BDU-da milli elmin yubileyi

post-img

Dünən Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş məclis keçirilib.

Mərasimi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açaraq 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu yubiley bir elmi qurumun deyil, bütövlükdə, Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramıdır:

Natiq akademiya ilə rəhbərlik etdiyi qurumun tarixi əlaqələrindən bəhs edərək bu gün də yüzlərlə BDU məzununun AMEA-nın müxtəlif institut və mərkəzlərində çalışdığını diqqətə çatdırıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər barədə məlumat verdi.

“Bu gün AMEA-nın 80 illik yubileyinin burada keçirilməsi universitetin kollektivinin Azərbaycan elmi ictimaiyyətinə, Azərbaycan Milli Elmlər Akademiyasına hörmət və ehtiramından irəli gəlməklə yanaşı, həm də əməkdaşlığımıza, elmi əlaqələrimizin dünəninə, bu gününə və bundan sonrakı inkişafına Bakı Dövlət Universitetinin verdiyi önəmin və diqqətin ifadəsidir”.

AMEA-nın tarixi və inkişaf mərhələləri barədə tədbir iştirakçılarına məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə böyük uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə AMEA iki istiqamətdə inkişaf yolu keçib, 2003-2022-ci illər Akademiyanın modernləşdirilməsi, 2022-ci ildən bu günə kimi isə yeniləşmə və islahatlar mərhələsidir.

AMEA-da Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbələrinin fəaliyyətə başladığını bildirən akademik Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Türk sənət tarixi və mədəni irsi şöbəsi, Türk əlyazmalarının tədqiqi şöbələrinin yaradıldığını da vurğulayıb.

Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov AMEA Azərbaycanın zəka yükünü daşıyan vacib elmi qurum kimi XX yüzil içərisində xalqımızın milli ruhunun yüksəlişində müstəsna rol oynadığını bildirib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, akademik Nizami Cəfərov, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə AMEA-nın respublikanın elmi-intellektual potensialının əsas daşıyıcısı, Azərbaycan elminin inkişafı, milli ruhun yüksəlişində dayaq nöqtəsi olduğunu bildiriblər.

Sonra AMEA-nın tarixi və fəaliyyəti barədə videoçarx və BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat