ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kvin Laçın–Xankəndi yolunun başlanğıcında olub. Bununla bağlı səfirliyin yaydığı rəsmi məlumatda Laçın–Xankəndi yolu “Laçın dəhlizi” adlandırılır. Həmçinin yolun 3 aya yaxındır nəqliyyatın hərəkəti üçün bağlı olduğu qeyd edilir.
“Səfir Kristina Kvin ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Laçın dəhlizinin dərhal yenidən açılması ilə bağlı çağırışını təkrarlayıb. Sünik qubernatoru Robert Qukasyan səfirə Laçın dəhlizinin blokadasının nəticələrini və bunun yüzlərlə erməni ailəsinə təsirini təqdim edib”, – ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatında deyilir.
Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin münasibəti özünü çox gözlətməyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter”də Laçın yolunun normal nəqliyyat üçün hər zaman açıq olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələni edir: “Şəffaflıq və təhlükəsizlik üçün sərhəd-keçid məntəqəsinin yaradılması mütləqdir”.
ABŞ-ın İrəvandakı səfirinin ermənipərəst mövqeyi, eləcə də səfirliyin məlumatındakı yanlış məqamlar ona bizim də reaksiya verməyimizi zəruri edir.
Birincisi, Azərbaycan ərazisində hər hansı “Laçın dəhlizi” yoxdur. Bu, ölkənin iki inzibati-ərazi vahidini – Xankəndi və Laçını birləşdirən Xankəndi-Laçın yoludur. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər bu yol vasitəsilə Ermənistanla əlaqə saxlaya bilirlər. Buna heç kim etiraz etmir, ancaq bu yolun “dəhliz” adlandırılması, ona hansısa əlahiddə status verilməsi qəbuledilməzdir. Bu fakt da maraqlıdır ki, Zəngəzur dəhlizini açmaqdan israrla yayınan, “hər cür dəhliz məntiqi istisna olunur” deyən rəsmi İrəvan Laçın-Xankəndi yolunu “dəhliz” adlandırır. Baxmayaraq ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin bərpa olunmasına dair 10 noyabr 2020-ci ildə öz üzərinə yazılı öhdəlik götürüb. Ancaq bu öhdəlik indiyədək yerinə yetirilməmiş qalır.
İkincisi, Laçın-Xankəndi yolunun bağlı olduğunu iddia etmək açıq-aşkar yalan danışmaqdır. Fakt budur ki, yol humanitar yüklərin daşınması, insanların gediş-gəlişi üçün hər iki tərəfdən açıqdır. Azərbaycan, sadəcə olaraq, bu yolla hərbi təyinatlı yüklərin daşınmasına qarşıdır. Rəsmi Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin tör-töküntülərinin ərazimizi tərk etməsini, şəxsi heyətin rotasiyasının həyata keçirilməməsini, habelə silah-sursatın daşınmasının qarşısının alınmasını istəyir. Artıq 91 gündür Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın məqsədi də budur.
Üçüncüsü, ABŞ Dövlət katibi Entoni Blinkenin Laçın yolunun dərhal açılmasına dair hansısa məchul çağırışından sitat gətirməkdənsə, K.Kvinin dünyanın superdövlətinin səfiri kimi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına dair çağırışlar etməsi daha yaxşı olardı. Səfirin bu mövqeyi regionda ABŞ-la çoxtərəfli əməkdaşlıq əlaqələri quran, rəsmi Vaşinqtonun müttəfiqi Azərbaycanın önəmini hər fürsətdə vurğulayan Dövlət Departamenti və Ağ evin mövqeyi ilə ziddiyyət təşkil edir. Maraqlıdır, səfirin söylədiyi bu fikirlər nəyə əsaslanır? Axı bu mövqe rəsmi Vaşinqtonun mövqeyi ilə üst-üstə düşmür. Bəlkə də daban-dabana ziddir.
Dördüncüsü, xanım səfirə xatırlatmaq istərdik ki, dipmissiyanın açıqlamasında “Sünik” adlandırılan ərazinin tarixi adı Zəngəzurdur. O Zəngəzur ki, onu bolşeviklər 1920-ci ildə Azərbaycandan qopararaq, Ermənistana birləşdiriblər. Bu gün Zəngəzur ABŞ-ın əsas rəqiblərindən olan İranın varlığını getdikcə artırdığı bölgədir. Elə bunu xatırlatmaq kifayətdir ki, İran ötən ilin oktyabrında Zəngəzurun inzibati mərkəzi olan Qafanda baş konsulluq açıb. ABŞ səfirinin bu kimi məsələlərə daha dərindən diqqət yetirməsi, zənnimizcə, onun öz ölkəsinin maraqları baxımından daha faydalı olardı.
S.HƏMİD, “Xalq qəzeti”

