Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi Daşkənd İqtisadiyyat və Pedaqogika Universiteti,Türkiyənin Ege Universiteti, İzmir şəhərindəki Azərbaycan Fondu paytaxtda çap edilən “Cədid” qəzeti ilə birgə Daşkənddə “Türk Dünyasının Yeniləşmə Prosesləri: Türk Dünyasında Cədidçilik” mövzusunda III Beynəlxalq simpozium keçirib.
Tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası və digər ölkə universitetlərinin rektorları, professorlar, Cədidçilik mövzusunda kitab və məqalələr yazan alimlər iştirak edib.
Simpoziumun plenar iclasında Təşkilat Komitəsinin sədri, Türkiyənin Ege Universitetinin “Müasir Türk Dilləri və Ədəbiyyatı” kafedrasının müdiri, elmlər doktoru, dosent Yılmaz Özkaya iştirakçıları salamlayaraq Türk dünyasında Cədidçilik hərəkatından danışıb. O deyib ki, görkəmli maarifçi və ədib İsmayıl Qaspralının təşəbbüsü ilə bütün Türk dünyasında başlayan Cədidçilik hərəkatı, həm də Rusiyada açılan “Üsuli cədid” məktəbləri xalqlarımızın maariflənməsində inqilabi rol oynayıb. Bu cəhətdən bu gün Türk coğrafiyasında yaşayan xalqlarımız modern dünyanın bir parçası kimi müstəqil dövlətlərini inkişaf etdirərək bir çox məsələlərdə söz sahibinə çevriliblər.
Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru, professor Şəkərboy Canikulov, Yunus Rəcəbi adına Milli Musiqi Sənəti İnstitutunun rektoru, professor Eldor Şermanov, “Cədid” qəzetinin baş redaktoru İqbol Mirza, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova
Türk dünyasında Cədidçiliyin inkişafından, özbək maarifçisi, dramaturq, naşir, müəllim, müfti, din və ictimai xadim Mahmudxoca Behbudinin xidmətlərindən danışıblar.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstituyunun şöbə müdiri, professor Bədirxan Əhmədov , AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Gülşən Kəngərli, Şimali Kipr Türk Respublikasının Levke Avropa Universitetinin müəllimi, dosent Nazim Muradov, Azərbaycandan gələn digər qonaqlar simpoziumun bölmələr üzrə keçirilən iclaslarında bu mövzu ilə bağlı məruzələr ediblər.
Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev “Cədidçilik və erməni modernləşməsi” mövzusunda çıxış edib.
Qafar Mehdiyev deyib:-Cədidçilik hərəkatı Qafqazda yayılarkən ermənilər buna reaksiya vermiş, o dövrün erməni mətbuatında çap edilən yazılarda müsəlman dünyasının, Türk xalqlarının inkişafından narahatlıq ifadə olunmuş, İsmayıl Qaspralının rəhbərlik etdiyi “Üsuli-cədid” hərəkatının gələcəkdə ermənilər üçün təhlükə törədəcəyi qeyd edilmişdir”.
Simpozium iştirakçıları qədim Səmərqənd şəhərində olub, Daşkəndin gəzməli yerlərinə baxıblar.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd