Bakı Slavyan Universitetinin konfrans salonunda devizi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından götürülmüş “Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət!” hikməti olan “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib. Mərasim iştirakçılarına mərhum Humay Quliyeva və onun xatirəsinə yaradılmış fondun fəaliyyəti, tərəfdaşları, layihələri və təqaüd proqramları barədə məlumat verilib, qonaqların sualları cavablandırılıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev fondun qayəsinin bəşəri və mənəvi dəyərlərə bağlı olduğunu bildirib. O qeyd edib ki, fondun nəcib və xeyirxah məramı var. Humay Quliyevanın xatirəsinə yaradılan fondun məqsədi təhsilin, bilikli insanların yetişməsinə töhfə verməkdir. Rektor fond rəhbərliyinə universitetin tələbələri üçün də bu imkanı yaratdıqlarına görə öz təşəkkürünü bildirib.
“Huma quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova bildirib ki, qurum kommersiya məqsədi güdməyən qeyri-hökumət təşkilatıdır. Ailə üzvlərinin təşəbbüsü ilə yaradılan fondun maliyyə qaynağını Humayın beynəlxalq təşkilatlarda çalışdığı illərdə toplanmış vəsait təşkil edir. Fondun əsas məqsədi imkansız və aztəminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda keyfiyyətli bakalavr və magistr pilləsi üzrə təhsil almasına və cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah və vətənpərvər gənclər yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa, Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərəcək.
Xeyriyyəçilik fəaliyyəti üçün təhsil sahəsinin seçilməsi isə Humayın sağlığında elmə, biliyə, kitaba, oxuyub-öyrənməyə sonsuz məhəbbəti olmasıdır. Fondun təsisi zamanı onun halal zəhmətlə qazanılmış vəsaitinin bu istiqamətdə xərclənməsinin istək və arzularının məqsədəuyğun şəkildə həyata keçməsi, nəcib fəaliyyətinin özündən sonra da davam etdirilməsi ideyası əsas götürülüb.
“Huma quşu” Təhsilə Yardım Fondunun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə, fondun nümayəndəsi Səidə Abdullayeva və digər qonaqlar çıxış edərək Humayın qısa ömründə keçdiyi şərəfli həyat yolundan söz açıblar. Natiqlər fonda gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Mərasimdə Humay Quliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.
Elçin ABBASOV, “Xalq qəzeti”