Muzdluları kim çağırıb: faktlar və sübutlar

post-img

Azərbaycanın 2020-ci ildə beynəlxalq humanitar hüququn bütün norma və tələblərinə riayət edərək apardığı 44 günlük Vətən müharibəsi ilə bağlı qarayaxma kampaniyası bugünədək bitmək bilmir. Həmin günlərdə Suriyadan, Livandan, Yaxın və Orta Şərqin digər ərazilərindən muzdlular cəlb edən Ermənistan tərəfinin bu məsələdə Azərbaycanı davamlı olaraq ittiham etməsi və məsələni beynəlxalq müstəviyə daşımaq istəyi “adımı sənə qoyum, səni yana-yana qoyum” zərbi-məsəlini xatırladır.

Bugünlərdə “Armenpress”də yayı­lan məlumata görə, guya BMT 2020-ci ildəki müharibədə muzdluların iştirakı ilə bağlı Azərbaycan və Türkiyəyə “ittiham məktubları” göndərib. Bunu Ermənistana gələn BMT-nin muzdlulardan istifadə üzrə İşçi Qrupunun üzvləri jurnalistlərin sualla­rına cavab olaraq mətbuat konfransında bildiriblər.

Qeyd olunub ki, qrupun mandatı BMT İnsan Hüquqları Şurasının təşəbbüsü ilə formalaşdırılıb. İşçi qrupun mandatı ge­nişdir, muzdluların cəlb edilməsini və özəl hərbi, həmçinin mühafizə kampaniyala­rının insan hüquqlarının pozulması baxı­mından istifadəsini əhatə edir. Bu mandat çərçivəsində İşçi Qrup ölkələrə səfərlər edir. Ermənistana səfər də onlardan bi­ridir. Qrup müxtəlif mənbələrdən insan hüquqlarının pozulması ilə bağlı məlu­matlar alır. “Bizim 2020-ci ildə istifadə et­diyimiz “ittiham məktubu” kimi bir alətimiz var. Biz bunu dövlət və qeyri-dövlət struk­turlarına təqdim edirik”, - deyə İşçi Qru­pun üzvü Yelena Aparak bildirib. Qeyd olunur ki, İşçi Qrup guya Azərbaycana səfərlə bağlı sorğu göndərsə də, hələlik cavab almayıb.

 

Hayların qabaqdangəlmişliyi

 

Aydın məsələdir ki, qrupun səfəri Er­mənistan hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib. Rəsmi İrəvan bununla qabaqdangəlmişlik edərək muzdlulardan istifadə ilə bağlı Azərbaycanın ittiham­larından yayınmaq yolu tutmağa çalışır. Ermənistan işğal olunmuş ərazilərdə vax­tilə Suriyadan, Livandan etnik erməniləri gətirərək qanunsuz məskunlaşdırma si­yasəti həyata keçirən, Vətən müharibəsi dövründə isə xüsusilə Suriya və İraqdan ABŞ və Avropa İttifaqı başda olmaqla bü­tün Qərb dövlətlərinin terror təşkilatı kimi təsnif etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) mənsub silahlıları işğal olunmuş ərazilərə daşıyan, onları döyüşə atan, on­ların erməni könüllülərə təlim keçmələrini təmin edən dövlətdir. Bəli, Ermənistan muzdluları döyüşlərə cəlb etməyin örnə­yini yaradan tək-tük ölkələrdəndir.

Vətən müharibəsi günlərində Misirin “Cairo24” informasiya agentliyinin yay­dığı məlumatda Ermənistanın səyləri ilə PKK-nın İraqda qalası sayılan Süleyma­niyyədən yüzlərlə silahlı terrorçunun İran vasitəsilə Qarabağa atıldığı bildirilirdi. Eyni zamanda, qeyd olunurdu ki, İslam İnqilabı Keşikçiləri (SEPAH) Qarabağa göndərilməzdən əvvəl yaraqlılara İran torpaqlarında təlim keçirilməsi üçün xü­susi düşərgələr yaradıblar.

