Terrora, hərbi cinayətlərə görə cavab ver, İran!

post-img

Bir yandan nüvə silahını əldə etməyə çalışan, o biri yandan Yaxın Şərqdə terrorizmin ən fəal “sponsoru” rolunda çıxış edən İranın fars-molla rejiminin həm də Ukraynada törədilən hərbi cinayətlərdə əli varmış. Buna görə Kiyev haqlı olaraq Tehranı Beynəlxalq Ədalət Məhkəməsinin ayağına çəkir. 

İndi rəsmi Kiyev İranın cinayət ortaqlı­ğını bütün dünyaya sübut etməkdən ötrü BMT-nin Beynəlxalq Ədalət Məhkəmə­sinə müraciət etməyə hazırlaşır. Amma sübuta ehtiyacı qalmayan çılpaq həqiqət ondan ibarətdir ki, Rusiya-Ukrayna hər­bi münaqişəsində ikinciyə silah-sursatla açıq dəstək verən İranın müharibə ci­nayətlərinin potensial şəriki olduğu da hər kəsə məlumdur. 

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi pilotsuz təy­yarələri məhz İrandan aldığı faktlarla sənədləşdirilib və onlar bu məsələyə bey­nəlxalq məhkəmədə baxılmasında israrlı olacaqlar: "Biz İranın bu hərbi cinayətlə­rin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və onun bu cinayətlərdə iştira­kının tanınmasına çalışacağıq". Şmıqal həmçinin qeyd edib ki, Moskvaya dəstəyi dayandırması üçün Tehrana beynəlxalq birliyin təzyiq etməsi lazımdır. “Əl–Ərə­biyyə” telekanalına müsahibəsində İranın ölkəsinə qarşı hərbi cinayətlərin törədil­məsində Rusiya ilə şərikliyindən ciddi narahat olduqlarını dilə gətirən D.Smiqal rəsmi Tehranın bu cinayətlərdə iştirakının Beynəlxalq Femida tərəfindən tanınması­na çalışacaqlarını xüsusi vurğulayıb.

 

Silah da göndərib, təlimatçı da

 

Yaxın Şərqdə terror yuvaları qurmaq, onları silahlandırmaq və təlimatlandırmaq sahəsində “zəngin təcrübəyə” malik İra­nın klerikal rejiminın Suriya münaqişə­sində yaxından iştirakı danılmaz faktdır. Bu rejimin HƏMAS, Hizbullah kimi ter­ror təşkilatlarını maliyyələşdirdiyi, hərbi emissarlarının monarxist diktator Bəşər Əsəd hakimiyyətinin yanında durması da isbata ehtiyac duyulmayan həqiqətdir. Üzdə özünü Rusiyanın strateji tərəfdaşı kimi qələmə verən Tehran məlum hərbi münaqişədə müttəfiqinə xeyli sayda ra­ket və pilotsuz bombardmançı təyyarələr ötürüb. Ukrayna Müdafiə Nazirliyinin rəs­mi açıqlamasına görə, Rusiya Ukrayna­ya qarşı İranda istehsal olunan pilotsuz uçuş aparatlarının ən azı üç modelindən istifadə edir. Bunlar: “Shahed-136”, “Sha­hed-131” və çoxməqsədli “Mohajer-6” dronlarıdır. Bir həftə bundan əvvəl “The Guardian” qəzeti yazırdı ki, İran təyyarə və qayıqlar vasitəsilə Rusiyaya pilotsuz təyyarələr ötürür, eyni zamanda havadan hücum dronlarından istifadə etmək tex­nologiyasını öyrətməkdən ötrü Moskvaya xüsusi təlimatçılar, texniki işçilər gətirir. 

Bu məsələ Ukrayna rəsmiləri tərəfin­dən ara-sıra gündəmə gətirilsə də, gö­rünür, işğalçını dəstəkləyən İran rejimini Beynəlxalq Femidanın ədalət qılıncının altına salmağın vaxtı indi çatıb. Yeri gəl­mişkən, hələ iki ay bundan əvvəl jurna­listlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşa­viri Ceyk Sallivanın dedikləri maraqla qarşılanmışdı. Ağ ev rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanın Ukray­nada hərbi əməliyyatlar zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarının tədarü­kü ilə bağlı İrana iqtisadi təzyiqlərini artı­racaq: “Biz özümüz həm Rusiyadakı, həm də İrandakı qurumlara bu cür əməliyyat­ları çətinləşdirmək üçün bir sıra müxtəlif sanksiyalar tətbiq etmişik. Ukraynada dinc əhalinin öldürülməsi üçün bu cür si­lahlardan istifadə edilir. Məhz bu səbəb­dən İranın əl-qolunu buxovlamaqdan ötrü müxtəlif vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”. Amma cənab Sallivan bunun İranın nə birinci, nə də sonuncu cinayəti olmadığını deməyi unudub.

 

Tehran təzminat ödəməkdən boyun qaçırdı 

 

Diqqətli oxucularımızın yadında olar. Üç il bundan əvvəl, 2020-ci il yanvarın 8-də Tehrandan havaya qalxan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi İran HHQ-si tərəfindən raketlə vuruldu. Hadisə zamanı Ukray­na, İran, Kanada, İsveç, Əfqanıstan, Al­maniya və Britaniya vətəndaşları daxil olmaqla, ümumilikdə, 176 nəfər həyatını itirdi. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski “The Globe and Mail” qəzetinə müsahibəsində bunları demiş­di: “İran nəinki Ukraynaya “qara qutu”nu qaytarmır, eyni zamanda, digər vədlərinə də əməl etmir”. 

