“Düşmənimin dostu” mənim də dostumdurmu?

post-img

Bakının İrəvanla sülh sazişi imzalamaq, Cənubi Qafqazda təhlükəsizliyə nail olmaq istiqamətində səylərini davam etdirdiyi bir vaxtda, Ermənistan-Hindistan hərbi əməkdaşlığı sürətlə genişlənməkdədir. Ermənistan bu dəfə Hindistandan 155 mm-lik “MArG” özüyeriyən haubitsaları almağa hazırlaşır. Artıq erməni hərbçilərinin 40 gün müddətində bu haubitsalarla təlim keçdiyi bildirilir. Erməni mediasının məlumatına görə, İrəvan ümumilikdə Hindistandan 70 -100 ədəd 155 mm-lik “MArG” almağı planlaşdırır. Satın alınacaq silah-sursatın, hərbi texnikanın ümumi dəyəri yarım milyard dollardır. Yəni, Ermənistan maksimum silahlanmaqda, Hindistan isə İrəvanın bu marağını cani-dildən təmin etməkdə maraqlıdır.

İrəvan boş büdcə ilə milyonluq silahları necə alır?

Şübhəsiz, indiki məqamda Ermənis­tanın Hindistandan müasir hərbi texnika almaq siyasəti onun məkrli niyyətindən xəbər verir. İki ildən çoxdur müxtəlif bə­hanələrlə sülh sazişini imzalamaqdan boyun qaçıran İrəvan Hindistan, Fransa, İran və digər ermənipərəst dövlətlərin dəstəyi ilə hərbi cəhətdən güclənməyə cəhd edir. Xüsusilə də, Hindistandan ala­cağı reaktiv raket sistemləri, tank əley­hinə qurğular 44 günlük müharibədə hər­bi potensialının 80 faizdən çoxunu itirən ölkə üçün həyati əhəmiyyətə malikdir. 

Ağır iqtisadi-sosial problemlər için­də çırpınan İrəvanın büdcədəki son qəpik-quruşunu silahlanmaya sərf et­məsi, Ermənistanın yeni müharibəyə ha­zırlaşmasından xəbər verir. Postmüharibə dönəminin gətirdiyi yeni reallığı hec cür qəbul etməyən Ermənistanın bu müddət­dən silahlanmaq üçün istifadə etdiyi göz önündədir. Məqsəd yenidən güc və müttə­fiqlər toplayaraq, Azərbaycana qarşı işğal­çılıq siyasətini davam etdirməkdir.

Dehli-İrəvan əməkdaşlığında diqqət çəkən digər bir məqam Hindistanın Er­mənistanla hərbi əlaqələrin inkişafına xüsusi diqqət yetirməsidir. İqtisadi duru­mu o qədər də parlaq olmasa da, nəhəng hərbi sənaye sisteminə malik, dünya silah bazarındakı mövqeyini hər ötən il yaxşılaşdıran Hindistanın Ermənistan kimi kasıb, cırtdan ölkəyə belə maraq göstərməsi ilk baxışdan qəribə görünür. Aydındır ki, öz ordusunun ərzaq və pal­tar təchizat kimi elementar ehtiyaclarını təmin edə bilməyən Ermənistanın alaca­ğı hərbi texnika qarşılığında Hindistana böyük vəsaitlər ödəməsi mümkün deyil. Başqa sözlə desək, Ermənistan istəsə belə, Hindistana ciddi qazanc verə bil­məz. Bu isə onu deməyə əsas verir ki, Hindistan-Ermənistan hərbi əməkdaşlığı­nın arxasında siyasi amillər dayanır.

Dehli Pakistana görə Azərbaycanı cəzalandırmağa çalışır

Hindistanın postmüharibə dövründə Ermənistana hərbi dəstəyi artırması həm də Azərbaycanın Pakistan xalqına verdi­yi dəstəklə bağlıdır. Kəşmir probleminə görə uzun illərdir Hindistanla ciddi gər­ginlik yaşayan Pakistana Azərbaycanın verdiyi birmənalı dəstək rəsmi Dehlinin ciddi narazılığına səbəb olub. Ədalət amili Azərbaycana haqlı mübarizəsində Pakistanı dəstəkləməyi diqtə edir. Elə bu mövqeyinə görə də Hindistan terror döv­ləti olan Ermənistanı silahlandırmaqla bir növ Azərbaycanı cəzalandırmağa, ona təzyiq göstərməyə çalışır. Şübhəsiz, Hin­distanın bu cür təxribatçı addımları Azər­baycanın xarici siyasət kursuna hansısa formada təsir göstərməsi mümkünsüz­dür. Aydındır ki, Azərbaycan, hər zaman olduğu kimi, bundan sonra da dost Pa­kistan dövlətinin ədalətli mövqeyini mü­dafiədən imtina etməyəcək. 

Bununla yanaşı, Hindistanın Azər­baycana bağlı təxribatçı mövqeyi rəsmi Bakını Dehli ilə münasibətlərinə yenidən baxmağa məcbur edir. Azərbaycan Hin­distan hakimiyyətinin terrorçu Ermənis­tanla əməkdaşlığının regionun xalqları və dövlətlər üçün ciddi təhdidə çevrildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdır­malı, dünya birliyini rəsmi Dehlinin təxri­batçı siyasətinə qarşı qaldırmalıdır. 

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət