İgidlərimizin izi ilə Zəfər turniri

post-img

Şuşada Zəfərin 5 illiyinə həsr olunmuş “İgidlərin izi ilə” adlı qayayadırmanma turniri keçirilib. İki gün düvam edən yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilib.

Tədbirin birinci günündə iştirakçılar Muxtar kəndindən Cıdır düzünə qədər piyada yürüş edərək igidlərimizin keçdiyi yollarla tanış olublar.

İkinci gün Cıdır düzündə keçirilən qayayadırmanma yarışı gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Peşəkar və həvəskar komandalar yarışda güclərini sınayıb. Sonda qalib komandalar diplomlarla təltif olunub.

Turnir təkcə idman yarışı deyil, həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, Zəfər tariximizin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qabil YUSİFOĞLU
XQ

İdman