Milli kimliyimizin “azəri” yamağı

post-img

Uzun illər ərzində “azərilər” adlandırılmağımız, hətta özümüzün də fəxrlə “Mən azəri oğluyam” dediyimiz dönəmlər artıq arxada qalıb. Son illərdə həqiqi tarixi bigilərin dürüst yayılması sayəsində adımıza vurulmuş “azəri” damğasının qarşısı xeyli alınıb. Əksəriyyət bilir ki, bu, adımızın təhrif edilmiş variantıdır və fars ideoloqları İranda yaşayan 45 milyon Azərbaycan türkünü soy-kökündən uzaqlaşdırmaq, mənşəyini qarışdırmaq məqsədilə onları bilərəkdən kiçik farsdilli etnik qrup olan azərilərin adı ilə çağırıblar. Hətta azərilərin fars qaraçı tayfası olduğu da söylənir. Bizlərsə bu aşağılayıcı adın babat səslənişinə uyaraq milli kimliyimizi yanlış olaraq elə ifadə etmişik. Bu, azmış kimi, Sabir Azəri, Azəri qızı Günel, Afşin Azəri kimi tanınan ünlülərimiz də olub və təəssüf ki, indi də var. 

...Sumqayıtda yerləşən bir nəş­riyyat-poliqrafiya müəssisəsi “Azəri” adlanır. Sahibini də tanıyıram, orada kitabım da nəşr edilib. Bu müəssisə­nin işindən narazılığım yoxdur, amma adı heç də ürəkaçan deyil. Bir ziyalı olaraq bu barədə iradımı həmin nəşriy­yatın sahibinə bildirmişəm. “Bilmirdik”, - deyə cavab verib, amma, təəssüf ki, yanlış ad hələ də olduğu kimi qalır. 

Yeri gəlmişkən, bu adı daşıyan neft yatağı, şadlıq sarayı və s. də mövcud­dur. “Obastan” saytının onlayn “Azər­baycan dilinin izahlı lüğəti”ndə isə bu sözün ilk mənası hələ də “azərbaycan­lı” kimi açıqlanmaqdadır.

Onu da qeyd edək ki, millətin ziyalı­ları, nəhayət, məsələnin kökünə varın­ca, ada yamaq olan, təxribat xarakterli “azəri” kəlməsi təpkilərlə qarşılanıb və tanıtım leksikonundan, elmi mətn-lərdən, ədəbi istilahlardan, demək olar ki, çıxarılıb. Son zamanlara qədər Tür­kiyəli qardaşlarımız bizi qısaca ola­raq “azəri” adlandırsalar da, məsələ­dən hali olandan sonra artıq onlar da əsasən bu sözdən imtina ediblər. 

Amma, təəssüf ki, bəzi hallarda, xü­susən də mahnı yaradıcılığında bu na­dan yanaşma davam edir. Mətn müəl­lifləri köhnə (həm də təzə) mahnılarda milləti yenə də kor-koranə şəkildə “azə­ri” adlandırırlar. Necə deyərlər, “üçü birində” olan bəstəkar-şair-müğənni­ciyəzlər hələ də fil qulağında yatıblar və bağışlanmaz təhrifə yol verməkdə­dirlər.

Səməd Səmədovun musiqisi və sözləri Elxan Rəhimova aid olan “Azəri balasıyam” bayağı bir mahnısı var:

Azəri balasıyam, haqqın sədası­yam,

Böyük millətimin bir igid balası­yam (?!)

Səadət Ulduz adlı müğənni oyna­ya-oynaya vəcdlə oxuyur: “Soruşsalar kiməm, haralıyam mən, Azərbaycan­lıyam, azəri qızıyam”. Dostum Yusif Mustafayevin ifa etdiyi “Bir millət, iki dövlət” adlı mahnıda da “azəri” sözü işlənir. Bu qeydləri hazırlayarkən xatır­lamağa çalışdım ki, nə qədər mahnı və muğam parçaları üçün seçilmiş qəzəl “azəri oğlu”, “azəri qızı”, “azəri torpağı”, “azəri yurdu” kimi ifadələrlə doludur. Açığı, hesabı itirdim... 

Əlbəttə, savadsız özündənşairlərin həmin ifadəni fəxrlə işlətməsi yolveril­məzdir. Deyək ki, onlar bunu bilmədən edirlər, bəs, nəzarət funksiyalı bədii şu­ralar, özlərini pafosla “dil fədailəri” kimi təqdim edən qurumlar buna nədən su­sur və qarşısını almırlar?!

Çox istərdik ki, mahnı yaradıcıları etnik mənsubiyyətlərini təhrif etməsin­lər. Bu, baş verdikdə isə “azəri” sözü­nün gen-bol işləndiyi mahnıları dövriy­yəyə buraxan tele-radio mənsubları, bədii şuralar, monitorinq qrupları, digər əlaqədar qurumlar qətiyyətlə “stop” işarəsi versinlər.

 

Əli NƏCƏFXANLI, 

“Xalq qəzeti”

Sosial həyat