Cari ilin yanvar–fevral aylarında Azərbaycanda 32 yaşayış məntəqəsi və yeni yaşayış massivi qazlaşdırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Həmin məntəqələrə təbii qaz verilişinin tam şəkildə təmin olunduğunu diqqətə çatdıran T.Cəfərovun dediyinə görə, hazırda 36 kənd və yeni yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. “Bu ilin ilk iki ayında 23 yaşayış massivi və kəndin qazlaşdırılma işləri tamamlanıb. Hazırda onların istismara qəbul prosesi gedir və qazın verilməsi ərəfəsindədirlər. Hesabat dövründə qeyri-yaşayış və əhali olmaqla 12,5 min yeni abonent qeydiyyata alınıb. Bununla da, “Azəriqaz” abunəçilərinin sayı 2,5 milyon nəfəri ötüb”,– deyə T.Cəfərov əlavə edib.
2023-cü ildə 150-yə yaxın yaşayış məntəqəsinə qaz veriləcəyini diqqətə çatdıran şöbə rəisi, həmçinin qeyd edib ki, bu zaman əsas diqqət Bakıda və regionlarda vaxtilə qazlaşdırılan, amma sonradan dinamik və sürətli şəkildə genişlənən yaşayış massivlərinə yönəldiləcək.
“Xalq qəzeti”

