Üzeyir ucalığının zirvəsi və kölgəsi

post-img

Dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyli Ulu Yaradanın xalqımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən və dahi sənətkarlardan biri kimi ölməzlik qazanıb. Zaman keçdikcə sənət peyğəmbəri saydığımız bu insanın şöhrəti daha da artır, qədir-qiyməti bir az da yüksəlir.

Mənəvi dəyərlərimizin misilsiz himayədarı, böyük sənət adamlarımıza layiq olduqları qiyməti zamanında vermiş Ümummilli lider Heydər Əliyev Üzeyir Hacıbəylinin milli kimliyini nə qədər mümkünsə, o qədər xalqımıza açıb göstərmiş, xatirəsini mədəni dünyamızda ən yüksək mərtəbəyə qaldırmışdır. Ulu öndərin müstəsna qədirbilənliyi ilə Üzeyir Hacıbəylini xalqımıza bəxş etmiş 18 sentyabr günü xüsusi fərmanla əlamətdar hadisələr tariximizə “Üzeyir Musiqi Günü” kimi həkk edilmişdir.

Həmin günə əlavə olaraq, Azərbaycanda ilaşırı Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Həftəsi və Festivalının keçirilməsi ənənəsi də böyük Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin yolunun davamçıları Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Heydər Əliyevin Üzeyir Hacıbəyli qədirbilənliyini ən yüksək sevgi-sayğı ilə davam etdirirlər.

Lakin bu tarixi örnəklərə yaraşmayan bəzi təzahürlər üzeyirsevərləri narazı salır. Məsələn, Prezident fərmanı isə təsis edilən “Üzeyir Musiqi Günü”nün mediada, hətta rəsmi məclis və mərasimlərdə “Milli Musiqi Günü” kimi təqdim edilməsi başadüşülən deyil. Hər il bu barədə yazılsa da, deyilsə də “Üzeyir” adı, nədənsə, unudulur, arxa plana keçir. Düzdür, Üzeyir bəyin adı həmişə və hər yerdə milli musiqi ilə qoşa səslənir. Amma gün məhz Üzeyir adınadır. Nədənsə, Üzeyir Hacıbəyli Musiqi Həftəsi də son illər əvvəlki təntənə ilə qeyd edilmir.

Builki həftənin “Formula1” yarışı ilə bir vaxta düşməsi gündəmə olan marağı xeyli parçaladı. Etiraf edək ki, Üzeyir Hacıbəylinin adı həftə ərzində layiq olduğu qədər ucadan səslənmədi. Keçirilən tədbirlər isə nədənsə, mediada xalqa geniş çatdırılmadı.

Həftənin zirvəsi sayılan sonuncu günün yekun tədbiri isə üzeyirsevərləri açıq-aşkar məyus etdi. Heydər Əliyev Sarayında yenidən tamaşaya qoyulan Üzeyir Hacıbəylinin şah əsəri “Koroğlu” operasının təqdimatının alqışlarla bitdiyi anlarda baş rolun ifaçısı – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov kiçik bir nitq söylədi.

Lakin o danışdı, tamaşanın Bülbül, Lütfiyar İmanov kimi ünlü ifaçılarına ehtiramını bildirdi. Bu əsəri ilə bütün dünyada tanınan Üzeyir Hacıbəylinin adını isə bircə dəfə də dilinə gətirmədi. O, gərək sənət davamçısı olduğu Bülbülün xatirəsindən öncə, əsərin müəllifinin, tamaşanın həsr edildiyi Üzeyir bəyin dahiliyinə baş əyəydi. Beləcə Üzeyir Hacıbəyli həftəsi sakit axarla və onun adı, dəyəri, həftənin kimin şərəfinə keçirildiyi dilə gətirilmədən sona yetdi.

Üzeyirsevərlər bu anlaşılmaz durumun, “yaddaşsızlığ”ın nədən və necə baş verdiyini neçə gündür ki, sosial şəbəkələrdə, paylaşımlarda anlamağa çalışırlar. Diqqətsizlikmi, təşkilati işlərdə yol verilmiş boşluqmu? Kaş ki, belə olaydı.

Xatırladırıq ki, Üzeyir Hacıbəylinin dahiliyinə qısqanclıq həmişə olub. Ona verilən yüksək qiymətlə yanaşı, unutqanlıq meyli də özünü göstərib. Bircə faktı deyək ki, 1949-cu ildə Üzeyir Hacıbəylinin irsinin 10 cildliyinin buraxılması barədə hökumət qərarı olsa da, 76 ildə cəmi 4 cild işıq üzü görüb. Bəstəkarın musiqi irsinin dəyərli nümunələri itirilib.

Bunlar ötüb keçəcək, Üzeyir Hacıbəylini sevənlər, qəlbində yaşadanlar zaman-zaman mənəvi ucalıqlara çatacaqlar. Üzeyir bəyin qədir-qiymətinə biganə və qısqanc nəzərləri olanlar, yaddaşsız və diqqətsizlər isə bu ucalığın kölgəsində qalacaqlar.

Səadət QARABAĞLI,
üzeyirşünas

Mədəniyyət