Minatəmizləmə–BMT-nin inkişaf məqsədlərində prioritet təşəbbüs

post-img

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının martın 2-də Bakıda keçirilən COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamasını, lakin bu ədalətsizliyin ordumuz tərəfindən 2020-ci ildə Vətən müharibəsi ilə aradan qaldırılmasını vurğulayıb. Dövlətimizin başçısı düşmən ölkənin 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yüzlərlə şəhər və kəndimizin Yer üzündən silindiyini, bütün mədəni və dini abidələrimizin talan və qarət edildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra bu vəhşiliyin artıq beynəlxalq aləmə çatdırıldığını, dünyanın bu vandallıqdan xəbərdar olduğunu bildirib. 

İkinci Qarabağ müharibəsindən ötən müddətdə işğal bölgəsində həyata ke­çirilən tikinti-quruculuq, bərpa layihələ­rindən də ətraflı danışılıb, bu ərazilərdə görülən bütün işlərin Azərbaycanın öz maliyyə resursları ilə gerçəkləşdirildi­yi bildirilib. Hökumətin son iki ildə yeni­dənqurma tədbirlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərclədiyi, cari ildə isə bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait xərclənəcəyi­nin planlaşdırıldığı diqqətə çatdırılıb. 

Yeri gəlmişkən, burada zəruri bir məqamı da xatırlatmaq istərdik. Bu gün Azərbaycana səfər edən xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların rəhbər­ləri Qarabağ bölgəsində olur, işğaldan azad edilən ərazilərdə gerçəkləşdirilən layihələrin mahiyyəti, icra vəziyyəti ilə maraqlanır, həyata keçirilən tədbirlərin əhəmiyyətini, miqyasını yüksək dəyər­ləndirirlər. Məsələn, bu günlərdə İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir ölkəmizə səfərinin ye­kunları ilə bağlı keçirdiyi brifinqdə deyib: “Şuşaya səfər etdik, oradakı dağıntıları gördük, ən önəmlisi aparılan yenidənqur­manın şahidi olduq. Bu, çox yaxşıdır. Mədəniyyətə göstərilən diqqət, köhnə binaların, məscidlərin bərpası olduqca gözəldir. Biz Qarabağdakı layihələrdə, həmçinin Cənub Qaz Dəhlizində iştirak etməkdə maraqlıyıq. Bu layihə Azərbay­can üçün strateji əhəmiyyətlidir. Biz də bu layihənin bir parçası olmaq istəyirik”.

Hazırda Qarabağ və Şərqi Zəngə­zurda genişmiqyaslı tikinti və quruculuq işləri uğurla gerçəkləşdirilir, 30 il ərzində düşmənin viran qoyduğu yurdlarımız əsl cənnətməkana çevrilir. Yaşayış sahələ­rində müasir infrastruktur qurulur, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. 

Bölgənin hərtərəfli inkişafına mühüm töhfə olan bu hava limanlarından ikisi­nin - Füzuli və Zəngilan aeroportlarının Prezident İlham Əliyev tərəfindən açılışı olub, Laçın Beynəlxalq Hava Limanı­nın isə yaxın illərdə istismara veriləcəyi planlaşdırılıb. Bundan başqa, Qarabağ bölgəsində Böyük Qayıdışa start verilib və “ağıllı kənd” konsepsiyası ilə yeni­dən qurulmuş Zəngilanın Ağalı kəndində məskunlaşma aparılıb. Tezliklə işğaldan azad olunan digər rayonlarımıza da qa­yıdış köçünün başlayacağı nəzərdə tutulub. 

Qarabağın bərpasından söz düşmüş­kən, bir məqamı da xatırlatmaq istərdik. Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesini, eləcə də məskunlaşmanın sürətlə aparılmasını qəsbkar tərəfindən işğal dövründə əra­zilərimizin mina ilə çirkləndirilməsi ən­gəlləyir. Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilən ölkələr arasında yer alır. Vətən savaşından sonra, yəni 2020-ci ilin noyabr ayından indiyədək 300 azər­baycanlının mina partlayışı nəticəsində həlak olması və yaralanması da bunun əyani təsdiqidir. 

Dövlətimizin başçısı bütün bunlar barədə adıçəkilən zirvə görüşündə ətraflı məlumat verərək deyib: “Ölkə üçün hu­manitar minatəmizləmənin böyük əhəmiy­yətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlə­ri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yeni­dənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azər­baycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərə­katına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik”.

Prezident İlham Əliyev çıxışında Qo­şulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sur­satlarla ən çox çirklənmiş ölkələr sırasın­da olduğunu nəzərə alaraq, bu təhlükə xəbərdarlığını qlobal miqyasda eşitdir­mək üçün Minaların Təsirinə Məruz Qal­mış Ölkələrin Həmfikirlər Qrupunun yara­dılmasını təklif edib. Təkcə bu məsələ ilə Azərbaycan bir daha təhlükəsizliyə, qlo­bal həmrəyliyə mühüm töhfə verə bilmək imkanına malik olduğunu bildirib. 

 

Eldəniz ƏMİROV,

iqtisadçı-ekspert

 

Prezident İlham Əliyevin Qoşulma­ma Hərəkatının Bakıda keçirilən CO­VID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında toxunduğu məsələlərdən biri humani­tar minatəmizləmənin əhəmiyyəti ilə bağlı olub. Dövlətimizin başçısı nitqin­də Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəy­yənləşdirilməsini nəzərdən keçirdiyi­ni, bu konsepsiya ilə minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə ol­duğunu bildirib. Ölkə rəhbəri belə bir məsələnin zəruriliyini minaların Qara­bağ və Şərqi Zəngəzurda yenidənqur­ma prosesini əngəlləməsi və keçmiş məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarını ləngitməsi ilə əlaqələndi­rib. Dövlətimizin başçısı daha sonra bu problemin həllində minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədləri sırasında yer almasının və bunun Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən dəstəklənməsinin önəmini vurğulayıb. 

Yeri gəlmişkən, BMT və onun tərəf­daşları tərəfindən respublikamızda Da­yanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bunun nəticəsində ölkəmiz­də dayanıqlı inkişafın sosial-iqtisadi və ekoloji aspektlərini əhatə edən 17 Dayanıqlı İnkişaf Məqsədi prioritetləş­dirilib. 

Xatırladım ki, son beş il ərzində ölkəmiz “Azərbaycan 2030: Gündəli­yi”nə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib. Prezident İlham Əliyev 2016-cı ildə BMT-nin Azərbaycan hö­kumətinə göstərdiyi dəstəyin əlaqələn­dirilməsi üçün əsas tərəfdaş kimi fəa­liyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yara­dılmasına dair fərman imzalayıb. Eyni zamanda, Azərbaycan Dayanıqlı İnki­şaf Məqsədlərini milli səviyyədə sürət­ləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımları­nı əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını ger­çəkləşdirən ilk ölkələrdən biri olub. 

Göründüyü kimi, Azərbaycan Da­yanıqlı İnkişaf Məqsədlərinin reallaş­dırılmasına xüsusi diqqətlə yanaşır və humanitar minatəmizləmənin həmin konsepsiyada yer almasını istəyir. Çünki humanitar minatəmizləmə qlobal məsələdir və problemin miqyası təkcə ölkəmizlə məhdudlaşmır. Bu, Qoşul­mama Hərəkatına üzv olan ölkələrin bəzilərində də hazırda ciddi narahatlıq yaradır. 

Sonda onu qeyd edim ki, cari il fevralın 1-dən 28-dək Tərtər, Kəlbə­cər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində apa­rılmış minatəmizləmə əməliyyatları za­manı piyada əleyhinə 40, tank əleyhinə 116 mina və 1487 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən həftə ərzində 2470,33 hektar əra­zi isə mina və partlamamış hərbi sur­satdan təmizlənib.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat