Türk dünyasının böyük opera rejissoru

post-img

Ta qədimdən Özbəkistanda azərbaycanlılar yaşayıb. Qardaş ölkənin mədəni inkişafında onların da zəhmət payı olub. Onlardan biri də Firudin Səfərovdur. Əllinci illərdə gələcəyin tanınmış opera rejissoru Firudin Səfərov hələ Bakı Konservatoriyasında oxuyurdu. O, həm də peşəkar futbolçu idi. Azərbaycanın yığma komandasında oynayırdı. Günlərin birində imtahanı verməyib komanda ilə Qorki şəhərinə yarışa yollanmış, qələbə ilə qayıtmışdı. Bu barədə dedikləri: “Bakıya dönəndə Qara Qarayev məni cəzalandırmaq üçün yanına çağırtdırmışdı. Amma özü də futbol azarkeşi olduğu üçün günahımı bağışlamışdı”. Sonradan Firudin Səfərov incəsənətə üstünlük verdi. 

 

“Azman ağacın iki budağı” 

 

Dostları və sənətsevərlər onları belə adlandırır. Biri Özbəkistanın və Azərbay­canın Xalq artisti, Dövlət Mükafatı lau­reatı, tanınmış opera rejissoru Firudin Səfərov, digəri SSRİ Xalq artisti, gözəl səsli opera müğənnisi, “Leqendarnaya Aida” adını qazanmış Firəngiz Əhmədo­va.

Onlar 1958-ci ildə tanış olmuşdular. Onda Firudin Səfərov mayestro Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrində çalışırdı. 1958-ci ildə kollektiv Orta Asiya və Qazaxıstana qastrol səfə­rinə gəlir. Onlar bir ay Daşkənd, Almatı, Aşqabad, Düşənbə, Bişkek şəhərlərində konsertlər verirlər. Firəngiz xanım orkestr­də oxuyurdu və bu ala gözlü qız kollektiv­də işləyən subay oğlanların nəzərində idi. Onlardan biri hətta Firudin Səfərova de­mişdi ki, sən xoşbəxtsən, çünki Firəngizin səndən xoşu gəlir. Beləliklə, 1959-cu ildə gənclərin toyu olur. Böyük sənətkarların bir qızı və bir nəvəsi var. 

Firudin Səfərov 1956-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Kon­servatoriyasında zərb alətləri üzrə təh­silini bitirdikdən sonra bir müddət orada müəllim işləyir. Sonra həmin vaxtlar Kon­servatoriyanın rektoru olmuş bəstəkar Cövdət Hacıyevin məsləhəti ilə N.A.Rim­ski-Korsakov adına Leninqrad Konserva­toriyasında ölkənin tanınmış rejissor və musiqiçiləri – Yevgeni Sokovnin, İsaak Klikman, Yan Frid, Anatoli Dmitriyev və başqalarından dərs alır. 

 

Azərbaycanın ilk professional opera rejissoru 

 

Bakıda isə onu gözləyirdilər. O vaxt Azərbaycan KP Mərkəzi Komitəsinin kati­bi işləyən Cəfər Cəfərov Firudin Səfərovu qəbul edir və o, M.F.Axundov adına Azər­baycan Opera və Balet teatrına baş rejis­sor təyin edilir. 

Firudin Səfərov: “1969-cu ildən 1977-ci ilədək çalışdım. Üzeyir Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, P.İ.Çaykov­skinin “Qaratoxmaq qadın” operalarını ta­maşaya qoydum, neçə-neçə digər əsərlər yarandı. “Koroğlu” operasının təqdima­tı olan gün Qara Qarayev də tamaşaya baxmış və belə demişdi: “Möhtəşəm ta­maşadır”. Onu da qeyd edim ki, mənim quruluş verdiyim “Koroğlu” 30 il səhnədə qalıb.

Bununla belə, Azərbaycanda ope­ranın inkişafı ilə bağlı arzularımı həyata keçirə bilmirdim, planlar yuxarıda tutulur­du. Mən isə professional opera rejissoru kimi məmurlarla razılaşa bilmirdim. O biri yandan da ölkənin müxtəlif teatrları məni işləməyə dəvət edirdilər. Belə bir vaxtda Özbəkistandan da dəvət aldım və Daş­kəndə üstünlük verdim”. 

 

Rejissorun Daşkənd həyatı 

 

Daşkənddə bacarıq və imkanlarını ortaya qoymaq üçün ona gözəl şərait yaradıldı. İlk gündən Əlişir Nəvai adına Özbəkistan Böyük Opera və Balet Teat­rında baş rejissor işləyir. Bu teatrda ürəyi istəyən gözəl əsərlər tamaşaya qoyub. Sənətkar kimi özünü xoşbəxt sayır. “45 ildən artıqdır ki, bu məbəddə çalışıram. Azərbaycan Opera və Balet Teatrı ilə də əlaqəmi üzməmişəm. Müxtəlif vaxtlarda Bakıda Üzeyir Hacıbəyovun “Leyli və Mə­cnun”, “Nemət Kodallının “Van Qoq” və Vasif Adıgözəlovun “Natəvan” əsərlərinə quruluş vermişəm”. 

Firudin Səfərovun Özbəkistanın Xalq artisti, gözəl opera dirijoru mərhum Dil­bər Əbdürrəhmanova ilə əməkdaşlığı nəticəsində 40-dan artıq əsərə səhnə həyatı verilib. C.Verdinin “Otello”, “Aida”, “Trubadur”, “Bal-Maskarad”, “Traviata”, S.Prokofyevin “Odlu mələk”, A. Petro­vun “Birinci Piotr”, Ş.Qunonun “Faust”, P.İ.Çaykovskinin “Qaratoxmaq qadın”, Bi­zenin “Karmen”, Dj.Puççininin “Bohema”, “Çio-Çio-San”, M.Bafoyevin “Ömər Xəy­yam”, R.Quliyev və T.Sadıqovun “Leyli və Məcnun”, H.Rəhimovun ”Ana ürəyi”və bir sıra digər gözəl əsərlər bu sıradadır. 

Tanınmış rejissor öz işi və əməli ilə həm də Azərbaycan və özbək xalqlarının mədəniyyətinin, incəsənətinin yaxınlaş­masına və inkişafına böyük töhfə ver­mişdir. Daşkənddə onu “iki xalqın böyük oğlu” adlandırırlar və əslində bunu sübut etmək üçün özümüzü dağa-daşa vurma­ğa heç ehtiyac da yoxdur. 

1984-cü ildə Özbəkistan teatrı Almani­yada keçirilən 26-cı Ümumdünya teatr və musiqi festivalında SSRİ-ni təmsil edib və teatrın repertuarında olan “Birinci Pyotr”, “Faust” və M. Əşrəfinin “Tufan” tamaşala­rı Berlin, Leypsiq və Drezden şəhərlərin­də uğurla göstərilib, əsərlər həm müəllifə, həm də Özbəkistana böyük şöhrət gətirib. Xüsusi vurğulamaq lazımdır ki, bu əsərlə­rin hər üçünün quruluşçu rejissoru Firudin Səfərov idi. 

Həmin il Firudin Səfərov Sergey Pro­kofyevin heç Moskvada da tamaşaya qoyulmayan “Odlu mələk” operasının notlarını əldə edir və Daşkənd teatrında səhnələşdirir. Bu xəbər ölkəyə səs salır. Dünya şöhrətli dirijor Yevgeni Svetlanov tamaşanın premyerasına baxmaq üçün Daşkəndə gəlir, əsəri çox bəyənir və re­jissorun sənət qələbəsini “səhnə qəhrə­manlığı” adlandırır. 

1986-cı ildə Daşkənd teatrı “Odlu mələk” tamaşası ilə Moskvaya qastrol səfərinə gedir. Kremlin Qurultaylar Sara­yında anşlaq olur. Hər gün tamaşaya 6 min tamaşaçı baxır. Bu günlər Moskva mətbuatının diqqəti Firudin Səfərov və “Odlu mələk” tamaşasına yönəlir. Əsər lentə alınır, “İntervideniye” kanalı ilə dün­yaya göstərilir. 

Firudin Səfərovun şöhrəti get-gedə artır və onu müxtəlif teatrlara tamaşalar hazırlamağa dəvət edirlər. Rejissor Anka­ra, Leninqrad, Odessa, Voronej, Samara, Almatı teatrlarında klassik və rus bəstə­karlarının əsərlərini tamaşaya qoyur. Ümumiyyətlə isə, sənətkarın Bakı, Daş­kənd və digər teatrlarda quruluş verdiyi əsərlərin sayı 70-i ötüb. 

 

Azərbaycan bəstəkarlarının əsərləri Özbəkistan teatrında

 

1929-cu ildə yaradılmış Özbəkistan Opera və Balet Teatrı öz qapılarını tama­şaçılara Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri ilə açıb. Bu teatrda ayrı-ay­rı vaxtlarda Üzeyir bəyin “Koroğlu”, M. Maqomayevin “Nərgiz”, Q.Qarayevin “İl­dırımlı yollarla”, “Yeddi gözəl”, F.Əmirovun “Min bir gecə”, “Sevil” (Səmərqənd teatrı), A. Məlikovun “Məhəbbət əfsanəsi”, İki qəlbin dastanı” və başqa əsərlər tamaşa­ya qoyulub. Onu da deyək ki, “Məhəbbət əfsanəsi” və “Min bir gecə” əsərləri uzun illərdir ki, səhnədən düşmür. Bu əsərlərin hazırlanmasında Firudin Səfərovun bö­yük rolu olub. 

“Koroğlu” tamaşası Daşkənddə 1951-ci ildə tamaşaya qoyulub. Əsər oy­nanılan günlərdə Daşkəndə dəvət olunan Bülbül gəlib tamaşaya baxır, əsər xoşuna gəlir və Koroğlu rolunun ifaçısı, haqqında danışdığımız Dilbər Əbdürrəhmanovanın atası, Özbəkistanın xalq artisti Qulam Əbhürrəhmanovun ifasını bəyənir, onun­la dostlaşır. Bülbül bir neçə tamaşada da oynayır və Daşkənd sənətsevərlərini va­leh edir. Yeri gəlmişkən, Bülbül tamaşada oynamaq üçün Bakıdan xüsusi olaraq tar da gətizdirir və Daşkənddə tarçalan ax­tarmağı tapşırır. Bir gün sonra Özbəkis­tana sürgün olunan Şuşalı Rza Növrəslini (Qarabağ şairi Mirzə Ələsgər Movrəsin nəvəsi-Q.K.) sorağını alırlar. Bülbülün xahişi ilə Rza Növrəsli teatra dəvət olu­nur və məşqlərdən sonra onun ifası çox bəyənilir. 

 

“Özbəkistan mənim ikinci Vətənimdir” 

 

Muxtar Əşrəfi adına Özbəkistan Döv­lət Konservatoriyasının professoru Fi­rudin Səfərov: “70 illik yubileyimlə bağlı Özbəkistanın sabiq prezidenti İslam Kərimovun fərmanı ilə ölkənin ən böyük mükafatı olan “Şöhrət” ordeninə layiq gö­rülmüşəm, Özbəkistanın Dövlət mükafatı laureatıyam, bu torpaqda şöhrətlənmiş, hörmət-izzət sahibi olmuşam. Bununçün mən özbək xalqına minnətdaram. Axı Öz­bəkistan mənim ikinci Vətənimdir”. 

F.Səfərov ötən illər ərzində Özbəkis­tanın bir sıra digər orden və medallarına layiq görülüb, Əmək Şöhrəti ordeni alıb, 2021-ci ildə isə Özbəkistanın müstəqilli­yinin 30 illiyi münasibətilə ölkə Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə “Fədakar xidmətləri üçün” ordeni ilə təltif olunub. 

2016-cı ildə F.Səfərov “Dünya Vətən­daşı” adına layiq görülüb. Onu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə qlobal vətəndaşlığın formalaşdırılması proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sok­rat Fəlsəfə Məktəbi (SFM) layiq görüb.

Firudin Səfərov gənc opera rejissor­larının hazırlanmasında mühüm iş görüb. O, dirijor Dilbər Əbdürrəhmanovayla bir­gə yüzlərlə gəncə opera sənətinin sirlərini öyrədib. 

Bu il 90 yaşı tamam olan Firudin Səfərov həm də böyük ictimai iş aparır. Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası­nın üzvüdür. Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarının ikisində iştirak edib və birinci qurultayda Orta Asi­ya respublikaları adından məhz Firudin Səfərova söz verilib. 

“Opera sizin üçün nədir?” sualıma o, belə cavab verdi:

– Opera üç böyük amilin üzərində duruş tapır: Musiqi, poeziya və drama­turgiya... Mən bu üç cəhəti ayrı-ayrılıq­da təsəvvür edə bilmirəm. Tamaşa isə o vaxt uğurlu alınır ki, musiqi, poeziya və dramaturgiya bir-birini tamamlayır. Buna isə ancaq təcrübəli quruluşçu rejissor nail ola bilər. Tamaşa üzərində işləyəndə isə mən həm inzibatçı, həm bənna, həm də fəhləyəm. 

 

Qulu KƏNGƏRLİ 

Daşkənd







Mədəniyyət