Dünyanın nəbzi 3 gün Bakıda vurdu

post-img

Azərbaycan paytaxtı növbəti dəfə qlobal miqyaslı tədbirə evsahibliyi etdi. Martın 9-da Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə başlanan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işini uğurla yekunlaşdırdı.

İştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialına görə, Qlobal Bakı Forumu artıq beynəlxalq müzakirə plat­forması kimi tanınır və qəbul edilir. Fo­rumda dünyanı narahat edən ən müxtəlif məsələlər müzakirə olundu, onların həlli ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar ünvanlandı. Budəfəki forum da bu baxım­dan istisna olmadı. Forumun sonuncu günü bir sıra maraqlı müzakirələrlə yadda qaldı.

***

Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciyanın moderatorlu­ğu ilə keçirilən “Avropa İttifaqı konteks­tində Qərbi Balkan regionu” mövzusuna həsr olunan tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Qərbi Balkan regionunun Avropa İtti­faqı (Aİ) kontekstində rolunu qeyd edən Zlatko Laqumciya tərəflər arasında əlaqələrin daha da gücləndirilməsinin va­cibliyini vurğulayıb və inteqrasiyanın önə­mini qeyd edib. Bildirib ki, bu mövzu bizi narahat edən məsələlərdəndir və onun məhz Qlobal Bakı Forumunda müzakirə edilməsini qərara aldıq.

Cənub-Şərqi Avropanın dəyişdiyini bildirən moderator Balkan regionunun Qərbi Avropa tərəfindən dəstəkləndiyini qeyd edib və Balkan ölkələrinin tezliklə Aİ-yə inteqrasiya ediləcəyinə ümid bəslə­diyini bildirib.

Çexiyanın sabiq baş naziri Yan Fişer çıxışında Bakıda olmaqdan və Qlobal Forumda iştirak etməkdən çox məmnun olduğunu bildirib. Qeyd edib ki, forum­da dünyamızı maraqlandıran və narahat edən məsələlər müzakirə olunur.

Yan Fişer bildirib ki, zaman sürətlə ke­çir və biz vaxtdan səmərəli istifadə etmə­liyik. O, daha sonra Qərbi Balkan ölkələ­rinin Avropaya inteqrasiyasından danışıb: “Adama elə gəlir ki, bu proses gedir və ümid edirəm, biz bunu tezliklə görəcə­yik. Üç əsas məsələyə diqqəti yönəltmək istəyirəm. Bunlar cari vəziyyət, Avropa İt­tifaqı ilə Qərbi Balkan ölkələri arasındakı indiyədək olan inkişaf və ümumi siyasi ic­manın yaradılması məsələsidir”.

Rusiya–Ukrayna müharibəsindən da­nışan Yan Fişer bunun ağır fəsadlarını qeyd edib və sülhün, sabitliyin təmin olun­masının vacib olduğunu bildirib. Onun sözlərinə görə, Aİ-nin dünya səhnəsində böyük oyunçu olması üçün bir çox amillər lazımdır.

Aİ və Qərbi Balkan ölkələri arasın­da əməkdaşlıq əlaqələri var, amma bu əlaqələri genişləndirmək lazımdır. Qərbi Balkan ölkələrinin idxalının üçdə iki his­səsinin Avropa İttifaqının payına düşdü­yünü diqqətə çatdıran natiq əməkdaşlığın inkişafında bazar iqtisadiyyatının rolunu vurğulayıb: “Biz əməkdaşlığın inkişafı və inteqrasiya üçün lazımi mexanizmlər hazırlamalı və siyasi iradə nümayiş et­dirməliyik. Bu məsələnin geosiyasi əhə­miyyəti var. Ümid edirəm ki, Qərbi Balkan ölkələrinin nümayəndələri tezliklə Avropa İttifaqının rəsmiləri ilə bir masada əyləşə biləcəklər”.

Eyni panel müzakirəsində çıxış edən Xorvatiyanın sabiq (2015-2020) preziden­ti Kolinda Qrabar-Kitaroviç Qərbi Balkan regionu, Aİ və NATO-nun gələcəyinin ikitərəfli münasibətlərdə yaranan prob­lemlərin həllindən asılı olduğunu bildirib. Qeyd edib ki, Qərbi Balkan regionu Aİ-nin bir parçasıdır.

Sabiq prezident vurğulayıb ki, Aİ qlo­bal miqyasda ölkələri sülh yolu ilə bir­ləşdirməlidir: “Hazırda Ukraynada gedən müharibə Avropa İttifaqında təhlükəsizliyi və sabitliyi çox həssas bir məsələyə çevi­rib, digər ölkələrin Aİ-yə qoşulmaq istək­lərinə təhlükə yaradıb. İnsanlar prosesləri dəstəkləməli, seçkilər yolu ilə gələcəkləri­ni müəyyən etməlidirlər. Xorvatiyaya qon­şu ölkələrdə lazım olan meyarların uy­ğunlaşdırılması prosesində dövlətlər arasında birgə əməkdaşlıq vacibdir”.

Bolqarıstanın sabiq prezidenti Pe­tar Stoyanov çıxışında bildirib ki, Qərbi Balkan regionunun Aİ-yə inteqrasiyası məsələsi artıq uzun müddətdir gündəlik­dədir. O, Aİ ilə Ukrayna arasında üzvlüklə bağlı prosesə də toxunub. Sabiq prezi­dent deyib ki, Avropa Komissiyası Ukray­nanın üzvlük prosesini təqdir edir, ciddi irəliləyişin olduğunu vurğulayır, ancaq Avropa Komissiyasının prezidenti üzvlük kriteriyalarını unudur.

