Beynəlxalq səviyyədə nüfuzu və çəkisi getdikcə artan, vacib platformaya çevrilən, sıraları davamlı olaraq genişlənən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə ətraflı danışıldı. Bütün bunlarla bərabər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-yenidənqurma işləri yüksək dəyərləndirildi.
Prezident İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda reallaşan forumun açılışındakı çıxışında iqtisadi məsələrə də toxunaraq adıçəkilən Mərkəzin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli hadisələrin baş verdiyini, Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığını, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğunu bildirdi.
Dövlətimizin başçısının səsləndirdiyi bu məqamla bağlı onu deyək ki, ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simsonun Bakıya səfəri çərçivəsində Avropa İttifaqının təmsilçiləri tərəfindən Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalanıb. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bunun üçün isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurəti meydana çıxıb. Bununla da, ölkəmiz həm öz “mavi yanacağ”ını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanıb. Eyni zamanda, bunun üçün Trans-Xəzər kəmərinin də tikintisinin zəruriliyi diqqətə çatdırılıb.
Yeri gəlmişkən, Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayıb. Bu fikrin təsdiqi olaraq xatırladaq ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə həmin rəqəm 11,3 milyard kubmetrə çatıb. Cari ildə isə ixrac qazının həcminin təxminən 11,6 milyard kubmetrə yüksələcəyi nəzərdə tutulub. Eyni zamanda, bu il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcminin 24 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılıb. Müqayisə üçün deyək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib.
Prezident İlham Əliyev çıxışında yuxarıda vurğulanan faktla bağlı hazırkı geosiyasi vəziyyəti diqqətə çatdıraraq Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara hər zaman birmənalı yardım edildiyini, belə bir dəstəyin bundan sonra da göstəriləcəyini, bu məqsədlə Azərbaycanın qaz yataqlarına sərmayələrin artırıldığını bildirib: “Biz qaz yataqlarımıza sərmayələrimizi artırmışıq. Hazırda isə görürük və nəinki görürük, biz hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik –TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Belə olmasaydı, biz sərmayə qoymazdıq...”.
Dövlətimizin başçısı nitqində, eyni zamanda, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət aldığını və hazırda həmin müraciətlərlə bağlı iş aparıldığını bildirib. Ölkə rəhbəri Avropa Komissiyasının dövlətimizin bu səyini yüksək dəyərləndirdiyini və respublikamızı etibarlı tərəfdaş adlandırdığını da forum iştirakçılarının diqqətinə çatdırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin X Qlobal Bakı Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol barədə söhbət gedərkən digər bir məqama da toxunulub. Bu, ötən ilin dekabrında Buxarestdə baş verən əlamətdar hadisə ilə bağlı olub. Belə ki, həmin vaxt Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalanıb. Həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkiləcəyi təsdiqlənib. Bu ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə gedəcəyi qərara alınıb. Bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinə başlanılıb.
Yeri gəlmişkən, indiki toplantıdan əvvəl keçirilən IX Qlobal Bakı Forumundan ötən müddətdə Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkəti ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində respublikamızda günəş və külək enerjisindən 25 qiqavat həcmində “yaşıl enerji” əldə olunacağı proqnozlaşdırılıb. “Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar”, –deyə Prezident İlham Əliyev bildirib.
Sonda qeyd edək ki, forumda nəqliyyat dəhlizləri ilə bağlı məsələ ətrafında da danışılıb. Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcminin 75 faizdən çox artdığı, bu göstəricinin getdikcə yüksələcəyi, belə bir uğuru isə ölkəmizin müasir daşımalar infrastrukturuna malik olması amilinin şərtləndirdiyi vurğulanıb.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert:
– Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik. Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın reallaşdırılması, texnologiyaların inkişafı və tətbiqinin təmin olunması, enerji istehsalı, saxlanması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması, qüvvədə olan tədarük müqavilələrinin gerçəkləşdirilməsi və əlverişli qiymətlərlə enerjiyə çıxışı aid edə bilərik.
Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna malik ölkələrdəndir. Ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndən götürüb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Rumıniyada “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayıb. İmzalanma mərasimində Prezident İlham Əliyev Azərbaycanın Avropaya digər enerji körpüsünü salmağa başladığını bildirib.
Dövlət başçısı həmin mərasimdə vurğulayıb ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Yeri gəlmişkən, hazırda Azərbaycanın bərpaolunan enerji potensialı –quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Respublikamızın strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da planlaşdırırlır.
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.
Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Bu amillər Azərbaycanın enerji ixracını genişləndirmək imkanlarını daha da artırır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Bu, eyni zamanda, beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatırılmasını nəzərdə tutan prioritet istiqamətdir. Beləliklə, enerji layihələri dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi dividend qazandıracaq.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


