Makronun uğursuz təyinatları Fransada “V Respublika”nın sütunlarını sarsıdır
Fransada daxili qarşıdurma növbəti mərhələyə qədəm qoyub. Ölkə lideri Emmanuel Makronun uğursuz kadr siyasəti, hökumət əleyhinə etirazların güclənməsi böhranın getdikcə milli səciyyə daşıdığından xəbər verir. Baş nazir Sebastian Lekornunun vəzifəyə gəlməsindən cəmi bir neçə həftə sonra, hökumətini elan etdikdən isə bir neçə saat keçməmiş istefa verməsi uzun müddət davam edən siyasi gərginlik ocağını daha da alovlandırıb. Prezident Administrasiyasının yaydığı bəyanatda bildirilib ki, Emmanuel Makron özünün yaxın müttəfiqi Lekornunun istefasını qəbul edib.
Vəziyyətin diqqətli analizi göstərir ki, son həftələr Lekornuya qarşı təzyiqlər daha geniş vüsət almışdı. O, dövlət borcuna görə parçalanmış Fransa Parlamentində büdcə məsələsini həll etməkdə çətinlik çəkirdi. Təsadüfi deyil ki, Lekornu nazirlər kabinetinin tərkibini açıqladıqdan bir neçə saat sonra vəzifədən getmək məcburiyyətində qaldı. Bununla da onun hökuməti Fransa tarixində ən qısaömürlü 13 saat kabinetlərdən biri kimi tarixə düşdü. Lekornunun populyar sələfi Fransua Bayrunun strategiyasından “qopmaq” vədlərinə baxmayaraq, təqdim etdiyi yeni nazirlər heyəti həm rəqiblər, həm də tərəfdarlar arasında narazılıq yaratdı. Baş nazirin kabinetinin Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə etməməsi də Lekornuya qarşı tənqidləri artırdı. Sözügedən maddə bir qanunun səsvermə olmadan qəbul edilməsinə imkan verirdi və bir çoxları üçün bu, vacib islahatların həyata keçirilməsinin əldən verilmiş fürsəti hesab edilir. Bütün narazılıqların fonunda Lekornu mövcud vəziyyəti jurnalistlərə açıqlamasında bu cür təsvir edib: “Mən kompromisə hazır idim, amma bir siyasi partiya digərindən öz proqramının tam şəkildə qəbulunu tələb edirdi”. Yeri gəlmişkən, onun formalaşdırdığı hökumətdəki bir çox şəxslər əvvəllər də vəzifə tutmuşdular. Bu səbəbdən, Lekornunun sabiq maliyyə naziri Bruno Le Merni müdafiə naziri postuna qaytarmaq qərarı narazılıq doğurdu.
Yada salaq ki, Le Mernin rəhbərliyi dövründə ölkənin büdcə kəsiri rekord həddə çatmışdı. Narazılıqlardan sonra Le Mern “X” sosial şəbəkəsində bu təyinatdan imtina etdiyini açıqlayıb. Mern yazıb ki, onun təyin olunması bəzi çevrələrdə yanlış və qeyri-mütənasib reaksiyalar doğurub. Le Mern bununla yanaşı, özünün geri çəkilməsindən sonra Fransada yeni hökumətin formalaşdırılması istiqamətində danışıqların bərpasına imkan yaranacağına ümid etdiyini bildirib.
Proseslər bununla bitmir. Lekornunun istefasına baxmayaraq, Makron ona sonuncu missiya tapşırıb. Yelisey sarayının məlumatına görə, o, baş nazirə digər siyasi partiyalarla “ölkədə sabitlik mühitinin yaradılması” məqsədilə son danışıqları aparmağı həvalə edib və 48 saat vaxt verib. Lekornunun bunun üçün tam olaraq nə etməli olduğu hələlik məlum deyil. Amma Fransa Konstitusiyası Makrona Lekornunu baş nazir vəzifəsinə yenidən təyin etmək hüququ verir.
Makron 2024-cü ildə növbədənkənar seçkiləri elan etdikdən sonra Fransa Parlamenti sağ-mərkəz və sol-mərkəz blokları arasında parçalanıb. Lekornu son iki ildə Makronun təyin etdiyi beşinci baş nazir idi və onun qəfil istefası müxalifətdə növbədənkənar seçkilərin keçirilməsi çağırışlarını artırıb. Lekornunun istefası Milli Birlik partiyasının da diqqətindən kənarda qalmayıb. Marin Le Pen onun hökumətini “yazıq” adlandırıb. Respublikaçılar partiyasının rəhbəri Fransua-Zavyer Bellami isə partiyasının Makronun kabinetini formalaşdırmaq üçün əməkdaşlığa hazır olduğunu, Parlamentin buraxılmasından qorxmadığını deyib. Hadisədən sonra “Patriotlar” partiyasının lideri Filippo Prezident Emmanuel Makronu istefaya çağırıb. Flipponun çağırışı Fransa siyasətində son günlərdə yaşanan böhran və hökumət dəyişiklikləri kontekstində qarşıdurmanı daha da dərinləşdirir. Lekornunun hökuməti istefa verdikdən sonra Paris, Lion, Marsel və digər şəhərlərdə nümayişçilər küçələrə çıxaraq Makronun prezidentliyinə son qoyulmasını və parlamentin buraxılmasını tələb ediblər. Bununla yanaşı, “hər şeyi bloklayın” hərəkatı yenidən fəallaşıb və daxili qapanma üçün çağırışlar edilib.
Lekornunun istefası investorları da təşvişə salıb. Fransanın aparıcı şirkətlərinin səhmlərindən ibarət “CAC-40” indeksi kəskin düşüb. Yeni təyin olunmuş nazirlər isə qəribə vəziyyətlə üzləşiblər – onlar rəsmi olaraq vəzifəyə başlamadan əvvəl “müvəqqəti nazirlər” statusu alıblar. Daha dəqiq desək, hazırda onlar yeni hökumət formalaşana qədər gündəlik işləri idarə etmək üçün boşuna saxlanılıblar. Hadisədən qəzəblənən və yeni ekologiya naziri təyin olunmuş Aqnes Panye-Rünaher “X” sosial şəbəkəsində yazır: “Bu sirkdən ümidsizəm”. Panye kimi hökumət rəsmisinin mövcud vəziyyəti “sirk”ə bənzətməsi Fransada vəziyyətin hansı həddə çatdığını əyani şəkildə göstərir.
İndi əsas diqqət Makronun atacağı növbəti addıma yönəlib. Baş nazirin fəaliyyəti uğursuz olduğuna görə Makronun məsuliyyəti öz üzərinə götürməkdən başqa çarəsi yoxdur. Onun yeni baş nazir təyin etmək ehtimalı da yüksəkdir. Həmin şəxs Makrona yaxın siyasi fiqurlardan ola bilər. Eyni zamanda, təcili şəkildə büdcəni təsdiqləmək üçün minimum konsensus əldə olunmalıdır. Mümkün ssenarilər arasında Makronun Milli Assambleyanı buraxıb yeni seçkilər keçirmək məsələsi də yer alır. Fransa liderinin bu məsələyə mövqeyini nəzərə alsaq, üzləşəcəyimiz mənzərə çox güman ki, sadəcə parçalanmış parlament olacaq. Bu halda böhran küləklərinin Fransanın sütunlarını sarsıtma ehtimalı yüksəkdir.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Fransada hakimiyyət böhranı göz önündədir. Həm sağ, həm də sol partiyalar Makronun mərkəzçi hökumətinə etimad göstərmirlər. Sol qüvvələrin lideri Jan-Lük Melanşon çağırış edib ki, Makron Fransanı idarə edə bilmir və buna görə onun istefası tələb olunmalıdır. Çağırışın nə dərəcədə reallaşa biləcəyi hələlik sual altındadır, çünki qaydalara görə seçkilərdən sonra bir il ərzində yeni seçki keçirmək mümkün deyil. Bir il tamamlansa, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi gündəmə gələ bilər. Amma bu seçkilər Makrona uğur gətirməyəcək. Çünki həm sağçılar, həm də solçular artıq ondan narazılıqlarını gizlətmirlər. Makronun durumu doğrudan da çox çətindir. Onun prezidentlik müddətinin bitməsinə iki il qalıb və o, bu dövrü çətinliklə də olsa başa vurmaq istəyir. Hazırda parlamentdə lazımi dəstəyi qazana bilmir. Fransa Konstitusiyasına əsasən, prezident bəzi məsələləri fərman yolu ilə həll edə bilər. Bu, təbii ki, etirazlarla müşayiət olunacaq. Amma istisna deyil ki, hökumət formalaşa bilmədiyi halda müvəqqəti kabinet fəaliyyət göstərəcək. Şübhəsiz, Makron bir çox məsələləri öz fərmanları ilə həll etməyə çalışacaq. Bu isə böhranı dərinləşdirə bilər. Lakin vətəndaş müharibəsi ehtimalı hələlik yoxdur.
Züriyyə QARAYEVA,
politoloq
Fransada cəmi 13 saat fəaliyyət göstərə bilən Lekornu hökumətinin istefası ölkədəki siyasi və institusional böhranın dərinləşdiyini göstərir. Hadisə Makron administrasiyasının daxili siyasi dayaqlarının ciddi şəkildə sarsıldığını və idarəetmədə xaotik vəziyyətin yarandığını nümayiş etdirir.
İqtisadi çətinliklər, sosial narazılıq və siyasi qütbləşmə Fransanı faktiki “idarəetmə böhranına” gətirib çıxarıb. Ənənəvi siyasi qüvvələr arasındakı balans pozulub, radikal sağ və sol hərəkatların təsiri isə getdikcə güclənir. Vətəndaş müharibəsi ssenarisi yaxın perspektivdə görünmür. Amma dövlətin legitimlik böhranı və cəmiyyətin dərin parçalanması fonunda qarşıdurma risklərinin artması reallığa çevrilir.
Nəzrin ELDARQIZI
XQ