Orta Dəhliz – ortaq maraqlar

post-img

Son illər dünyada baş verən geosiyasi gərginliklər fonunda yeni qlobal çağırışlar meydana çıxır. Bu da regional və beynəlxalq sahələrdə yeni əməkdaşlıq formatının yaranmasına səbəb olur. Ölkələrin yerləşdiyi üstün geosiyasi mövqe bir sıra sahələrdə uğurlu əməkdaşlığa imkan verir. Qitələri, ölkələri birləşdirən beynəlxalq enerji və nəqliyyat dəhlizləri isə, öz növbəsində, səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əla fürsət sayılır. 

Yeni dünya düzəninin diqtə etdiyi müasir çağırışlar şəraitində böyük coğrafiyanı əhatə edən Avrasiya re­gionunda nəqliyyat-logistika sahəsi xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bir il əvvəl başlanmış və sonu bilinməyən Rusiya–Ukray­na müharibəsi Avrasiya materikin­də vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, bu məkandan keçən bey­nəlxalq marşrutlar üçün də ciddi təhdidlər yaradıb. Təhlükəsizlik sə­bəbindən Rusiya və Ukrayna ərazi­sindən keçən bir sıra mühüm nəqliy­yat dəhlizlərinə maraq xeyli azalıb. Belə bir şəraitdə Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin cəlbediciliyi artıb.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəb­büsü ilə yaradılıb. Sonrakı illərdə la­yihə Ukrayna, Rumıniya və Polşanın hesabına genişlənib. Ümumilikdə, bu dəhliz hazırda özündə 9 ölkəni birləşdirir. Dəhlizin nəqliyyat imkan­larından isə 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Həmin coğrafiyada isə 4,5 milyard nəfər yaşayır. Bu baxımdan nəqliy­yat dəhlizi həm iştirakçı ölkələr, həm də digər dövlətlər üçün əhəmiyyət­lidir. 

Hazırda Orta Dəhliz Çin–Qa­zaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qə­dər geniş bir ərazini əhatə edir. Av­ropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələ­rinə və əks istiqamətdə yükdaşıma­ların həyata keçirilməsinə xidmət göstərir. Bu dəhliz üzrə hərəkət edən qatarlar yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çat­dırır. Müqayisə üçün deyək ki, Çin­dən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə Türkiyədən keç­məklə 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməli olur. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli ol­duğunu təsdiqləyir. Yeri gəlmişkən, Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu və ya digər amillərin, eləcə də dəh­lizin keçdiyi ölkələrdə təhlükəsizli­yin təmin olunmasının nəticəsidir ki, həmin marşrutdan yararlanmaq istəyən şirkətlərin sayı getdikcə ar­tır. Bu da dəhliz vasitəsilə yük daşı­malarının həcminin ilbəil artmasına səbəb olur. 

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında Azərbaycanın müstəs­na rolu var. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azər­baycanın geosiyasi mövqeyi bütün sahələrdə, o cümlədən beynəlxalq yükdaşımalarda əməkdaşlığın inki­şaf etdirilməsinə imkan yaradır. 

Şərq-Qərb və Şimal-Cənub is­tiqamətlərində nəqliyyat yollarının kəsişdiyi məkanda yerləşən ölkə­mizin tranzit imkanları olduqca yük­səkdir. Ən əsası isə, hazırda Azər­baycanda ən müasir Dəniz Ticarəti Limanı, beynəlxalq aeroportlar, dün­ya standartlarına cavab verən yol infrastrukturu mövcuddur ki, bu da yüklərin təhlükəsiz və sürətli daşın­ması üçün olduqca əlverişlidir. Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliy­yətinin artırılması kimi tədbirlər də məhz Orta Dəhlizin inkişaf etdirilmə­sinə xidmət edir. 

