Sosial Tədqiqatlar Mərkəzinin “Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” mövzusunda keçirilən sorğuda iştirak edənlərin 74,6 faizi tarixi yurd yerlərimizə qayıdışın baş tutacağına inandığını bildirib.
Sorğu iştirakçılarının 46,5 faizi “tam inanıram”, 28,1 faizi “əsasən inanıram”, 7 faizi “əsasən inanmıram”, 10,4 faizi “heç inanmıram” cavablarını qeyd edib. Onların 8,1 faizi cavab verməkdə çətinlik çəkib.
Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79 faizi, qadınların isə 71 faizi qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət mənzərəsi baxımından əhəmiyyətlidir.
Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18–24 yaş qrupunda olan respondentlərin 58 faizi qayıdışın baş tutacağına tam inandığını bildirib. “Əsasən inanıram” deyənlər isə 26 faizə bərabər olub. Başqa sözlə, 18–24 yaş qrupunda olanların 84 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.
25–34 yaş qrupundakı insanların 50 faizi “tam inanıram”, 27 faizi “əsasən inanıram” variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6 faizi “əsasən inanmıram”, 8 faizi “heç inanmıram” cavabını verib.
35–44 yaş qrupunda olanların isə 74 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45–54 yaş qrupu üzrə 75 faiz təşkil edib. Bu göstəricilər çoxəsrlik qan yaddaşının oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir.
Nəhayət, 65 və yuxarı yaş qrupundakı respondentlərin 80 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
“Xalq qəzeti”