“Qərbi Azərbaycan İcmasının yaradılması günün ən aktual məsələlərindən biridir. Xalqımız belə bir qurumun yaradılmasını çoxdan arzulayırdı”. AMEA Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bu açıqlamasına əlavə olaraq bildirdi:
– Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988–1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı ictimai qurumdur.
Qərbi Azərbaycanda şəhərlərin, kəndlərin əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Bu onu göstərir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Bu insanlar 1988-ci ildən və ondan da əvvəl müxtəlif ərazilərə səpələniblər. Ötən əsrdə azərbaycanlıların bu torpaqlardan deportasiyası və etnik təmizlənməsi baş verib. Bu rəqəm 2 milyondan çoxdur.
Hazırda əsas məqsəd bu insanların öz doğma yurd-yuvalarına qayıdışıdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının üzərinə böyük vəzifələr düşür. Bundan başqa, Qərbi Azərbaycanda toponimlərimiz və yer adlarımız, demək olar ki, silinib. Bu adlar tarixin vurduğu möhürdür və onu silmək olmaz. Həmin ərazilərdə tarixi-mədəni abidələrimiz, çoxsaylı qalalarımız var. Təqribən, 7 karvansara, 391 məscid bizim tərəfimizdən qeydiyyata alınıb. Bütün bunlar Ermənistanın indiki və keçmiş rəhbərliyinin Azərbaycanın əleyhinə olan düşmənçilik siyasətinin nəticəsidir”.
Müsahibimiz daha sonra qeyd etdi ki, Qərbi Azərbaycanda yer-yurd adlarının, toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasəti olub və birbaşa dövlət cinayətidir. Ermənistan heç zaman bundan yaxa qurtara bilməz:
– Azərbaycan dövlət səviyyəsində Ermənistandan vurulan zərərə görə kompensasiya tələb edir. Soydaşlarımız o ərazilərdə yaşayıb, öz əmlakı olub. Bu insanlar orada öz yaşayışlarını təmin edərək, torpaqlarından gəlir götürürdülər. Həmin gəlirdən onlar 30 ildir məhrum olublar. Hesab edirəm ki, soydaşlarımızın aylıq və ya illik gəlirləri də yaşadıqları evlərin üzərinə gəlməli, kompensasiya şəklində Ermənistan dövlətindən tələb edilməlidir. Çünki azərbaycanlılar oradan zor gücünə çıxarılıb, etnik təmizləməyə məruz qalıblar. Əgər Ermənistan bunu ödəyə bilmirsə, ərazi ilə mübadilə edə bilər.
Ümumilikdə, isə bu həqiqətlər beynəlxalq təşkilatlara Qərbi Azərbaycan İcmasının dəstəyi ilə çatdırılmalı, soydaşlarımızın hüquqlarının bərpası məqsədilə beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Uzun illərdir ki, azərbaycanlıların hüquqları pozulur. Bunun son nəticəsi olmalıdır.
Hazırladı: T. RÜSTƏMLİ, “Xalq qəzeti”