Torpaqlarımızın işğaldan azad olunması Ermənistanın uzun illər blokadada saxladığı Naxçıvan Mux­tar Respublikası ilə birbaşa nəqliyyat əlaqəsinin təmin olunmasına imkan yaradır. Bu isə artıq tarixi zərurətə çevrilən Zəngəzur dəhlizi vasitəsilə mümkün olacaq. Zəngəzur dəhlizi blokadanı yarmaqla yanaşı, Orta Dəhlizin mühüm seqmenti kimi Tür­kiyəyə, oradan da Avropaya çıxışı xeyli asanlaşdıracaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəh­lizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitə­silə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək. 

 

 

Təbriz YADİGAROV, 

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun elmi işçisi, dosent

 

Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və kommunika­siya əlaqələrini əhatə edən bey­nəlxalq marşrut kimi mühüm iqtisa­di əhəmiyyət kəsb edir. Bu dəhliz ənənəvi nəqliyyat marşrutları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, adıçəkilən dəhliz Trans-Sibir dəmir yolu ilə müqa­yisədə 2 min kilometr qısadır. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşrutla Çindən Avropaya malları üç dəfə daha tez, cəmi 15 gün ərzində çatdırmaq mümkün­dür. Onu da qeyd edək ki, 2015-ci ildə Qərbi Çindən ilk konteyner qa­tarı altı günə Qazaxıstan və Xəzər dənizindən keçərək Bakıya gəlib. 

Bu dəhliz iştirakçı ölkələrə liman infrastrukturları hesabına Şərqi və Cənub-Şərqi Asiyadan malları asanlıqla Yaxın Şərqə, Şi­mali Afrikaya və Aralıq dənizinə daşımağa imkan verir. Orta Dəhliz Əfqanıstan və Tacikistan üçün də yeni nəqliyyat imkanları yarada­caq. Bu dəhliz Əfqanıstanı Türkiyə ilə birləşdirən beynəlxalq tranzit marşrutu hesabına həmin ölkələ­rin də öz mallarını Asiyanın bütün istiqamətlərinə asanlıqla daşımaq üçün əlverişlidir.

Yeri gəlmişkən, son zamanlar Rusiya–Ukrayna müharibəsinin Qara dənizin Ukrayna sahillərin­dəki limanlarda yaratdığı təhlükə bu infrastrukturların fəaliyyəti üçün ciddi təhlükə yaradıb. Bu da Orta Dəhlizin cəlbediciliyini getdikcə artırır. Azərbaycan Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə Orta Dəhlizin ən mühüm strate­ji nöqtələrindən birində yerləşir. Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi-siyasi islahatlar çər­çivəsində Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvan Muxtar Res­publikası ilə birləşdirilməsi məsələ­si də Orta Dəhlizin fəaliyyəti üçün əlavə imkanlar yaradacaq.

Transxəzər Beynəlxalq Nəqliy­yat Dəhlizini dəniz nəqliyyatı olma­dan təsəvvür etmək mümkün deyil. Belə ki, Orta Dəhliz üzrə ən önəmli daşımaların mühüm hissəsi dəniz nəqliyyatının payına düşür. Son zamanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Transxəzər istiqamə­tində yük və sərnişin daşımaları ilə eyni vaxtda Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində əlaqələndirici rol oynayan Azər­baycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının yenilən­məsi gəmilərin yük dövriyyəsinin artmasında mühüm rol oynayıb. Belə ki, 2013-cü illə müqayisədə 2021-ci ilədək TRASEKA nəqliy­yat dəhlizində dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2,45 dəfə azalaraq 4 milyon 558 min ton ol­duğu halda, 2022-ci ildə bu göstə­rici əvvəlki illə müqayisədə 45,1 faiz artaraq 6 milyon 612,6 min ton təşkil edib. Ümumilikdə, 2022-ci ildə Avropa–Qafqaz–Asiya nəqliy­yat dəhlizinin Azərbaycan hissə­sində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton, yük dövriy­yəsi isə 12 milyard 648,9 milyon ton-kilometr olub ki, bu da 2021-ci illə müqayisədə 29,8 faiz, tranzit daşımalar üzrə isə 54,4 faiz artım deməkdir.

 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat