Paşinyanın “kökdən düşmüş piano”sunda səslənən siyasi melodiya

post-img

Qarabağ münaqişəsini nizama salmaq üçün otuz ilə yaxın “fəaliyyət göstərmiş” və sonra isə heç nəyə nail ola bilməmiş, istismar müddəti başa çatmış alət kimi tarixin zibilliyinə atılmış ATƏT-in Minsk qrupunu diriltməyə mənasız cəhdlər edən İrəvanın özünü aldatmasına heyran qalmamaq mümkün deyil.

Ermənistan hökumətinə yaxınlığı ilə seçilən “armenpress” saytının məluma­tından:

“Baş nazir Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri (?) Luis Bononu qəbul edib. Baş nazir amerikalı həmsədrin diqqətinə martın 5-də Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda (?) törətdiyi diversi­ya basqınını çatdırıb. N.Paşinyan daha sonra bildirib ki, Azərbaycan, bir tərəf­dən Dağlıq Qarabağın təmsilçiləri ilə di­aloqa hazır olduğunu bəyan edir, digər tərəfdən isə terror hərəkətləri (?) hə­yata keçirir. Nəticədə Dağlıq Qarabağ “Daxili İşlər Nazirliyi”nin pasport-viza şöbəsinin (?) üç əməkdaşı həlak olub. 

Həmsöhbətlər Laçın dəhlizinin bloklanmasından (?) sonra Dağlıq Qa­rabağda yaranmış humanitar böhrana (?) da toxunublar. Baş nazir Paşinyan BMT-nin Beynəlxalq Ədalət Məhkəmə­sinin dəhlizin açılması ilə bağlı qərarı­nın Azərbaycan tərəfindən təcili surət­də yerinə yetirilməsinin zəruriliyini qeyd edib”. 

Erməni saytının yalan, təhrif və saxtakarlığa söykənən məlumatında qarşısına sual işarəsi qoyduğumuz məqamların geniş şərhinə ehtiyac du­yulmasa da, əsas nüansa toxunmaya bilmərik. Söhbət bizim üçün keçmiş zamanda qalmış ATƏT-in Minsk qrupu adlı qurumdan gedir. Bu cür periferiya zehni ilə hərəkət edən Paşinyanın ölü mövzunu siyasi şouya çevirməklə nəyə nail olmağa çalışdığı məlumdur. Amma onun bu yersiz cəhdləri qatara gecik­miş sərnişinin onun arxsasınca qaçma­sına bənzəyir. 

* * * 

Qarabağ münaqişəsinin indiki, so­nuncu həll mərhələsində tərəflərin eti­mad göstərdiyi hansı xarici vasitəçidən danışmaq məntidə uyğundur? Axı, həm Azərbaycanın xidmətindən imtina etdiyi Fransa, həm də sülh danışıqlarında iş­tirakını sadəcə sözdə nümayiş etdirən, mövcud duruma müdaxiləyə həvəs göstərməyən, ikitərəfli dialoq yolunun vacibliyini önə çəkən ABŞ real vasitəçi missiyasından xeyli uzaqlaşıblar. Artıq Minsk qrupunun həmsədri kimi deyil, bölgəyə yeridilmiş sülhyaradıcı hərbi kontingentin təşəbbüskarı kimi ortada qalan yeganə müstəqil vasitəçi Rusi­yadır. Moskvanın isə Cənubi Qafqazda yaranmış indiki geosiyasi vəziyyətdə münaqişə tərəflərinin deyil, yalnız özü­nün daxili maraqlarına oynadığı hamı­ya bəllidir. Bu mənada sabiq üçüncü həmsədri də obyektiv barışdırıcı hesab etmək olmaz. 

* * * 

Şərq incə məsələdir, – deyirlər və bunu bölgənin timsalında götürsək, indiki mərhələdə diplomatiyanın önə­minin birə-beş artdığını söyləyə bilərik. Azərbaycan şəffaf və ədalətli oyunçu olduğunu dəfələrlə sübut edib. Məhz bu səbəbdən də rəqibini yanlış və özünə ziyan gətirən gedişlərə məcbur etməyi bacarıb. Nəyi və nə vaxt edə­cəyini müəyyənləşdirə bilməyən siyasi liderin səhvlərinin fəsadlarını isə onun xalqı yaşamalı olur. 

İrəvanın sülhə köklənməyən həm­sədr, vasitəçi, barışdırıcı axtarışlarının heç bir fayda verməyəcəyi özünə də gün kimi aydındır. Əslində, düşdüyü indiki çıxılmaz durumunda Ermənistan rəhbərliyinə ən doğru sözü Azərbaycan Prezidenti İlham Əliyev X Qlobal Bakı Forumunda çıxışında söylədi:

“Vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı öz şansını itirməmək üçün yola gətirmə­lidirlər. Çünki onlar müstəqil dövlət ol­maq fürsətini əldən verib, başqa ölkələ­rin müstəmləkəsinə çevrilib və müstəqil olmaq, gələcəyini qurmaq şansını əl­dən buraxıblar”. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət