq üçün özündə güc tapa bilmir. Görünür, çox sayda xalq tarix səhnəsindən belə çıxıb.
Azərbaycan xalqı isə kənar imperiya əsarətinə düşüb dövlətçiliyini itirsə də, milli yaddaşından güc almış şəxsiyyətlərinin mübarizəsi ilə milli varlığını yaşadıb, bir əsrdə 2 dəfə istiqlal savaşı aparıb. Məhz belə tarixi dövrlərdə ulu Tanrı müstəqil olmaq əzmini yaşadan xalq üçün xilaskar lider göndərir. Belə tarixi şəxsiyyət öz xalqını müstəqil dövləti olan ölkələr cərgəsinə qoşur. Belə qeyrətli və qüdrətli şəxsiyyətlərin sırasında ümummilli lider Heydər Əliyevin bənzərsiz obrazı əbədilik öndə qərarlaşıb, adı isə xalq işinə xidmət zirvəsi kimi öndərləşib.
Milli tariximizin bu fenomen lideri sovet imperiyasından yarımasılı vəziyyətə salınmış Azərbaycanı mümkün olduğu qədər milli tələbatın cavablandırılması çevrəsində idarə edib, yeni müstəqillik dövrünə hazırlayıb. İttifaq dövlətinin ali rəhbərliyinə yüksələrək dünya şöhrətli siyasətçi və dövlət xadimi kimi yetişmiş Heydər Əliyev sonrakı dövrdə müstəqilliyin bərpa edilməsi və möhkəmləndirilib əbədi prosesə çevrilməsi uğrunda mübarizənin baş qəhrəmanı və lideri kimi yeni bir parlaq bioqrafiya da yaratdı.
100 il bundan əvvəl, 1923-cü ilin 10 mayında dünyaya göz açmış görkəmli dövlət xadimi Heydər Əliyev də Tanrının millətimizə xilaskar kimi göndərdiyi böyük dahi şəxsiyyət idi. Bütün mənalı həyatını Vətəninə həsr edən ulu öndərimiz Azərbaycanımıza xidmət, onun taleyində həlledici rol oynamaq üçün doğulmuşdu.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutur. Azərbaycanın bu qədim diyarında dünyaya göz açıb boya-başa çatan xalqımızın gələcək xilaskarı, müstəqil dövlətimizin qurucusu ilk təhsilini də orada almış, 1939-cu ildə Naxçıvan şəhərindəki pedaqoji məktəbi bitirmişdir.
Dahi rəhbərin xalqa, Vətənə misilsiz xidmət nümunəsi olan möhtəşəm əmək fəaliyyətinin də ilk səhifələri Naxçıvanla bağlıdır. O, 1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında işə başlamış, sonra isə Xalq Komissarları Sovetində çalışmışdır.
Görkəmli dövlət xadimi Azərbaycana rəhbərliyinin birinci dövründə Naxçıvana xüsusi diqqət yetirmişdir. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970–1982-ci illərdə 4 dəfə Naxçıvanda səfərdə olmuşdur. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, 16 iri sənaye müəssisəsi, yüzlərlə sosial obyekt tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimiz SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışanda da Naxçıvanın rifahı üçün çoxşaxəli tədbirlər həyata keçirmişdir.
Naxçıvanda yaşadığı 1990– 1993-cü illər ümummilli liderin həyat və fəaliyyətindən qırmızı xətlə keçən xüsusi əhəmiyyətə və dəyərə malik tarixi dövrdür. Müdrik dahinin özü də bu illərin mahiyyətini ayrıca vurğulayaraq muxtar respublika sakinləri ilə görüşlərinin birində demişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.
20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqu ilə qarşılamışdı. Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gələr. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmişdir.
30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçmişdi. 1990-cı il noyabrın 17- də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə üçrəngli milli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması böyük cəsarət tələb edirdi.
Naxçıvan Muxtar Respublikasının Аli Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırmışdı. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdı.
1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi böyük dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərar qəbul etmişdir.
Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər görmüşdür ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər.
Həmin dövrdə ulu öndərimizin rəhbərliyi ilə 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul edilmiş, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanları ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurum yaradılmış, rus qoşun hissələri muxtar respublikadan çıxarılmış, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsi yenidən gündəmə gətirilmişdir.
Bundan başqa, uğurlu aqrar islahatlar aparılmış, yeni iqtisadi münasibətlər formalaşdırılmış, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələr həyata keçirilmişdir. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.
Beləliklə, ümummilli liderimizin 1990-cı ilin iyul ayından 1993-cü ilin iyun ayına qədər Naxçıvanda yaşaması bu bölgəni onu gözləyən çox böyük fəlakətlərdən qorumuş, naxçıvanlıların gələcəyə olan ümidinin itirilməsinə imkan verməmişdir. Prezident İlham Əliyev ümummilli liderimizin fəaliyyətinin Naxçıvan dövrü barədə danışarkən demişdir: “Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalanda xalq təkidlə Heydər Əliyevi Bakıya, ölkə rəhbərliyinə dəvət etmişdir. 1993-cü ilin 9 iyununda Bakıya gələn ulu öndərin 15 iyunda Milli Məclisin Sədri seçilməsi Vətənin və xalqın tarixində əsl Qurtuluş Gününə çevrilmişdir. Həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən dahi şəxsiyyət on il ərzində neçə-neçə qərinəyə bərabər işlər görmüş, tarixə müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi daxil olmuşdur.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də Naxçıvana xüsusi diqqət və qayğı göstərmiş, blokadanın çətinliklərinin aradan qaldırılması, muxtar respublikanın inkişafı üçün mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin Naxçıvana səfərlərini əhali bayram kimi qeyd edir, naxçıvanlılar öz xilaskarlarını böyük sevinc və coşqu ilə qarşılayırdılar.
Ulu öndərimizin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” – arzusunu yerinə yetirən ümummilli liderimizin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana xüsusi diqqət yetirir, regionun inkişafı üçün önəmli kompleks tədbirlər həyata keçirir. Naxçıvanlılar yaxşı bilirlər ki, muxtar reaspublikada görülən bütün işlər, həyata keçirilən quruculuq tədbirləri Prezident İlham Əliyevin bu bölgəyə yüksək diqqət qayğısının, ulu öndərimizin arzularının reallaşdırılması istiqamətində apardığı işin nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Naxçıvanı diqqətdən kənarda qoymamışdır.
Əlbəttə, bütün bu misilsiz nailiyyətlər ulu öndər, böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılır. Heydər Əliyev yolu sabahkı uğurlarımızın da etibarlı qarantıdır.
Təranə QULİYEVA,
Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini