Laçın–Xankəndi yolunda təşkil olunan dinc ekoaksiya 91 gündür davam edir. Aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qruplar əraziyə gəliblər. Onlar da Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və digər şüarlar səsləndirirlər.
Həmişə olduğu kimi, Laçın–Xankəndi yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus humanitar təyinatlı avtomobillərin sərbəst hərəkətinə şərait yaradılıb. Gün ərzində Şuşa ərazisindən, ümumilikdə, 100-ə yaxın avtomobilin keçidi təmin edilib. Avtomobillərdə humanitar yüklərlə yanaşı, ermənilər də olub. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi ona sübutdur ki, yolda “blokada”dan söhbət gedə bilməz.
Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə deyib ki, ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni silahlı birləşmələri üçün hərbi daşımalar və canlı qüvvənin rotasiyasını həyata keçirməsi yolverilməzdir. Düzdür, ermənilər hazırda Laçın–Xankəndi yolu vasitəsilə hərbi təyinatlı yüklər, separatçılar daşımasalar da, Xankəndi–Xəlfəli–Turşsu torpaq yolu ilə qanunsuz istifadə cəhdləri var.
Dünyanın bir sıra ölkələrinin aparıcı mətbuat orqanları azərbaycanlı ekofəalların Laçın–Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazırlar. Məqalələrdə qeyd olunur ki, azərbaycanlı ekofəalların keçirdiyi aksiya beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının separatçılar tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəldir. Bildirilir ki, üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyirlər. Ancaq bəzi ermənipərəst media qurumları Ermənistanın yalan məlumatlarını tirajlamaqla məşğuldurlar.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Laçın–Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Samir DÜBƏNDİ,
Azərbaycan Ekoturizm Assosiasiyası İdarə Heyətinin sədri:
– Azərbaycanın sərvətlərinin qanunsuz istismarının qarşısını almaq və təbii resurslara baxış keçirməyə imkan yaradılması məqsədilə ekokönüllülərin və aktivistlərin dinc etiraz aksiyalarının keçirilməsi davam edir. Etirazların bir sıra müsbət nəticələrini də görürük. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, o cümlədən digər vasitəçi və müşahidəçilər bilməlidirlər ki, Azərbaycanın təbii sərvətləri yalnız özünə məxsusdur, ondan istifadə etmək hüququ da yalnız dövlətimizin yurisdiksiyasındadır.
Aksiya Azərbaycanın yüksək ekoloji mədəniyyət, o cümlədən davamlı inkişaf prinsiplərinə nə qədər sadiq olmasının bariz nümunəsidir. Təbii sərvətlərdən səmərəli istifadə edərək, biz yalnız bu yolla davamlı inkişafa nail ola bilərik. Bu, yalnız bizim ölkədə deyil, bütün dünyada belədir.
Ekoloji mədəniyyətin yüksək inkişafına nail olmaq və güclü iqtisadiyyat və sağlam cəmiyyət qurmaq istəyində olan ölkələr təbii ehtiyatlardan səmərəli istifadə edərək, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, alternativ enerji strategiyaları kimi turizm fəaliyyətlərinin inkişafına xüsusi diqqət yetirirlər. Azərbaycan höküməti də bütün bu sahələr üzrə Prezident İlham Əliyevin tapşırıqları əsasında ardıcıl inkişaf layihələri həyata keçirməkdədir.
Düşünürəm ki, biz tezliklə Qarabağda ekoloji nizamlama işləri aparıb təbii və antropogen resursları qiymətləndirdikdən sonra bu səfalı və zəngin ərazilərin təbii ehtiyatlarından səmərəli istifadə edərək ekoloji turizm potensialını işə salacağıq. Ona görə də, təbii sərvətlərimizin qanunsuz istismarını pisləyir və bu işi görənləri qətiyyətlə qınayırıq. İnanırıq ki, tezliklə məqsədlərimizə tam şəkildə nail olacağıq.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”


