Rusiya imperiyası Şimali Azərbaycanı işğal edəndən sonra İrəvan və Naxçıvan xanlıqlarının yerində yaradılmış İrəvan quberniyası Kiçik Qafqazın cənub hissəsini və Ağrı dağına doğru şimaldan cənuba bir sıra yaylaqları və yüksək düzənlikləri əhatə edirdi.
Qərbi Azərbaycanın böyük bir hissəsində təşkil edilmiş bu yeni iri inzibati ərazi vahidi qərbdən Qars, cənubdan Türkiyənin Asiya hissəsi olan Ərzurum vilayətləri ilə həmsərhəd idi. İrəvan quberniyasının əsas hissəsi İran və Türkiyə sərhədi boyunca uzanırdı və Kutais, Tiflis, Şamaxı quberniyaları, İranın Qaradağ, Mərənd, Maku xanlıqları, Türkiyənin Bəyazid, Qars, Axalsıx paşalıqları ilə sərhəd idi.
Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orxon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir.
Bölgənin qədim türk tarixi ilə bağlı məlumatlarına qədim Assur və Urartu mixi yazılarında da tez-tez rast gəlmək olur. E. ə. 1200-cü ilə aid Assur yazılarında adı çəkilən türksoylu Xarxar // Qarqar ölkəsinə həm də indiki Qərbi Azərbaycan ərazisi daxil idi. Təsadüfi deyil ki, Xarxar-Qarqar-Gərgər-Herher variantlarında günümüzə qədər gəlib çatmış bu etnonimin izləri bu gün Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimdə də yaşamaqdadır. Təkcə elə İrəvan xanlığı tərkibinə daxil olan 15 mahaldan ikisi (Gərnibasar və Qarbibasar) bu etnosun adını daşımışdır.
Cənubi Qafqaz ərazilərinin Əhəməni və Sasani imperiyalarının tərkibinə qatılması ilə bəhs olunan bölgə də çox geniş ərazili imperiyaların bir əyaləti olmuşdur. Sasani imperiyasının indiki İran coğrafiyası da daxil olmaqla Cənubi Qafqazdakı hegemonluğuna son qoyan Ərəb xilafəti 661-ci ildən etibarən bölgəni öz təsir dairəsinə keçirmişdir.
IX əsrdə Ərəb xilafətinin Cənubi Qafqazda təsir dairəsinin zəifləməsindən sonra Qərbi Azərbaycan əraziləri erkən feodal dövlətlərindən olan Şəddadilərin hakimiyyətinə keçmişdir. XI yüzilliyin ilk rübündən isə Cənubi Qafqaza daxil olan oğuz türkləri cənub istiqamətindən Arran torpaqlarına daxil olaraq Naxçıvanda, sonra isə Dəbil şəhərində yetişmişlər. Beləliklə, “Kitabi-Dədə Qorqud” dastanında “Oğuz eli” adlandırılan bölgə geniş ərazili Səlcuq imperiyasının tərkibinə qatılmışdır. 1136-cı ildə isə Azərbaycan Atabəylər dövlətini yaradan Şəmsəddin Eldəniz az sonra Naxçıvanı paytaxt etməklə bölgəni tabeliyinə keçirmişdir.
XIII–XIV əsrlərdə Azərbaycan əraziləri Monqol imperiyasının tərkibinə qatılmişdır. Azərbaycan Qaraqoyunlu dövləti (1410–1468) yarandıqdan sonra, 1411-ci ildə Qərbi Azərbaycanı da öz torpaqları sırasına daxil etmişdir. Qaraqoyunlu dövründə İrəvan şəhəri mühüm inzibati mərkəzə çevrilmişdir. V.Bartold yazır ki, İrəvan bir kənd kimi Əmir Teymur zamanında (XIV əsrin sonunda) salınmış, Şah İsmayıl zamanında isə şəhərə çevrilərək İrəvan (Rəvan) adlandırılmışdır.
