Aprelin 11- də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Parlament Sədrinin birinci müavini Əli Hüseynli iclası açaraq, gündəliyə 11 məsələnin daxil edildiyini bildirdi.
Deputatlar əvvəlcə cari məsələlər ətrafında çıxış etdilər. Son günlər baş vermiş hadisələrə münasibət bildirildi. Qeyd edildi ki, bu gün 2018- ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən beş il ötür. Bu müddət ərzində ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə əlaqələri daha da genişlənmiş, mövqeyi möhkəmlənmişdir. Həmin ildən respublikamızda start götürən genişmiqyaslı islahatlar bütün sahələri əhatə edib. Ən əsası isə növbədənkənar prezident seçkilərindən iki il sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənisanın 30 illik içğalçılıq siyasətinə son qoyaraq tarixi Qələbə qazandı. Çıxış edənlər qeyd etdilər ki, bu qələbə Azərbaycanın dünya birliyindəki reytinqini daha da artırdı.
Sonra Ə.Hüseynli gündəlikdəki birinci məsələni – “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Dedi ki, artıq qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır. Əvvəlki oxunuşlarda kifayət qədər çıxışlar olub və deputatlar yubiley medalının təsis olunmasını razılıqla qarşılayıblar. Qeyd edildi ki, ölkə başçısının sərəncamı ilə 2023- cü il “Heydər Əliyev İli” elan edilib. Bu il ulu öndərin xatirəsinə veriləcək ən dəyərli töhfələrdən biri də onun adına yubuley medalının təsis edilməsidir.
Natiq bildirdi ki, 2005-ci ildə ulu öndərin xatirəsini əbdiləşdirmək məqsədilə Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi kimi “Heydər Əliyev” ordeni Milli Məclis tərəfindən təsis edilmişdir. “Heydər Əliyevin 100 illiyi” yubiley medalı da Azərbaycan medalları sırasında xüsusi yer tutacaq. Əsasnaməsindən də göründüyü kimi, bu medal ordenlərdən sonra sıralamada birincidir. Bu da onun statusundan xəbər verir. Əsasnamənin birinci maddəsinə görə, yubiley medalının digər medallarla müqayisədə təltif ediləcək şəxslərin dairəsi də kifayət qədər genişdir. Həmçinin medalın təsviri də kifayət qədər qənaətbəxşdir. Medalda Heydər Əliyevin barelyefi əks olunub və müstəqilliyimizin atributları öz əksini tapıb. “Heydər Əliyevin 100 illiyi” yubiley medalının təsis edilməsi ulu öndərin əziz xatirəsinə ehtiramın ciddi bir nümunəsidir və parlament tərəfindən veriləcək töhfədir.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra iclas Sahibə Qafarovanın sədrliyi ilə davam etdirildi. Sədr bildirdi ki, 3 və 4-cü məsələlər – “Prokurorluq haqqında”, “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri parlamentə cənab Prezidentin bir məktubu ilə daxil olub. Qanun layihələrində hər hansı bir dəyişiklik olmadığından səsə qoyularaq qəbul edildi.
“Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi qanunun layihəsini parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim etdi. Müzakirələr zamanı deputatlar dərmanların digər ölkələrlə müqayisədə respublikamızda həddindən artıq baha qiymətə və keyfiyyətsiz olduğunu bildirilər. Qeyd edildi ki, dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsi təmin edilməlidir. Komitə sədri Q.Paşayeva dedi ki, xaricdən dərman gətirəndə gömrükdə icazə verilmir: “Hər kəsin pasportunda qeyd olunur ki, şəxs ildə neçə dəfə xaricə səfər edir. İki dəfə xaricə səfər edən şəxs bilinir ki, dərman alveri ilə məşğul deyil. Ona görə də bu problemlər aradan qaldırılmalıdır”.
Ə. Əmiraslanov deputat həmkarlarının dediklərinə cavab olaraq bildirdi ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır: “Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”