 

Muzdluların fotoları da yayıldı, videoları da 

 

Bu istiqamətdə çoxsaylı faktlardan daha birinə müraciət edək. Müharibənin qızğın çağında – 2020-ci ilin oktyabrın əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti münaqişə zonasında Ermənistan tərə­fində Azərbaycana qarşı döyüşən kürd terrorçularının radio rabitəsini qeydə alıb. “YouTube”da söhbətlərin audio yazıları­nı və onların stenoqramını özündə əks etdirən videorolik yayımlanıb. Səs yazı­sında terrorçular erməni tərəfində hökm sürən ağır situasiyadan, böyük itkilərdən, o cümlədən Azərbaycan tərəfinin pilotsuz uçuş aparatlarından səmərəli istifadə et­məsindən danışır, ermənilərin vədlərinə aldanıb münaqişə zonasına gəldiklərin­dən gileylənirlər.

2020-ci il oktyabrın 26-da Azərbay­can mediasında belə bir məlumat yayıl­dı: “Kəşfiyyat mənbələrinin məlumatına görə, Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün PKK terrorçularını Şuşa şəhərinə göndərib. Əsir düşən er­məni əsgəri Mikaelyan Albert Yervandi­nin sözlərinə görə, Ermənistan Qaraba­ğa kürd əsilli 1500 muzdlu gətirib. Onlar ayda 600 dollar alırlar”.

Ermənistanın müharibədə muzdlular­dan aktiv istifadə etməsi Azərbaycanda ən yüksək səviyyədə qaldırılıb, aidiyyəti beynəlxalq təşkilatların və dünya döv­lətlərinin diqqəti bu məsələyə yönəldilib. Müharibənin başa çatmasından az son­ra – 21 noyabr 2020-ci ildə Bakıda Ru­siyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Ermənista­nın müharibədə muzdlulardan istifadəsi ilə bağlı danışarkən deyib: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı foto və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fran­sa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasport­ları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdlula­rın iştirak etməsi, əlbəttə, yolverilməzdir”.

 

“Taleyüklü səyahət”in gözlənilən aqibəti

 

Bu yerdə təəssüf hissi ilə vurğulamaq yerinə düşər ki, əcnəbi döyüşçülərdən is­tifadə erməni tərəfi üçün yenilik deyil. Bi­rinci Qarabağ müharibəsi zamanı (1988-1994) həm erməni, həm də qeyri-erməni əsilli əsgərlər Qarabağ bölgəsində döyüş əməliyyatlarında fəal iştirak edərək hər­bi cinayətlər, o cümlədən 1992-ci ildə Xocalı soyqırımını törədiblər. Bunun “ən parlaq nümunəsi” 1980-ci illərdə terror aktları törətdiyinə görə Fransada həbsdə olan Kaliforniya əsilli beynəlxalq terrorçu, Azərbaycanın Qaradağlı, Xocalı və di­gər yaşayış məntəqələrində mülki azər­baycanlılara qarşı hərbi əməliyyatlarda iştirak etmiş Monte Melkonyandır. Onun qardaşı Markar Melkonyanın 2005-ci ildə nəşr etdirdiyi “Qardaşımın yolu: Ameri­kalının Ermənistana taleyüklü səyahəti” adlı kitabdakı bəzi fikirlər də bu hərəkət­lərin edildiyini təsdiqləyir. Kitabdan sitat: “Monte iyirmi iki gün əvvəl Martuniyə (Xo­cavənd) gəlmişdi, lakin artıq girov götü­rülmüş silahsız kəndlilərin (Qaradağlı və Xocalını nəzərdə tutur) təzə qanı ilə suva­rılmış iki ölüm tarlasından keçib”. ASALA terror təşkilatının üzvü, hərbi cinayətkar M.Melkonyan 1996-cı ildə Ermənistanın milli qəhrəmanı statusuna yüksəldilib.

Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Ermənistanın bu kimi əməlləri BMT Baş Assambleyasının 4 dekabr 1989-cu il tarixli 44/34 saylı qətnaməsi ilə qəbul edilmiş Muzdluların cəlb olunmasına, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı Beynəlxalq Konvensiya­nın müddəaları ilə daban-dabana ziddir. Azərbaycan 4 dekabr 1997-ci ildə kon­vensiyanı ratifikasiya etməklə ona qoşu­lub. Ermənistan parlamenti isə yalnız 27 oktyabr 2020-ci ildə cəmi 71 səs lehinə olmaqla konvensiyanı ratifikasiya edib. İki ölkə arasında konvesiyaya qoşulmaqla bağlı yaranmış bu fərq, Ermənistanın ona yalnız müharibə dövründə qoşulması da çox mətləblərdən xəbər verir.

Ancaq Ermənistan yenə də öz xislə­tinə sadiq qalaraq Azərbaycanı olmayan nələrdəsə ittiham etməyə çalışır. Onun digər cəhdləri sayaq bu çabasının da nə­ticəsiz qalacağı hamıya gün kimi aydın­dır. Prezident İlham Əliyevin 21 noyabr 2020-ci ildə Rusiyanın müdafiə nazirini qəbul edərkən Ermənistanın muzdlular­dan istifadəsi ilə bağlı dediyi kimi, bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur: “Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə, biz siyasi nizamlama müstəvi­sinə keçdik”. 

Hərb meydanında məğlub olan İrəva­nın bu məsələ ilə bağlı həm də beynəlxalq müstəvidə yeniləcəyi şəksizdir.

 

Şair RAMALDANOV, 

ehtiyatda olan polkovnik

 

Bu, dəfələrlə qaldırılan məsələdir. Təbii ki, ermənilər olmayan şeyləri gerçəklik kimi təqdim etmək istəyirlər. Hansısa dövləti muzdlulardan istifadə­də ittiham etmək üçün konkret əsaslar olmalıdır. Muzdluları, adətən o ölkələr cəlb edir ki, onların belə döyüşçülərə ehtiyacı olsun. Azərbaycan Ordusu peşəkar ordu quruculuğu istiqamə­tində öz inkişafını davam etdirir. Hələ Vətən müharibəsinə qədər də bizim ordumuzda 70 faizdən yuxarı müddət­dən artıq xidmət edən peşəkar hərb­çilər idi. Muzdluları o zaman dəvət edirlər ki, ordu əsasən müddətli xidmət edən əsgərlərdən ibarət olsun. Bu za­man muzdluları daha təcrübəli şəxslər kimi cəlb edirlər. Əgər Azərbaycanda 70 faizdən yuxarı müddətdən artıq xidmət keçən peşəkar hərbçilər varsa və onların bacarığı muzdlulardan qat-qat üstündürsə, Azərbaycanın muzd­lulara ehtiyacı qalmır axı...

Digər tərəfdən, Azərbaycan Ordu­su əks-hücum əməliyyatını keçirəndə hər cəhətdən, bütün imkanları ilə Er­mənistan ordusundan üstün idi. Həm texniki vasitələr, həm silah-sursat, həm hazırlıq, həm də şəxsi heyətin sayı cəhətdən Ermənistan ordusunu qat-qat üstələyirdi. Yəni, Azərbayca­nın nə ehtiyacı var ki, hansısa muzd­luları ölkəyə dəvət etsin?! Bir məqam da var. Azərbaycan orta hesabla 100 kilometr dərinlikdə əməliyyat aparmalı idi. Yüz kilometr dərinlikdə əməliyyat aparmaq üçün isə heç də muzdluların gətirilməsinə ehtiyac yoxdur. Bunu ona görə deyirəm ki, muzdluları gətirəndə müəyyən bir şəkildə əsaslanma olma­lıdır. Biz nəyə əsasən haqq savaşımı­za muzdlular cəlb etməli idik?!

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət