Talançılara aman yoxdur!

post-img

Azərbaycanın dünyanın güclü ölkələri sırasında yer alması, qüdrətli dövlətə çevrilməsi və dünya dövlətlərinin bizimlə razılaşması zamanın reallığıdır. Təəssüf ki, qalib ölkəmizin haqlı tələblərini yerinə yetirmək istəməyən, hər vasitə ilə vaxtı uzadan ermənilər bir həqiqəti dərk etmirlər ki, Azərbaycan həm öz ərazisində qayda-qanun yaratmağa qadir olan, həm də Cənubi Qafqazda söz sahibliyinə malik bir dövlətdir. 

Məhz ekofəalların Laçın–Xankəndi yolunda keçirdikləri dinc aksiya həm də separatizmə, onun hər cür təzahü­rünə qarşı yönəlib və regionda sabitli­yin, təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istisma­rına qarşı Xankəndi – Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür ki, fasiləsiz olaraq favam edir. ilk gündən etibarən dünya ictimaiyyətinə bununla bağlı çağırışlar edilir. 

Qarşı tərəfin blokada barədə əsas­sız iddialarına baxmayaraq, dünən də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlıları­na məxsus humanitar təyinatlı avto­mobillər Laçın – Xankəndi yolundan maneəsiz keçib. BQXK-nin vasitəçiliyi ilə 9 xəstə Xankəndidən Ermənistana yola salınıb. Məlumata görə, daha əv­vəl Ermənistana aparılmış 7 xəstə isə Qarabağa qayıdıb. Ümumiyyətlə, Laçın yolunda aksiya başlanandan indiyədək BQXK-nin vasitəçiliyi və müşayiəti ilə 144 xəstə Xankəndidən Ermənistana aparılıb.

Aksiyaçılar ətraf mühitin qorunma­sını, talançılığın, vandalcasına istisma­rın, ekologiyaya vurulan ziyanların qar­şısının alınmasını tələb edirlər. Erməni diasporu, lobbisi, erməni maraqlarını qoruyan bəzi dövlət və təşkilatlarsa fərqli kontekstdən çıxış edərək aksiya­nın məğzini dəyişməyə çalışır. Guya, aksiyaçılar Xankəndidə yaşayan ermə­niləri çətin vəziyyətə salırlar. Əslində isə qətiyyən elə deyil.

Dünyanın hansısa yerində kiçik bir ekoloji problem olanda görürük ki, müəyyən siyasi dairələr buna sərt münasibət bildirir, problemin həlli ilə əlaqədar müdaxilələr edilir. Qarabağda aparılan qazıntılar qanunsuz olmaqla yanaşı, ekoloji standartları da çox ko­bud şəkildə pozursa da, nədənsə bu, ən yaxşı halda sükutla qarşılanır.

Göründüyü kimi, bəzi bir sıra bey­nəlxalq təşkilatların Laçın – Xankən­di yolunun bağlanması və aksiyaçılar barəsində bəyanatları cəfəngiyatdan başqa bir şey deyil. Aksiyaçılar bu yol­dan talançılıq və hərbi məqsədlər üçün istifadənin qarşısını alırlar. Humanitar məqsədlər üçün isə yol açıqdır.

Məlum Üçtərəfli Bəyanatın şərtlə­rinə əsasən, humanitar məsələlərin hə­yata keçirilməsi və kommunikasiyaların açılması nəzərdə tutulsa da, erməni tərəfi hələ də üzərinə düşən vəzifələri yerinə yetirmir. Eləcə də, Moskva, Soçi və Bürüsseldə imzalanan bəyanatlar­da humanitar xarakterli bəndlər olsa da, qarşı tərəf onları yerinə yetirmək­dən boyun qaçırır. Bəyanatı imzalayan tərəflərə vasitəçilik edənlər də buna su­surlar. Azərbaycan üzərinə düşən hər şeyi edir, Ermənistan isə…

Dünyanın bəzi ermənipərəst mətbu­at orqanlarında aksiyani siyasiləşdirən və kontekstdən çıxarılmış yazılara da rast gəlirik. Analitik düşüncə korluğun­dan əziyyət çəkən Ermənistan qəsdən aksiyanı blokada kimi təqdim edir. La­çın yolundan silah-sursat, minalar və s. daşımaq, həm də maneəsiz hərəkət etmək istəyir. Absurddur. Sülh gündəli­yinin irəli aparılması üçün Azərbaycan hər zaman təşəbbüs göstərib. Sülh müqaviləsinin bütün prinsipləri də qarşı tərəfə təqdim edilib. 