“Ukrayna müharibə edən bir ölkənin üzvlüyünün müzakirə olunmasına dair Aİ tarixində ilk hal olacaq. Qərbi Balkanlar­da həm siyasətçilər, həm də cəmiyyətlər buna hazır olduqlarını bildirsələr də irə­liləyiş yoxdur”, – deyə Petar Stoyanov vurğulayıb.

O əlavə edib ki, Qərbi Balkan regio­nunda regional əlaqələrin dərinləşməsi bu ölkələrin Aİ-yə inteqrasiyasına təkan verə bilər: “Ancaq biz etiraf etməliyik ki, Aİ-nin inteqrasiya səyləri son onillikdə heç bir nəticə verməyib. Ukrayna müha­ribəsi göstərdi ki, Avropa necə həssasdır, eyni zamanda, göstərdi ki, genişlənmə prosesi üçün texniki kriteriyalar bəzən gö­zardı edilə bilir”.

Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, onun bey­nəlxalq problemlərin müzakirəsi üçün mühüm platforma olduğunu deyib. Aİ və Qərbi Balkan regionu arasında mövcud münasibətlərdən danışan sabiq prezident dəyərlərdən bəhs edərkən bildirib: “Ən böyük münaqişələr 1990-cı illərdə Bosni­ya və Herseqovinada baş verib. Bizim və­zifəmiz təcrübədən faydalanmaqdır. Tarix və zaman dəyişir, təbii olaraq, dövlətlərin, ölkələrin baxışları da dəyişir. İnteqrasiya olmadan Avropada sabitlikdən danışmaq mümkün deyil. Açar söz həmrəylikdir. Biz birlik göstərməli və ortaq məxrəcə gəlmə­liyik”.

X Qlobal Bakı Forumu aktual məsələlərin müzakirə edildiyi platforma­dır. Bunu jurnalistlərə açıqlamasında Monteneqronun sabiq müdafiə naziri Mi­litsa Peyanoviç-Durişiç deyib.

O bildirib ki, sessiyalardan birinin Qərbi Balkan regionu mövzusuna həsr olunmasından razı qalıb. “Bu, vacib möv­zudur, çünki bu regionda bir çox çağırışlar var. Biz region ölkələrinin Avropaya in­teqrasiyasından danışdıq. Bu məsələnin geosiyasi və geostrateji aspekti var”, – deyə sabiq nazir bildirib.

***

Forumun sonuncu günü keçirilən mü­zakirələrdən biri də Yaxın Şərqdəki vəziy­yətlə bağlı olub. “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışında” möv­zusunda panel müzakirədə çıxış edən Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədri Şahzadə Turki al-Faysal al-Səud qlobal ictimaiyyə­tin Yaxın Şərqdəki böhranlara da bərabər diqqət yetirməli olduğunu vurğulayıb. O deyib ki, bu gün dünya Ukraynadakı və­ziyyətə fokuslanıb, çünki böhran indi baş verir, ancaq Yaxın Şərqdə böhran uzun müddətdir davam edir: “Bu böhranlar bə­rabər diqqət tələb edir”.

Çıxış edən Ərəb Dövlətləri Liqasının keçmiş sədri, Misirin sabiq xarici işlər na­ziri Əmr Musa deyib ki, regiondakı bütün münaqişələrin bitməsi onların da mara­ğındadır: “Biz Yaxın Şərqi nüvə silahın­dan və digər dağıdıcı silahlardan azad region kimi görmək istəyirik. Əgər bir ölkə nüvə silahına sahib olmağa çalışırsa, ona təzyiq göstərmək və artıq nüvə silahına sahib olan ölkəyə təzyiq göstərməmək mənə məntiqsiz gəlir”.

Əmr Musa vurğulayıb ki, sülh, tərəf­lərin bir birinin hüquqlarını tanımasına əsaslanır: “Ancaq insanlar qətlə yetirilir, evlərindən çıxarılırsa sülhə necə nail ol­maq olar?!”

İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu deyib ki, Yaxın Şərq xalqları eyni dəyərləri bölüş­düyü kimi, həm də çətinlikləri, problemlə­ri, pessimizmi bölüşür: “Bu region iqtisadi böhranlardan, qeyri-sabitlikdən, toqquş­malardan əziyyət çəkir”.

Onun sözlərinə görə, əgər bu regio­nun xalqları hazırkı böhrandan çıxmaq yolları barədə düşünməsə, bunun üçün birlikdə çalışmasa nəticə də olmayacaq: “Regiondakı qonşuların sülh içində yaşa­ması o demək deyil ki, bu qonşu ölkələr bir-birini sevir, bu, o deməkdir ki onlar sadəcə bir-birinə tolerantlıq göstərə, sülh içində birgə yaşaya bilirlər”.

Beləliklə, yetərincə önəmli və planetin sakinlərini düşündürən qaynar məsələlərə toxunulan X Qlobal Bakı Forumu başa çatdı. Forumu yüksək səviyyədə təşkil etməklə Bakı növbəti dəfə dünyanı na­rahat edən bir sıra problemlərin həllində bundan sonra da önəmli rol oynayacağı­nı ortaya qoydu. Qlobal Bakı Forumunun budəfəki Zirvə görüşündə səslənən ça­ğırışlar, edilən müraciətlər onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq miq­yaslı bir çox problemlərin həll edilməsində də söz sahibidir. X Qlobal Bakı Forumu bunu növbəti dəfə təsdiqləmiş oldu.

 

H.SƏXAVƏT, “Xalq qəzeti”

Siyasət