Vətən müharibəsinin xronikası

post-img

8 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

• Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bölmələrimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-dək tank, 6 ədəd “D-20” top, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Qeyd edilib ki, Ermənistan ordusunun 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib. Məğlubiyyətlə üzləşən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi rayonlarını, o cümlədən “Toçka-U” taktiki raket kompleksindən istifadə edərək Bərdə rayonunu artilleriya və raket atəşinə tutub.

Azərbaycanlı mülki əhali arasında ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür. Azərbaycan Silahlı Qüvvələrinin atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə uyğun olaraq legitim xarakter daşıyır.

Döyüşdə iştirak edən bölmələrimizin maddi – texniki təminat baxımından heç bir problemi yoxdur. Şəxsi heyət, o cümlədən hərbi texnika və döyüş vasitələri bütün növ təminat vasitələri ilə tam şəkildə təmin edilib. Ordumuz əks-hücum əməliyyatı başlayandan indiyədək işğaldan azad olunmuş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir.

• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların, düşməndən əldə olunan hərbi qənimətlərin videogörüntülərini paylaşıb.

• “Azərkosmos” ASC işğaldan azad olunan Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.

“Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirdən göründüyü kimi, 27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.

Ermənistanın beynəlxalq hüquqazidd olan terror fəaliyyəti, hələ ki, Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

• Azərbaycan Baş Prokurorluğundan bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 8-i saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

• Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir. Oktyabrın 8-də saat 6 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına külli miqdarda ziyan dəyib. Həmin gün işğalçı ordu Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində evlərə, elektrik və qaz təsərrüfatı ilə yanaşı, 1 orta məktəb, 1 musiqi məktəbi və 1 sahə xəstəxanasına ziyan dəyib.

• Düşmənin Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində şəhər ərazisində bir neçə mülki obyektə, yaşayış binasına, 1 avtomobilə ziyan dəyib. Ölən və yaralanan olmayıb. Azərbaycan Ordusu adekvat tədbirlər görüb, düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin atdığı artilleriya zərbəsi nəticəsində obyekti zərər görən sahibkar Canpolad Hüseynov deyib: “Mağazanın yanına mərmi düşdüyünü eşidib ora getdim. Gördüm ki, obyekt dağılıb, ciddi ziyan dəyib. Heç də təəssüflənmirəm. Hər şeyimiz əsgərlərimizə qurbandır. Əsas odur ki, ölüm-itim olmasın. Allah dövlətimizi, ordumuzu, Ali Baş Komandanımızı qorusun! Biz Prezidentimizə, ordumuza güvənirik. İşğalçı mülki əhalini hədəf seçməklə bizi qorxutmaq istəyir. Cəsarətləri çatmır ki, Azərbaycan Ordusu ilə üz-üzə vuruşsunlar”.

• Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub. Düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib. Şəhərin, kəndlərin ağır artilleriya qurğularından atəşə tutulması erməni barbarlığının sübutudur.

• İşğalçı ölkənin silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunu intensiv artilleriya atəşinə tutub. Nəticədə, rayonun kəndlərindəki mülki obyektlərə, evlərə ciddi ziyan dəyib. Buna baxmayaraq, əhali öz evlərini tərk etməyəcəyini və Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəstəklədiyini bildirib.

Mustafa KAMAL
XQ





Siyasət