Koçaryan mafiyası Ermənistanı yenidən fəlakətə sürükləyir

post-img

Cinayətkar ünsürlərin dəstəyinə arxalanan keçmiş prezidentin revanş təşnəliyi

Ermənistanda həm hakimiyyət, həm də müxalifət aktiv şəkildə 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Qonşu ölkənin siyasi mənzərəsini, qüvvələr nisbətini diqqətlə nəzərdən keçirdikdə demək mümkündür ki, hakimiyyət düşərgəsi monolitdir, hər hansı parçalanma, əks cinaha meyil etmək tendensiyası, yaxud təbəddülat yoxdur. İqtidar əsasən ölkədə son illər müxtəlif sahələrdə aparılan islahatları, ən əsası isə Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsinin paraflanmasını, erməni əsgər və zabitlərinin daha həlak olmadığını, şərti sərhəddə sabitliyin hökm sürməsini əsas nailiyyəti kimi təqdim edir. Şübhəsiz ki, bu məsələ onların seçki platformasında xüsusi yer tutacaq.

Müxalifət hələlik dağınıq təsiri bağışlasa da, bu düşərgənin spektri genişdir. Bura ölkənin üç keçmiş prezidenti, onların zamanında yüksək vəzifələr tutmuş Seyran Ohanyan, Vardan Oskanyan kimi odioz fiqurlar, həbsdə olan erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan, Erməni Apostol Kilsəsi, onun rəhbəri II Qaregin, baş nazir Nikol Paşinyanın vəzifədən çıxardığı Arman Tatoyan, Edmon Marukyan kimi şəxslər, “Daşnaksütyun”, “Şərəfim var” partiyaları və parlament fraksiyaları, eləcə də 2023-cü ildə Qarabağdan köçüb getmiş keçmiş separatçı rejimin rəhbərləri, onların əlaltıları daxildir. Görünən odur ki, bu düşərgə seçkiləri Paşinyanı devirmək üçün bir fürsət, bəlkə də son şans hesab edir. Hayastanın ikinci prezidenti, hazırda ölkədəki radikal revanşist kəsimin əsas siması hesab olunan Robert Koçaryanın oktyabrın 7-də keçirdiyi mətbuat konfransına da, zənnimizcə, bu kontekstdən yanaşmaq daha doğru olar.

Əvvəlcə onu qeyd edək ki, Koçaryan seçkilərdə iştirak edəcəklərini birmənalı şəkildə bəyan etməklə bu məsələyə aydınlıq gətirib: “Mənin komandam qarşıdan gələn parlament seçkilərində iştirak edəcək”. Digər keçmiş prezidentlərin adından danışmaqdan imtina edən Robert həmişə olduğu kimi, yenə özünü öyüb: “2021-ci il seçkilərində iştirakım nümayiş etdirdi ki, mənim kütlələrin birləşdirilməsində müəyyən təsir gücüm var”. Keçmiş prezident, eyni zamanda, vurğulayıb ki, o, yeni qüvvələrin meydana çıxmasını istərdi, onlarla əməkdaşlıq ölkədə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq. O xatırladıb ki, Levon Ter-Petrosyanın partiyası siyasi proseslərdə, Serj Sarkisyanın partiyası isə bütün seçkilərdə iştirak edir: “Partiyanın iştirakı liderin iştirakı deməkdirmi? Təbii ki, bəli”. O, beynəlxalq siyasi proseslərdən nümunə gətirib: “İvanişvili heç bir vəzifə tutmur, amma hamı görür ki, heç bir mühüm məsələ onun iştirakı olmadan həll olunmur. O, hakim “Gürcü arzusu” partiyasının lideridir”.

Bununla belə, Koçaryan 2026-cı il seçkilərində iştirakın formatını müzakirə etmədiklərini, qərarların qışda veriləcəyini bildirib: “Hələ heç bir qərar verilməyib. Bu qərarlar yanvar-fevral aylarında veriləcək. Onları daha əvvəl müzakirə etməyin mənası yoxdur. Siyahıya kimin başçılıq edəcəyi sosioloji məlumatlara görə kimin şansının daha çox olmasından asılıdır”.

Koçaryan üç vahidin iştirakı ilə hakimiyyətin devriləcəyinə heç bir şübhəsinin olmadığını bildirib: “Nəzəri cəhətdən mən bunu təxminən altı ay əvvəl görmüşəm. Onlardan biri təbii olaraq yaranıb – Samvel Karapetyan. Fikrimcə, daha bir neçə vahid olacaq, onlar birləşəcək, seçkilərdə daha mütəşəkkil şəkildə iştirak etməyə çalışacaqlar, onlardan biri kimdənsə üstün olacaq. Sosioloji məlumatlar göstərir ki, seçkilərdən sonra iki siyasi qurum – “Hayastan” bloku” və Samvel Karapetyanın yaratdığı partiya “Mülki müqavilə” partiyasından bir qədər geridə qalaraq parlamentə daxil olacaqlar. Mən bu iki qüvvənin birlikdə hakim partiyadan xeyli çox səs qazanacağına da əminəm”.

O, Paşinyanın yenidən baş nazir seçilmək şansının sıfıra yaxın olduğunu deyib: “Əgər biz səhv etməsək, Paşinyanın yenidən seçilmək şansı sıfıra yaxındır. Mən şübhə etmirəm ki, hökumət Moldova nümunəsini Ermənistana tətbiq etməyə çalışacaq. Geosiyasi maraqlar toqquşanda hamı demokratiyanı unudur, bu, faktdır”.

Koçaryan bu yaxınlarda Moskvaya səfəri barədə yayılan faktlara da münasibət bildirib. Onun bu faktları təsdiqləməkdən başqa çıxış yolu qalmayıb. Buna baxmayaraq, yenə də özünəməxsus şəkildə vəziyyətdən çıxmağa çalışıb. Deyib ki, onun Rusiyaya hər səfəri müxtəlif söz-söhbətlərlə (?) müşayiət olunur: “Təxminən bir ay əvvəl mən doğrudan da Moskvada idim – cəmi iki gün, şənbə və bazar günləri. Özəl, şəxsi məsələlər üçün. Bazar ertəsi günorta artıq qayıtmışam. Əgər səfərin məqsədi rəsmi görüşlər olsaydı, yəqin ki, başqa günləri seçərdim”.

Digər maraqlı məqam isə Koçaryanın 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda çıxardığı qərara verdiyi reaksiyadır. İddia edib ki, Ermənistan 2018-ci ildən bəri 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı AİHM-ə qaldırılan bütün işləri uduzub: “14 il sonra Avropa İnsan Haqları Məhkəməsi 1 mart işi üzrə qərar çıxararaq, 2008-ci ildə Ermənistan hakimiyyətinin vəfat etmiş vətəndaşların yaşamaq hüququnu pozduğunu müəyyən edib. AİHM qərarının mənə heç bir aidiyyəti yoxdur, çünki mən 2008-ci il martın 1-də baş vermiş hadisədən sonra bir aydan çox müddət ərzində vəzifədə olmuşam. Bundan başqa, AİHM-in qərarında – 110 səhifəlik sənəddə qətllərdən bəhs olunmur, ölümlər qeyd olunur”.

***

Koçaryanın son açıqlamaları bir daha göstərir ki, eks-prezident hələ də Ermənistanın gələcəyini öz ambisiyalarının prizmasından görməkdə davam edir. O, parlament seçkilərində iştirakla bağlı bəyanatını sanki ölkədə yeni bir siyasi dinamika yaradacaqmış kimi təqdim edir. Halbuki, 2021-ci ilin seçki təcrübəsi göstərdi ki, Koçaryanın “kütlələri birləşdirmək” qabiliyyəti artıq mifdən başqa bir şey deyil. O dövrün nəticələri sübut etdi ki, keçmişin kölgəsinə sığınaraq gələcəyə addım atmaq mümkün deyil. Koçaryanın “yeni qüvvələrlə əməkdaşlıq edəcəyik” iddiası da reallıqdan uzaqdır. Əslində, o, yeni simaların arxasında gizlənərək siyasi səhnəyə qayıtmaq niyyətindədir. Bu, onun özünəinamının azaldığını göstərir. O, hələ də erməni siyasətində “açar fiqur” kimi çıxış etdiyini vurğulamaq üçün Bidzina İvanişvili ilə müqayisə aparır. Lakin bu paralel tamamilə uğursuzdur: İvanişvili Gürcüstanda iqtisadi təsir rıçaqlarına, real ictimai dəstəyə malikdir, Koçaryan isə keçmişdəki korrupsiya qalmaqalları, siyasi repressiyalar və 1 mart faciəsinin məsuliyyətindən boyun qaçıran mafioz siyasətçidir.

Koçaryanın 2026-cı il seçkilərinə dair qeyri-müəyyən bəyanatları da onun tərəfdarlarına belə aydın siqnal vermir. “Qərarları qışda verəcəyik” deməsi daha çox vaxt qazanmaq və tərəfdarlarını gözlətmək taktikasına bənzəyir. Bu, siyasi yetkinlikdən çox, populist və manipulyativ yanaşmadır.

Onun üç vahidin birləşməsi ilə hakimiyyəti devirmək barədə dedikləri isə açıq-aşkar xəyali arzudan başqa bir şey deyil. Əgər Koçaryan doğrudan da güclü təsirə sahib olsaydı, 2021-ci ildə “Hayastan” bloku seçkilərdə aciz qalmazdı. Onun həm Moskva səfəri, həm də 2008-ci il 1 mart hadisələrinə dair açıqlamaları isə bir daha göstərir ki, keçmiş prezident nə siyasi, nə də mənəvi baxımdan üzərinə düşən məsuliyyəti qəbul etməyə hazır deyil. Koçaryanın “Moskvaya şəxsi məsələlər üçün getmişdim” bəhanəsi illərdir erməni xalqına təqdim etdiyi köhnə ssenarinin davamıdır. Koçaryan başa düşmür ki, bununla səs istədiyi Ermənistan seçicisinə hörmətsizlik edir.

Daha ciddi məsələ isə 1 mart hadisələrinə dair açıqlamalarıdır. AİHM-in qərarını özündən uzaqlaşdırmaqla Koçaryan bir daha faciəvi hadisələrdə rolunu israrla inkar edir. Onun “qətllərdən bəhs olunmur, sadəcə ölümlər qeyd olunur” ifadəsi siyasi etikaya sığmır və faciə qurbanlarının xatirəsinə hörmətsizlikdir. Həmin ölümlər elə o dövrdəki hakimiyyətin, yəni Koçaryanın rəhbərlik etdiyi rejimin zorakı siyasətinin nəticəsi idi. Koçaryanın məsuliyyəti danması həm də siyasi manipulyasiyadır. Bu cəhdlər, əslində, onun keçmişdə törədilən cinayətlərin yükünü daşımamaq üçün hər vasitəyə əl atdığını göstərir.

Bütövlükdə, Koçaryanın mətbuat konfransından aydın görünür ki, o, ölkənin problemlərinin konkret həll yollarını təklif etmək əvəzinə, hələ də şəxsi siyasi revanş hissi ilə yaşayır. Ermənistan cəmiyyətinin gözləntiləri dəyişib: xalq köhnə klanların deyil, real islahatların tərəfdarıdır. Koçaryan isə keçmişin simvolu olaraq qalır. Beləliklə, Koçaryanın iddiaları Ermənistan üçün nə yenilik, nə də ümid vəd edir. Onun hakimiyyətə qayıdış arzusu siyasi mübarizədən çox şəxsi ambisiyalarının davamıdır və cəmiyyət üçün yeni perspektiv açmaqdan uzaqdır.

Səxavət HƏMİD
XQ

Siyasət