Otuz il ərzində ərazilərimizi işğal altında saxlayan Ermənistan burada qeyri-qanuni iqtisadi fəaliyyətlə məş­ğul olmaqla ekologiyaya hədsiz ziyan vurub, təbii sərvətlərimizi talayıb, flora və faunanı məhv edib. Erməni separa­tizmi bu cinayətkar fəaliyyəti yenə də davam etdirməyə çalışır. Biz razı ola­rıqmı ki, ərazimizə qanunsuz silah və minalar daşınsın, həmin hərbi təyinatlı məhsullar Azərbaycan vətəndaşları­nın ölümünə səbəb olsun? Bu, heç bir hüquqa, hətta insani dəyərlərə belə sı­ğışmır. Ermənistanın bütün bu istək və iddiaları həm də sülhyaratma prosesinə əngəldir.

Ermənilər daşıya bildiklərini daşı­yıb, apara bilmədiklərini isə yandıraraq məhv ediblər. İkinci Qarabağ savaşı dövründə də erməni silahlı birləşmələ­rinin raket və ağır artilleriya vasitələrin­dən atdığı mərmilər və hətta beynəlxalq səviyyədə qadağan olunmuş kaset bombaları və ağ fosforlu mərmilər mü­haribə zonasından uzaqda yerləşən Ağgöl və Göygöl kimi milli parklarımız­dakı yaşıllıqları, minlərlə bitki növünü və torpağın üst qatını məhv edib. Azər­baycanın Qələbəsi ilə tamamlanmış Vətən müharibəsindən sonra da əra­zilərimizi tərk edən ermənilər amansız terror aktları törədiblər. Bütün bunlar Azərbaycan iqtisadiyyatına milyardlarla dollar zərər vurub.

Yetməzmi?..

 

Anar ŞUŞALI,

Hərbi jurnalist

 

Son zamanlar Qarabağda cərəyan edən hadsələrin fonunda onu qeyd etmək olar ki, erməni separatçıları tərəfindən ekoloji fəlakətin dayanması və həmin ərazilərdə monitorinqin ke­çirilməsi tələbi ilə gənclərin keçirdiyi ekoaksiya artıq öz nəticəsini verməyə başlayıb. Belə ki, öncə separatcı re­jimə daşınan silah-sursatın qarşısı alındı. Bu da erməsni silahlı birləş­mələrinin atəşkəs pozuntusunu azal­dıb. Digər tərəfdən, həmin ərazilərdə fəaliyyət göstərən başqa ölkələrin şirkətlərinin Azərbaycana məxsus ərazilərdə talançılıq əməllərinin qarşı­sı alındı və onlar öz fəaliyətlərini da­yandırmağa məcbur oldular. 

Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respubli­kasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərilə təmaslar üzrə mə­sul şəxs qismində martın 1-də Xoca­lı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Fe­derasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşməsini, həm də həmin əra­zilərdə yaşayan erməni vətəndaşla­rına bir mesaj kimi qiymətləndirmək olar. Həmin görüş, birmənalı olaraq, məsələlərin dinc yolla həll olunmasına inam yaradır. Bu, ona işarədir ki, re­gionun ən güclüsü olan Azərbaycan etnik ermənilərə yaşam hüququ verir. Bu da onların gələcəkdə ağ günə çıx­masının təminatıdır. 

Əlbəttə ki, Ali Baş Komandanın yeni yaradılan birlik və birləşmələrin, o cümlədən Komando hərbi hissələ­rinin açılışı zamanı qeyd etdiyi kimi, biz yanız sülh istəyirik. Ermənistanla münasibətlərimizin düzəlməsi qarşı tərəf üçün böyük şansdır ki, ölkəsinin inkişafını təmin edə bilsin. Yox, əgər Ermənistan siyasi hakimiyyəti və ya separatcı rejim bir daha yolunu azar­sa, əlbəttə ki, dəmir yumruq öz cava­bını verəcək.

Yeni formatda ilk dəfə keçirilən belə görüş ondan xəbər verir ki, ermə­ni əhalisinin Azərbaycana inteqrasiya olunması yolunda irəliləyiş var. Etnik ermənilərlə danışıqların aparılması separatçı rejimin sonunun çatmasın­dan xəbər verir. Gələcəkdə Rusiya sül­hməramlıları olmadan Gəncə, Ağdam və ya Bərdədə də bu cür görüşlərin keçirilməsi mümkündür. Azərbaycan dövləti hər zaman bəyan edib ki, Qa­rabağda yaşayan ermənilər Azərbay­can vətəndaşlarıdır. Onlar ölkəmizin pasportunu əldə edərək rahat şəkildə digər rayonlarda da yaşaya bilərlər.

 

 

Rizvan FİKRƏTOĞLU, 

“Xalq qəzeti”





Siyasət