Tehran hökumətinin “qara qutu”nu verməməsi bir yana, təyyarədə həyatla­rına son qoyduğu sərnişinlərin ailələrinə 150 min dollar təzminat ödəməyi boynu­na götürsə də, bəzi ailələr bu puldan im­tina etdilər. Zelenski onu da bildirmişdi ki, əgər Tehran Ukraynanın İran tərəfindən vurulan “Boeing” təyyarəsindəki ölümün araşdırılması və fəlakətlə əlaqədar Ki­yevlə əməkdaşlıq etməsə, Ukrayna bey­nəlxalq məhkəmə qurumlarına müraciət edəcək: “Məsələ İranın yalnız “qara qutu”­ları bizə qaytarmaması deyil, digər vədlə­rinə də əməl etməməsidir. Onlar rəsmən üzr istəməli, layiqli təzminat ödəməli, öh­dəliklərini yerinə yetirməlidirlər. Bu, baş verməsə, seçimimiz qalmayacaq, - bey­nəlxalq məhkəməyə müraciət edəcəyik və İran bizim bu mövqeyimizi bilir”.

 

Cinayətkarı cəzalandırmaq məqamı yetişib

 

O zaman İran öz vədlərinin yerinə yetirilməsinin, təzminatın gecikməsinin səbəbi kimi başının koronavirus pande­miyasının nəticələrini aradan qaldırması­na qarışması ilə izah etdi. Amma Kiyevin səbri sonsuz deyildi. “Bu problemi qey­ri-müəyyən müddətə təxirə salmaq ol­maz, çünki biz kifayət qədər gözləmişik”. Hadisədən bir müddət sonra bu açıqla­manı verən Ukrayna Beynəlxalq Hava Yolları (UIA) İranın paytaxtında Tehran–Kiyev reysini həyata keçirən sərnişin təyyarəsinin vurulması ilə bağlı bu ölkəni məhkəməyə verdi. Şirkətin verdiyi açıq­lamada iddianın Kanadanın Ontario ştat məhkəməsində qaldırıldığı bildirilirdi. İd­dia ərizəsində İran dövləti və İnqilab Ke­şikçiləri Korpusu müttəhim kimi göstərilir və bu ökədən təzminat tələb olunurdu.

Dünyanın müxtəlif nöqtələrində əli günahsız insanların qanına bulaşmış fars-molla rejimi törətdiyi daha bir terror aktının istintaqını təkbaşına aparır. Söh­bət Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş qanlı cinayətdən gedir. Bakı səbrlə istintaqın yekunlaşmasını gözləyir. Hələlik gözləyir.

 

Fərid ŞƏFİYEV, 

beynəlxalq münasibətlər üzrə ekspert

 

İran Rusiyaya üç tipli dron gön­dərir. Bunlar “Shahed 131”, Shahed 136 və “Mohajer-6” dronlarıdır. Düz­dür, Rusiyada onlara azacıq dəyi­şiklik edir və deyirlər ki, bu dronlar Rusiyada istehsal olunub. Amma bu dronların bəzi ehtiyat hissələri işarə verir ki, bunlar İranda istehsal olunub. İndi Ukraynanın əsas hə­dəfi bunu məhkəmədə sübut etmək olacaq. Ukrayna sübut etməlidir ki, bunlar İranın dronudur və Rusiyaya göndərilib. 

Hesab edirəm ki, ümumən Bey­nəlxalq Ədalət Məhkəməsində Uk­raynanın Rusiyaya qarşı iddiaları var və bu iddia bir çox ölkələr tərəfindən dəstəklənir. Hesab edirəm ki, qərar çox güman müsbət olacaq. Amma bu qərarın çıxarılması üçün müəy­yən bir müddət tələb olunur. Biz bi­lirik ki, İran nəinki Rusiyaya, bir sıra digər ölkələrə, məsələn Yaxın Şərq­də Suriyaya, Yəmənə dronlar, silah göndərir. Hətta, insan resursların­dan da istifadə edir. İrandan həmin ünvanlara hərbi məsləhətçi, həm də hərbi qüvvə göndərilir. İndiki halda Rusiya ilə əməkdaşlıq İran üçün çox vacibdir. Çox güman ki, bunun əvə­zində Rusiyadan İrana həm siyasi, həm maliyyə və həm də xüsusilə nüvə silahı ilə bağlı müəyyən texniki dəstək verilir. Bunu sübut etmək indi bir qədər çətindir, amma hər halda Rusiyadan Tehrana siyasi dəstək var. Rusiya–İran münasibətləri bun­dan sonra genişlənəcək. Bu əlaqələ­rin müəyyən bir limiti var, amma çox güman ki, yaxın aylarda bu mühari­bə ilə bağlı digər hərbi sursatların da İrandan Rusiyaya göndərilməsi baş verəcək. Elə bəzi hərbi ekspertlər də bu amili qeyd edirlər.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət