Qoşulmama Hərəkatının Zirvə görüşündə Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept çıxışında müstəmləkə siyasətini hələ də davam etdirən Fransanın təzyiqindən danışdı. Cənab Jozept bildirdi ki, adada üçüncü referendum rəsmi Parisin təzyiqi altında keçirilmişdi. Əslində, kaledoniyalı qonağın dedikləri yenilik deyil. Biabırçı müstəmləkəçilik keçmişinə malik Fransanın aborigen əhaliyə qarşı təzyiqi İkinci Dünya müharibəsindən sonra da müşahidə edilir.
Fransız qurbanı olan ada-dövlət
Yeni Kaledoniya 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmiş uzaq arxipelaqdır. Tanınmış səyyah adanı Yeni Kaledoniya adlandırmağa qərar vermişdi, çünki ada ona əcdadlarının vətəni olan, tarixən Kaledoniya kimi tanınan Şotlandiyanı xatırladırdı. Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət Yeni Kaledoniyanın sahəsi 19 min kvadrat kilometrdir. Cənub-qərbdə Avstraliya iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə isə Fici ilə həmsərhəddir. Əhalisi 268 min 767 nəfərdir (2014), paytaxtı Numea şəhərində 98 min nəfər yaşayır. “Köhnə dünya”dan adaya ilk böyük axın da 1840-cı ildə baş vermişdi. Fransa və İngiltərədən gələnlər adada bitən səndəl ağacını Avropaya daşıyırmışlar.
Əlbəttə, iş səndəl ağacı ilə məhdudlaşmadı.1853-cü ildə ada Fransanın müstəmləkəsi elan edildi. 1860-cı illərdən XIX əsrin sonlarına qədər Fransa hakimiyyəti ora cinayətkarları (ümumilikdə 22 min nəfər) sürgün etdi, yerli əhali isə əslində rezervasiyaya qovuldu. Adada əvvəlcə qəhvə və Hindistan cevizi ağacları becərildi, sonra mineral ehtiyatlar, xüsusən nikel hasil olunmağa başlandı. Əsrlər boyu Yeni Kaledoniyada yaşamış kanakilər dəfələrlə ağdərili əhaliyə qarşı üsyan qaldırmışdılar. Ən böyük partizan müharibələri 1878 və 1917-ci illərdə baş vermişdi. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xarici ərazisi oldu, yeddi il sonra adanın bütün sakinləri- avropalı və ya yerli xalqların nümayəndələri olmasından asılı olmayaraq Fransa vətəndaşlığını aldılar. BMT təsnifatına görə, Yeni Kaledoniya özünü idarə etməyən ərazidir, yəni müstəmləkəsizləşdirmə prosesinin hələ də başa çatmadığı yerdir.
Hərbi vəziyyətdən referenduma qədər
Yeni Kaledoniyada uzun illər ərzində kəskin etniklərarası gərginlik, ciddi sosial və iqtisadi çətinliklər baş verdiyindən adada separatçılıq əhval-ruhiyyəsi də güclənmişdi. Bu tendensiya indi də müşahidə olunur. 1980-ci illərdə xarici ərazilərdə vəziyyət xüsusilə gərginləşmiş və faktiki olaraq arxipelaqın müstəqilliyinin tərəfdarları və əleyhdarları arasında silahlı qarşıdurma mərhələsinə keçmişdi. 1985-ci ildə rəsmi Paris regionda fövqəladə vəziyyət tətbiq etmək məcburiyyətində qalmışdı. Fransa hakimiyyəti Əlcəzair müharibəsindən (1954-1962) sonra ilk dəfə belə bir tədbirə əl atmışdı. Yeni Kaledoniyada gərgin vəziyyət 1988-ci ildə Parisdə Fransa hökuməti, loyalçılar və separatçılar arasında üçtərəfli danışıqların nəticəsi olan Matinyon sazişi bağlandıqdan sonra normallaşmışdı. Müqavilə elə həmin il ümumxalq referendumunda təsdiqlənmişdi. Bu sənədə əsasən, Kaledoniya 1998-ci ilə təyin edilmiş öz müqəddəratını təyinetmə referendumuna qədər müvəqqəti olaraq xüsusi inzibati statusa malik idi. Lakin təyin olunmuş vaxt çatanda Fransa hökuməti vəd etdiyi referendumu daha gec bir tarixə təxirə salmışdı. Bu, Kaledoniyanın paytaxtında (Noumea) imzalanmış və eyni ildə fransızlar tərəfindən ümumxalq səsverməsi ilə təsdiq edilmiş Noumea sazişində nəzərdə tutulmuşdu.
Sənəd arxipelaqda həyatın bütün sahələrinə tam nəzarətin tədricən yerli idarəetməyə verilməsi qaydasını müəyyən etmişdi. İstisnalar Parisin yurisdiksiyasında qalan müdafiə, ədalət, daxili təhlükəsizlik və valyuta məsələləri idi. Yeni Kaledoniyanın öz müqəddəratını təyin etməsi ilə bağlı referendum, bu razılaşmaya əsasən, “2018-ci ildən gec olmayaraq” keçirilməli idi. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Olland adalara səfər edərək referendumun keçiriləcəyini və Parisin yerli əhalinin seçiminə hörmətlə yanaşacağını təsdiqləmişdi. Yelisey sarayının mövqeyi hakimiyyət dəyişikliyindən sonra da dəyişməmişdi. 2018-ci ildə səsvermə ilə bağlı yekun razılığa gəlindiyi açıqlanmışdı. Həmin il yazın əvvəlində yerli parlament dəqiq tarixi təsdiqləmişdi: referendum 2018-ci il noyabrın 4-nə təyin edilmişdi.
Üç dəfə səsvermə oldu, ancaq...
Vaxtında baş tutan referendum yerli cəmiyyətdəki parçalanmanı üzə çıxardı: seçicilərin 56 faizi Fransanın tərkibində qalmağın lehinə səs verdi. Ancaq aborigen kanakilərin böyük əksəriyyəti müstəqillik tərəfdarları olduğunu bildirdilər. Düzdür, onlar Yeni Kaledoniyanın taleyini təkbaşına həll edə bilmirlər - avtoxton əhali (müəyyən bir ərazidə və ya müasir milli dövlətin yerləşdiyi yerdə tarixən yaranmış əhali-red.) ada sakinlərinin 40 faizindən bir qədər azını təşkil edir. Kanakilər ağ köçkünlərin nəsillərini və ya dünyanın başqa yerlərindən gələnləri inandırmağa çalışırlar ki, müstəqillik daha böyük nemətdir. Amma son referendumların nəticələri göstərir ki, adaya sonradan gələnlər kanakilərə qoşulmaq istəmirlər və ya çəkinirlər. Bütün bunlar da vəziyyəti getdikcə daha da çıxılmaz hala gətirir.
4 oktyabr 2020-ci ildə keçirilən ikinci müstəqillik referendumunda da kanakilər istəklərinə nail ola bilmədilər. Gəlmələr bu dəfə də Parisin arzusunu yerinə yetirdilər. Seçicilərin 53,2 faizi “Köhnə dünya”da qalmağa üstünlük verdi. Lakin adanın həqiqi sahibləri arzularından dönmək fikrində deyillər. Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept AzTV-yə müsahibəsində Yeni Kaledoniya xalqının Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözlədiyini açıqladı. Daimi müvəkkilin sözlərinə görə, Yeni Kaledoniya xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır: “Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram”.
S.ELAY,
“Xalq qəzeti”