Son illərdə Azərbaycanın müxtəlif bölgələrində beynəlxalq tədbirlərin, forumların, konfransların, idman yarışlarının, sərgilərin və bu qəbildən olan digər layihələrin təşkili daha geniş vüsət alıb. Bu hal artıq ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.
Paytaxt Bakı uzun illərdir beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etsə də, regionlarda bu cür tədbirlərin keçirilməsi həm ölkə daxilində tarazlı inkişafın təmininə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edən strateji addımlardandır.
Xüsusilə işğaldan azad edilən ərazilərdə təşkil olunan beynəlxalq tədbirlər burada həyata keçirilən abadlıq və quruculuq işlərinin qlobal miqyasda uğurlu təqdimatı kimi dəyərləndirilə bilər. Digər tərəfdən, bu proses regionların iqtisadi, sosial və mədəni inkişafına mühüm təkan verir, onların turizm və investisiya potensialını artırır.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədbir təkcə iştirakçı ölkələrin deyil, ümumilikdə beynəlxalq ictimaiyyətin diqqətini Qəbələyə yönəldib. Eyni fikri bundan öncə Azərbaycanın digər bölgələrində — o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlər haqqında da demək mümkündür.
Ümumiyyətlə, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra beynəlxalq tədbirlərin regionlarda təşkili daha da genişlənib. Cari il ərzində keçirilən tədbirlər bu meylin davamlı xarakter aldığını göstərir.
Məsələn, bu ilin may ayında Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirilib. İyul ayında isə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü baş tutub. “Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Bir Gələcək Naminə Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizyonu” mövzusunda keçirilən bu tədbirdə Azərbaycan lideri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Məsud Pezeşkian, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər iştirak ediblər.
Eyni ayda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu da Xankəndidə başlayıb və Şuşada davam edib. Forum 52 ölkədən 140 nümayəndəni, 30 informasiya agentliyinin və 80 media qurumunun təmsilçilərini bir araya gətirib.
Gəncədə keçirilən III MDB Oyunları da Azərbaycan regionlarının uğurlu inkişafının daha bir göstəricisi oldu. Bundan əlavə, son illər yüksək səviyyəli dövlət qəbullarının da regionlarda təşkili tendensiyası müşahidə olunur. Prezident İlham Əliyevin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla, sentyabr ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla Şuşada görüşləri bu istiqamətin bariz nümunəsidir.
Ayrı-ayrı dövlət qurumları tərəfindən regionlarda beynəlxalq tədbirlərin təşkili artıq yüksək dinamika ilə müşayiət olunur. Başqa sözlə, təkcə Bakı deyil, artıq ölkənin digər bölgələri də bu cür tədbirlərə ev sahibliyi üçün kifayət qədər infrastruktur və təşkilati potensiala malikdir.
Beynəlxalq tədbirlərin regionlarda keçirilməsi bir neçə mühüm istiqamət üzrə müsbət təsir göstərir. Belə tədbirlər zamanı bölgələrə xarici qonaqlar, diplomatlar, iş adamları və media nümayəndələri gəlir. Bu isə turizm, ictimai iaşə, nəqliyyat, otelçilik və ticarət sahələrində canlanma yaradır. Nəticədə regionlarda sahibkarlıq mühiti güclənir, kiçik bizneslər üçün yeni gəlir imkanları yaranır.
Beynəlxalq tədbirlər üçün yollar, hava limanları, otellər, mədəniyyət mərkəzləri və digər obyektlər yenilənir, yeni layihələr reallaşdırılır. Bu, yalnız tədbir zamanı deyil, uzunmüddətli perspektivdə də regionun inkişafına xidmət edir. Tədbirləri işıqlandıran xarici media nümayəndələri və iştirakçılar vasitəsilə Azərbaycanın bölgələri – onların təbiəti, mədəni irsi və turizm potensialı – beynəlxalq auditoriyaya təqdim olunur. Bu, gələcəkdə turist axınının və investisiya marağının artmasına şərait yaradır.
Qəbələ Beynəlxalq Musiqi Festivalı və Şəki “İpək Yolu” Festivalı kimi layihələr bu baxımdan Azərbaycanın mədəni diplomatiyasının uğurlu nümunələridir. Fərqli xalqların nümayəndələrinin bir araya gəlməsi, mədəniyyətlərarası dialoqun təşviqi Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinin daha geniş tanınmasına imkan yaradır.
Beynəlxalq tədbirlərin regionlarda keçirilməsi Azərbaycanın güclü regional siyasət yürütməsini və ölkənin hər bir bölgəsində təhlükəsizlik və sabitliyin təmin olunduğunu nümayiş etdirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda keçirilən forumlar Azərbaycanın ərazi bütövlüyünü və yeni inkişaf reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir, investor marağını artırır. Bundan əlavə, bu tədbirlər ekoloji və mədəni baxımdan da davamlı inkişafa xidmət edir. Ekoturizm, kənd turizmi və mədəni irsin qorunması ilə bağlı layihələrin reallaşması bölgələrin sosial rifahına müsbət təsir göstərir.
Nəhayət, beynəlxalq tədbirlərin regionlarda təşkili milli birliyin və dövlət nüfuzunun möhkəmlənməsinə xidmət edir. Bu tədbirlər azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinə mənəvi dəstək verir, dünyaya Azərbaycanın həmin bölgələrdə həyatın bərpasını uğurla həyata keçirdiyini göstərir.
Bütün bu məqamlar bir daha təsdiq edir ki, beynəlxalq tədbirlərin Azərbaycan regionlarında təşkili həm iqtisadi, həm siyasi, həm də mədəni baxımdan strateji əhəmiyyətə malikdir. Bu, eyni zamanda dövlətin regionların inkişafına yönəlmiş siyasətinin uğurlu və səmərəli nəticələr verdiyini nümayiş etdirir.
MTM Analitik Qrupu