Azərbaycan Səfəvilər imperiyası yarandıqdan sonra Qərbi Azərbaycan torpaqları Çuxursəd (İrəvan) bəylərbəyliyi inzibati-ərazi statusu daşımağa başlamışdır. Çuxursəd bəylərbəyliyinin mərkəzi şəhərindən bəhs edən bir sıra rusdilli qaynaqlar İrəvan şəhərini “Rəvan” deyə yad edir. Tanınmış tarixçi Seyidağa Onullahi İrəvan şəhərinin yaranması ilə bağlı yazmışdır: “İrəvan Çuxursəd də adlandırılmışdır. Türk tayfasının başçısı Səd hündür dağlar arasında, çökək yerdə bu şəhərin əsasını qoyduğu üçün onun adı “Səd çuxuru”, fars dilində isə “Çuxursəd” adlandırılmışdır”.
Müəllif daha sonra bildirmişdir: “Azərbaycanın qədim torpağı olan Çuxursəddə 3 qala var idi. Ən qədim qala Osmanlı sərdarı Fərhad paşa tərəfindən hicri 991-ci (1583) ildə Zəngiçay kənarında salınmışdı. Ətrafında dərin xəndək qazdırılıb, çayın suyu ilə doldurulmuşdu. Çuxursəd ərazisi Şah İsmayılın hakimiyyəti dövründə qızılbaşların malikanəsinə daxil idi. Şah Təhmasib dövründə (1524–1576) isə Səfəvi dövləti ərazisində 13 bəylərbəylikdən biri Çuxursəd əyaləti idi. Ustaclı tayfasından olan Məhəmməd xan Toxmaq Ustaclı 35 ildən artıq bu müddətə Çuxursəd bəylərbəyisi vəzifəsində işləmişdi.” Qeyd edək ki, görkəmli ədəbiyyatşünas alim Firidun bəy Köçərli də İrəvan şəhəri haqqında eyni məlumatları vermişdir: “İrəvan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binasına təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olublar. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxura düşübdür.”
XVI əsrin sonunda və XVIII əsrin 20-ciillərində Səfəvi–Osmanlı müharibələrinin gedişində Osmanlı imperiyası Səfəvi dövlətinin şimal-qərb bölgəsinin böyük bir hissəsini ələ keçirmişdir. Bu bölgələri mərkəzləşmiş qaydada idarə etmək məqsədilə osmanlılar bu ərazinin ölkənin ictimai-siyasi və sosial-iqtisadi sisteminə inteqrasiyası ilə ciddi məşğul olmağa başlamışlar.
Göründüyü kimi, bölgənin taleyi müəyyən fasilələrlə, XVI əsrin sonlarından, təxminən, XVIII əsrin 20-ci illərinədək Osmanlı imperiyası ilə bağlı olmuşdur. Osmanlı hakimiyyəti dövründə tərtib olunmuş 1590-cı il tarixli müfəssəl dəftərə görə, İrəvan əyalətində 10 nahiyə (İrəvan, Karbi, Vedi, Aralıq, Talin, Ərmus, Abnik, Abaran, Şərəbxana) olan İrəvan livasından, 16 nahiyəsi (Ağcaqala, Məvaziyi-xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şahbuz, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad) və bir qəzası olan (Naxçıvan) Naxçıvan livasından ibarət olmuşdur.
1728-ci il tarixli İrəvan əyalətinin müfəssəl dəftərindən aydın olur ki, osmanlılar Naxçıvan bölgəsi üçün ayrıca bir müfəssəl dəftər tərtib etmiş, Zar, Zəbil və Şərur nahiyələrini Naxçıvan sancağının tərkibindən çıxararaq İrəvan əyalətinə birləşdirmişdilər. Beləliklə də, 1728-ci il tarixli İrəvan əyalətinin müfəssəl dəftərinə görə, eyni adlı əyalətin ərazi-inzibati quruluşu: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zarzəmin nahiyələri və Şorəyel livası, Naxçıvan sancağı isə Naxçıvan şəhəri, Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərənürgüt, Dərələyəz və Sisyan nahiyələrindən ibarət olmuşdur.
Ziyad ƏMRAHOV,
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent