Qlobal ədalətə Azərbaycandan çağırış

post-img

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkil etdiyi Qlobal Bakı forumları artıq xoş ənənəyə çevrilməkdədir. Qətiyyətlə demək olar ki, bu ənənə Azərbaycanın beynəlxalq aləmə ünvanlanmış qlobal təqdimatıdır – sülhün, humanizmin, insanpərvərliyin, inkişafın, tərəqqinin təqdimatı. Bu təqdimatda keçmişə dərin ehtiram, gələcək üçün böyük ümid və ruh yüksəkliyi var. 

Bəli, dünyanın son dərəcə çətin transformasiyalar dövrünü yaşadığı, qloballaşmanın ayrı-ayrı cəmiyyətlərin ahənginə təsir göstərdiyi hazırkı dünya düzənində belə bir ali missiya daşıyan forumun keçirilməsi, orada sabitlik və əminamanlıq çağırışlarının səslənməsi Prezident İlham Əliyevin də bildirdiyi kimi, bütövlükdə, bəşəriyyətin gündəli­yini təşkil etməkdədir. 

***

Azərbaycanın dövlət başçısı mötə­bər toplantıdakı çıxışında özünün son bir neçə ayda iştirak etdiyi Davos İqtisa­di Forumu, Münxen Təhlükəsizlik Kon­fransı kimi nəhəng diskussiya platfor­malarının adını çəkməklə, Qlobal Bakı Forumunun onlara bərabər miqyasını da vurğulamış oldu. Prezident tədbirin iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı bey­nəlxalq konfranslara uyğunluğunu da məhz buna görə vurğuladı.

X Qlobal Bakı Forumuna 60-dan çox ölkədən 350-dən artıq iştirakçı qatıldı. Bu rəqəmlər toplantının area­lının kifayət qədər genişliyindən xəbər verməkdədir. Orada müzakirə olunan məsələlərə gəlincə, əminliklə bildirmək mümkündür ki, forum dünya ictimaiyyə­tinə mesaj baxımından istər Davos İq­tisadi Forumundan, istərsə də Münxen Təhlükəsizlik Konfransından heç nə ilə fərqlənmirdi. Bu iki platforma kimi, o da beynəlxalq münasibətlər üzrə yeni yanaşmaların tətbiqini stimullaşdırma, mövcud istiqamətdə dəyərli tövsiyələrin səslənmə meydanı idi. Sevindirici və qürurverici haldır ki, belə bir meydanın sahibi Azərbaycandır. 

***

Əlbəttə, meydanın dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi fəlsəfəsi­nin, yaradıcılığının bəşəri mahiyətinin təbliğini rəhbər tutmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən forma­laşdırılması da xüsusi vurğulanmalı məqamdır. Bəli, Azərbaycan Nizami fövqəltəbiiliyini, onun ruhunu bəşəriy­yətin ideya katalizatoru qismində təq­dim etməkdədir. Nizami irsinə sahiblən­məyin bundan gözəl nümunəsi yoxdur. Bu yerdə Azərbaycan Prezidentinin fo­rumdakı çıxışı zamanı dilə gətirdiyi və son dərəcə səmimi notlarla ifadə etdiyi fikirlərini xatırlayaq: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gən­cəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbay­canın qədim şəhərlərindən olan özü­nün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və isteda­dı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”. 

Təbii, Nizami müdrikliyi Azərbaycan xalqının müdrikliyinin təcəssümüdür. Müdrik xalq Bakı forumu vasitəsilə özü­nün dünyaya baxış bucağını göstərir. Beynəlxalq ictimaiyyət bu baxış buca­ğının zənginliyinə şahidlik edir. Möv­cud zənginlikdə ölkəmizin qlobal prob­lemlərə həssas yanaşması dayanır. Təsadüfi deyil ki, dövlətimizin başçısı COVID-19 pandemiyasından söz açır, insanlığı təhdid edən bəla ilə mübarizə­də Azərbaycanın rolunu qabardır. 

***

“Soyuq müharibə”nin bitməsindən sonra baş vermiş ən ciddi Şərq–Qərb qarşıdurmasının yaşandığını vurğula­yan Prezident İlham Əliyev özünün par­laq düşüncələri ilə yaranmış ziddiyyət­lər nəticəsində dünyadakı prinsiplərin sıradan çıxmağa doğru getməsindən, bir növ, həyəcan təbili çalınmasının zə­ruriliyini diqqətə çatdırır. Nədir həmin prinsiplər? Dövlətimizin başçısı onları da sadalayır: sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, ha­belə sərhədlərin toxunulmazlığı. 

Bəli, yeni dünyanın diktə etdiyi şərt­lər Birinci və İkinci dünya müharibələ­rindən sonra formalaşma və inkişaf dövrü keçmiş düzənin deqredasiyasını doğurmaqdadır. Mövcud proses isə özünün yanaşmaları ilə bir çox hallarda bəşəriyyətin yüz ildən artıq bir müddət­də keçdiyi inkişaf yolunu təhdid etmək­dədir. Sual yaranır: bəşəri prinsiplər zamanın amansız şərtlərinin qurbanı­na çevrilməlidir? Azərbaycan buna yol verməməyin tərəfdarıdır. Qlobal Bakı forumları əldə edilmişlərin itirilməsinin yolverilməzliyinin, necə deyərlər, böyük bəyan platforması kimi diqqət çəkmək­dədir. 

Əlbəttə, bu yanaşmaya zidd meyil­lər də gündəmə gətirilməlidir. Axı, qlo­bal təhdidlərə qarşı beynəlxalq ictimai müqavimətin, immunitetin formalaşdı­rılması şərtdir. Elə məhz buna görə də Azərbaycan Prezidenti forumdakı çıxı­şında nəzərləri dünyanın mühüm nöqtə­si sayılan Cənubi Qafqazda sülhə və əminamanlığa təhlükə yaradan aşkar meyilə – erməni separatizminə yönəl­dir. 

Dövlətimizin başçısının Azərbay­canla Ermənistan arasındakı gərginliyi vurğulayan fikirləri yalnız ölkəmizin üz­ləşdiyi çətinliyin ifadəsi deyil. Hazırda regionda baş verən proseslərin mürək­kəbliyini nəzərə alsaq, cənab İlham Əli­yevin Ermənistanın işğalçılığına diqqət çəkməsi, ümumən qəsbkarlıq niyyətlə­rinin həm bölgə, həm də bütövlükdə, dünya üçün təhdid mahiyyətinin bəyan edilməsidir. Onu da nəzərə alaq ki, Qa­rabağ məsələsinin özü ədalətsizliyin, beynəlxalq prinsip və normalara aşkar sayğısızlığın adiləşməsinin nəticəsi olaraq meydana çıxmış reallıqdır. Azər­baycan öz ərazilərinin işğalını, vətən­daşlarının məcburi köçkün həyatı yaşa­mağa məhkumluğunu doğurmuş həmin antibəşəri reallığı gücü, qətiyyəti və iradəsi ilə dəyişdirməyə müvəffəq oldu. 

Ölkəmiz bu gün də məhz ədalətin tam şəkildə təcəllisi naminə əzmlə ça­lışmaqdadır. Lakin dünya Azərbaycanın timsalında çox da uzaq olmayan keçmi­şin nəticələrini görməlidir. Bu səbəb­dəndir ki, Azərbaycan Prezidenti X Bakı Qlobal Forumundakı çıxışında bildirir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi­nin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbar­lıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olublar”.

***

Qırx dörd günlük müharibə zama­nı Azərbaycanın Ermənistandan fərq­li olaraq hərbi cinayətlər, soyqırımı törətmədiyini vurğulayan cənab İlham Əliyev, eyni zamanda, ölkəmizin Cə­nubi Qafqazda dayanıqlı sülhün carçısı olduğunu, sülhün prinsiplərinin Ermə­nistan tərəfindən dərkinin vacibliyini önə çəkir, iki ölkə arasında vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçıların İrəvanı şansı əldən buraxmamaq üçün dilə gətirəcəklərinə ümid bəslədiklərini diqqətə çatdırır. “Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı tə­cavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyən dövlətimizin başçısının fikirləri Ermənistana həm xə­bərdarlıqdır, həm də doğru yola çağırış nidasıdır. Elə buna görə də ölkəmizin lideri hazırda İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansının ya­randığını diqqətə çatdırmaqdadır: “Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edi­rik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənis­tan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

***

Bəli, X Bakı Forumu həm də dünya­nın Azərbaycan önəminin vurğulandığı platformadır. Söhbət enerji önəmindən gedir. Nəzərə alaq ki, Rusiya–Ukrayna müharibəsi məsələni xüsusilə aktual­laşdırmaqdadır. Bakı mövcud situasi­yadan yararlanmaqla, eyni zamanda, vacib enerji xabı kimi özünün təhlükə­sizlik prioritetini diktə edən tərəfə çev­rilməkdədir. Onu da nəzərə alaq ki, bu prioritet, həm də, Azərbaycanın gələcə­yi, dövlətçiliyimizin qlobal transforma­siyalar şəraitində ayaqda qalmasının təminatıdır. Diqqət yetirək, Azərbaycan Prezidenti bu təminatın statistikasını açıqlayır: “Bu, hazırkı geosiyasi vəziy­yəti nəzərə alaraq, Avropa istehlakçıla­rının təbii qaza çıxışının təmin edilmə­sində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Biz qaz yataqlarımıza sərmayələrimi­zi artırmışıq. Hazırda isə görürük və nəinki görürük, biz, hətta, ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissə­si 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik – TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlı­dır. Belə olmasaydı, biz sərmayə qoy­mazdıq. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan ar­tıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi de­yil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq”.

***

Dövlətimizin başçısının söylədikləri həm də IX Bakı Qlobal Forumundan ötən müddətdə Azərbaycanın inkişa­fının, belə demək mümkünsə, rəqəmli izahıdır. Bu izahat forumun müəyyən­ləşdirdiyi ideya və prinsiplərinin daya­nıqlılıq faktorudur. Başqa sözlə desək, ölkəmiz nə qədər inkişaf edəcəksə, dünya da onun inkişafından faydası­nı götürəcəkdir. Bu proses əvvəldə haqqında söz açdığımız bəşəri dəyər­lərə xidmət amalıdır, nəinki Azərbay­canın, bütövlükdə, bəşəriyyətin gələ­cəyinin təminatıdır. Prezident İlham Əliyev də elə bunu vurğulayır: Əminəm ki, proqrama daxil olan bu və ya digər mövzularla bağlı kifayət qədər maraqlı müzakirələr olacaq, hər zaman olduğu kimi, qonaqlarımız gələcəyimizi plan­laşdırmaq üçün dəyərli ideyalarını və tövsiyələrini verəcəklər. Habelə dünya liderləri üçün də yaxşı tövsiyələr ola­caq. Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə ver­məyə çalışacağıq”.

 

“Xalq qəzeti”nin analitik qrupu

Siyasət