Qərbi Azərbaycanda 1905–1906-cı, xüsusilə 1918–1920-ci illərdə azərbaycanlılara divan tutulanda, Göyçədə də qan su yerinə axıdılanda mahalın böyük və qədim kəndlərindən olan Toxluca da bu qırğından kənarda qalmamışdır. O zaman bu yerlərin azərbaycanlı əhalisinin hamısını qılıncdan keçirmək Andranikin və onun quldur dəstəsinin yeganə məqsədi olmuşdu.
Əlimizdə olan mənbələrdən öyrənirik ki, daşnaklar azərbaycanlıları ellikcə qılıncdan keçirmiş, harda rast gəldilərsə vəhşicəsinə öldürmüşlər. Əllərinə keçən qadınları, uşaqları, qocaları bir yerə yığıb quyulara doldurmuş, üstlərinə daş tökmüşlər. Həftələrlə həmin quyulardan insan naləsi eşidilirmiş ki, bundan da daşnaklar, onların başçıları həzz alırmışlar.
Bu hadisələrin canlı şahidi olmuş, 1936–1938-ci illərdə Dilicanda rəhbər vəzifədə işləmiş toxlucalı İdris Sadıqov söyləyirdi ki, 1918–1919-cu illər arasında ermənilər İcevandan (keçmiş adı Karvansaray) hücuma keçdilər. Məqsədləri Çəmbərək (Krasnoselo) rayonunda yaşayan azərbaycanlıları öldürmək, yandırmaq və onları öz dədə-baba torpaqlarından qovmaq idi.
Əlikörpəli, hamilə qadınlar, uşaqlar, qocalar öküz arabalarında Polad, Çaykənd, Qaraqaya və Əmirxeyirdən keçib Toxlucaya cəm oldular. İstəkləri Ardanışa çatıb oradan da Şah dağını keçərək Azərbaycana qaçmaq idi. Lakin yollar, bərələr, gədiklər tam bağlanmışdı. İşin çətinliyini görən xalq qəhrəmanları – Topal Oruc və Məşədi Cığal elin igid oğullarından dəstə düzəltdi və onların köməyi ilə ermənilərin dişinə qədər silahlanmış qaniçən dəstələrini dağıtdılar. Camaata Şah dağından yol açdılar və onlar Azərbaycana keçə bildilər.
Xalqın bu ağır vəziyyətində xəbəri olan Gəncə qubernatoru 24 noyabr 1918-ci ildə vurduğu teleqramda bildirirdi: “Keçmiş Yeni Bayazid qəzasının Toxluca kəndi erməni döyüşçüləri tərəfindən bombardaman edilmişdir”. Andranik və onun başçılıq etdiyi erməni quldur dəstələrinin Çəmbərək rayonunun müsəlman kəndlərində (Gölkənd, Toxluca, Şorca, Ardanış və s.) törətdikləri vəhşiliklər 1918-1919-cu illərin mətbuat səhifələrində, dövlət sənədlərində öz əksini tapmışdır. Şorca kəndinə hücum erməni quldurlarından gizlənən, qaçmağa imkanı olmayanlar, hamilə qadınlar, eləcə də qocalar, əlillər, xəstələr yerindəcə güllələnir, min bir işgəncə ilə öldürülür, uşaqlar isə süngülərə taxılıb əl-əl gəzdirilirmiş.
Göyçə gölünün şimalında (Çəmbərək rayonunda) yerləşən müsəlman kəndlərində Andranikin quldur dəstələrinin törətdikləri vəhşiliklər tarixi sənədlərdə belə əksini tapmışdır. Q.Muradyan adlı bir müəllif 1920-ci ildə ermənicə “Joğovurd” qəzetində Göyçə gölünün şimal sahillərində azərbaycanlı kəndlərinin dağıdılmasında Ermənistan hökumətinin bandit fəaliyyətini təsvir edərək yazmışdı: “Hökumətin gördüyü tədbirlər nəticəsində... bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistan sərhədlərini tərk etmişlər. Mən dağılmış kəndlər gördüm ki, orada bir neçə pişik və iki-üç it qalmışdı. Onlar bu ölüm sükutuna təəccüblənir, qeyri-adi və qəribə səslə hürürdülər. Bu, kəndlərin əhalisi çox böyük kartof, buğda və arpa əkin sahələri qoyub getmişlər. Hökümətin imkanı vardır ki, bu kəndlərdən 2 milyon puddan çox taxıl və yarım milyon pud kartof götürsün”.
Bu ərazidə yaşayan azərbaycanlılar hər əziyyətə qatlaşaraq öz irz-namuslarını qorumuş, dədə-baba torpaqlarını tərk etməmək üçün bütün imkanlardan istifadə etmişlər. Həmin hadisələr “Azərbaycan” qəzetinin 7 iyul 1919-cu il tarixli nömrəsində də əksini tapmışdır: “Ermənistan Cümhuriyyətinin daxilində qalan Yeni Bayazid qəzasının Göyçə gölü, şərq, cənub, cənub-qərbində müsəlman kəndləri vaxtilə erməni təcavüzlərinin müqabilində müdafiədə bulunmuşdu. Sonra erməni cümhuriyyəti tərəfindən indiki hərbi naziri general Saltıkovun komandası altında top, pulemyot dəstələri göndərib irzlərini təcavüzlərdən müdafiə edən müsəlman kəndlərini topa tutmuş, əhalisinin salamat qalanlarını yerlərindən qaçırmışlar”.
1918–1920-ci illərdə Toxluca kəndindən qovulanlar Ermənistanda sovet hakimiyyətinin qurulmasından istifadə edərək 1922-ci ildə öz doğma yurdlarına qayıda bilmişlər. Lakin Ermənistan dövlətinin azərbaycanlılara qarşı yeritdiyi ayrı-seçkilik siyasəti XX əsrin 30–80-ci illərində də davam etmiş, soydaşlarımız fiziki və mədəni soyqırımına məruz qalmışlar. Bu da azərbaycanlıların yaşadığı kəndlərin, o cümlədən, Toxlucanın sosial-mədəni inkişafına həmişə çox pis təsir göstərmiş, azərbaycanlı sakinlərin konstitusiya hüquqları nəzərə alınmamış, tapdalanmışdır.
Bircə faktı deyim ki, XX əsrin 80-ci illərində Ermənistan hökumətinin qərarı ilə Səhiyyə Nazirliyi bilərəkdən xəstəxanaları mərkəzləşdirmək bəhanəsilə azərbaycanlıların yaşadıqları kəndlərdə səhiyyə ocaqlarını bağlamışdır. Burada iki çirkin məqsəd güdülürdü; azərbaycanlıları mənəvi cəhətdən əzmək, dədə-baba torpaqlarından qovmaq və azərbaycanlıların xeyrinə olan demoqrafik dəyişikliyin qarşısını almaq.
Bundan sonra uşaq ölümlərinin sayı artdı. 1981-ci ildə toxlucada doğulan 114 uşaqdan 30-u bir yaşına çatmamış, 34-ü bir yaşından sonra, 1982-ci ildə doğulan 91 uşaqdan müvafiq surətdə 39-u və 24-ü, 1983-cü ildə doğulan 107 uşaqdan 29 və 52-si, 1984-cü ildə doğulan 94 uşaqdan 31 və 32-si, 1985-ci ildə doğulan 104 uşaqdan 34 və 31-i ölmüşdür.
Çəmbərək (Krasnoselo) rayonundakı azərbaycanlılar 1988-ci ilin mart–dekabr aylarında ermənilərin mühasirəsi şəraitində yaşamışlar. İrəvanla, eləcə də Ermənistanın digər şəhərləri ilə əlaqə saxlamaq nəinki çətin idi, hətta gedib gəlmək mümkün deyildi. Rayonda hadisələrin ən zirvə nöqtəsi 1988-ci ilin noyabrın 24-də oldu. O gün Krasnoselo RPK-nın XXXI konfransı keçirilirdi. Toxluca kənd orta məktəbinin direktoru olduğum üçün həmin konfransda mən də iştirak edirdim. Bütün hadisələr gözlərimin önündə baş verirdi.
1988-ci il 24 noyabr səhər saat 10:00-da başlanan konfrans 25 noyabr səhər saat 4:00-da yekunlaşdı. 18 saat davam edən bu konfrans qarşısına bir məqsəd qoymuşdu: azərbaycanlıları mütləq rayondan qovmaq. Konfransda iştirak edən Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri Asatryan tribunadan açıq-aşkar bəyan etdi: “Ermənistan ermənilərindir. Burada yalnız ermənilər yaşamalıdır. DQMV-ni Ermənistana birləşdirmək isə xalqımızın əsas məqsədidir”.
Bu konfransdan sonra 1988-ci ilin noyabr ayının 25-dən silahlı erməni quldurları azərbaycanlı kəndlərinə hücumlara başladılar. Rayondakı azərbaycanlılar, həmçinin Toxluca kəndinin sakinləri var-dövlətini, ev-eşiyini, mal-qarasını atıb dan üzü saat 3-də qışın şaxtalı, qarlı-boranlı günündə dağlardan, dərələrdən keçib Azərbaycana gəldilər. Beləliklə, Toxluca kəndinin sakinləri də digər Qərbi azərbaycanlılar kimi tarixi-etnik torpaqlarından deportasiya olundular. Dünya isə bu ədalətsizliyə, haqsızlığa, Qərbi azərbaycanlıların tarixi faciəsinə növbəti dəfə göz yumdu...
İbrahim BAYRAMOV,
ADPU-nun şöbə müdiri, professor