Erkən nigah cəmiyyətimizdə bəlalı problemlərdən biridir. Ölkəmizdə onun doğurduğu fəsadlarla bağlı onu deyə bilərik ki, erkən nigah bəzən qızların öz istəkləri, bəzən də valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətinliyi və digər səbəblərdən baş verir. Üzrlü səbəblər olduqda, ərazinin müvafiq icra hakimiyyəti orqanı nigah yaşının 1 il azaldılmasına icazə verir. Bu isə sui-istifadə hallarına yol açır, erkən nigahların sayı və yaratdığı problemləri artırır. Əsasən, valideynlərin “razılığı” ilə qızlarımız erkən yaşda nigaha sürüklənir və onlar nəticələrin nə olacağını düşünmədən qız övladlarının bədbəxtliyinə səbəb olurlar.
Statistik məlumatlara əsaslanıb deyə bilərik ki, ölkəmizdə erkən nigah halları ilə bağlı 2009-cu ildə 5380, 2010-cu ildə 4742, 2011-ci ildə 5138 fakt qeydə alınıb. İllər keçdikcə cəmiyyətin dünyagörüşünün formalaşması, intellekt səviyyəsinin artması erkən nigahları azaldıb. Bununla da, 2019-cu ildə 366, 2020-ci ildə isə 165 erkən nigah qeydə alınıb. Statistika 2021-ci il üzrə 137 fakt bildirsə də, qeyd etməliyik ki, 2021–2022 tədris ilində 11 erkən nigah qeydə alınıb. Bu, rəsmiləşdirilmiş faktlardır. Bəzi hallarda isə erkən evliliklər rəsmiləşdirilmir, ailə dini nigahla qurulur. Statistik məlumatlara əsasən, 18 yaşadək analar tərəfindən 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə 4392, 2020-ci ildə 1917, 2021-ci ilə isə 1650 uşaq doğulub. Bu rəqəmlər məhz qeyri-rəsmi evliliklərin çoxluğunu sübut edir.
Hazırda 1 yaş erkən nigahla bağlı güzəştin ləğvi məsələsi gündəmdədir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bununla bağlı bildirib ki, ölkəmizdə ailə siyasəti sahəsində aydın qanunvericilik bazası yaradılmışdır. Ancaq zamanın tələbinə uyğun olaraq qanunvericiliyə əlavə və dəyişikliklərin olması vacibdir. Nigah yaşının 1 il aşağı salınmasının səbəbləri Ailə Məcəlləsində göstərilməlidir. Qanunvericilikdə bu səbəblərin siyahısı göstərilməyib, nigah yaşının bir il aşağı salınması məsələsi tamamilə yerli icra hakimiyyətinin ixtiyarına buraxılıb. Ailə Məcəlləsində uşaq nikahı, erkən nigah anlayışının tərifi verilməlidir. Nigah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvinə dair təkliflərimizi, həmçinin məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi Milli Məclisin rəhbərliyinə və aidiyyəti strukturlara təqdim etmişik.
Psixoloq Ləman Ağayeva bildirir ki, rayonlarda və kəndlərdə belə halların daha çox baş verdiyinə şahid oluruq. Düşünürəm ki, 1 yaş erkən nigah güzəştinin ləğvi, sui-istifadə hallarının qarşısını alacaq. Nigah yaşının minimum 18 yaş olması ona görə nəzərdə tutulub ki, qızlar daha çox bu yaşda ailə qururlar. Onların fizioloji və psixoloji cəhətdən buna hazır olması baxımından uşaq böyüdərkən təhsilli valideyn kimi yetişməsi önə çəkilməlidir.
Yaşı 18-dən az olan qızları ərə vermək onların gələcəyi ilə oynamaq deməkdir. Erkən nigaha daxil olan xanımlar ömür boyu natamam komplekslərdən əziyyət çəkirlər. Sual edə bilərlər ki, bir neçə əsr öncə qızlar 13–14 yaşında necə ailə qurub, nəvə-nəticə sahibi olurdular? Unutmayaq ki, müasir xanımlarla illər öncəki qızların fiziologiyasını müqayisə etmək ən azı böyük bir yanlışlıq olar.
Ailə quran qızlar psixoloji cəhətdən sağlam olmadıqda onlar özünəqapalı, inamsız və kompleksli şəkildə yaşayırlar. Lakin cəmiyyətə sağlam ailə lazımdır. Çünki sağlam ailə sağlam gələcək deməkdir! Ana olmaq hər bir qadın üçün möcüzəvi bir haldır. Ana olmaq, özümüzdən daha çox düşünəcəyimiz bir varlığın yavaş-yavaş içərimizdə formalaşması deməkdir. Gələcək ananın həyatdakı istək və arzularının ən azından bir neçəsini reallaşdırma şansı olanda və uşaq üçün yeni vəzifələr götürmək gücünü hiss edəndə analıq üçün ən uyğun yaşa çatmış olur. Çünki ana olmaq, “camaat görsün övladım var” deyil, cəmiyyət, dövlət və özün üçün bir insan yetişdirməkdir.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ginekoloqu Aysel Bəyişova bildirib ki, fizioloji cəhətdən ideal doğuş yaşının 20–30 arasında olduğunu desək də, ana olmaq üçün mümkün vaxt insanın emosional yetkinliyə çatdığı yaşdır. Biz həkimlər 25 yaşı uyğun hesab edirik. Çünki insan orqanizmi daha dinc, daha qıvraq olur. Orqanizmdə hormonlar, vitaminlər, minerallar hazır vəziyyətdə olur. Həm sağlamlıq, həm psixoloji baxımdan gənc yaşda ana olmağın müsbət tərəfləri çoxdur. Amma, insanlar var ki, 25 yaşında özünü hələ uşaq hesab edir və ya “ana olmağa hazır deyiləm”– deyir, 30 yaşında dünyaya uşaq gətirmək niyyətindədir. Amma həmin yaşda onun orqanizmi tibbi baxımdan buna nə dərəcədə hazır olur? Təbii ki, daha gənc yaşda ana olmağın üstünlükləri özünü dünyaya gəlmiş uşağın sağlamlığında, psixologiyasında daha aydın büruzə verir.
Qadın yaşa dolduqca orqanizmində yumurta hüceyrələri qocalmaya doğru gedir. Yumurta hüceyrənin yetişməsi tükənən prosesdir. Qadın–kişi orqanizminin inkişaf mərhələlərinin də müəyyən yaşda başa çatdığı dövr var. Belə ki, qadınlar tez ana olduqda orqanizm hamiləliyi özünə yad cisim kimi hesab edər və hormonlarda problem yaşana bilər. Bu da doğulacaq körpənin müxtəlif patologiyalarla üzləşməsinə gətirib çıxarar. Məsələnin qanunvericilik tədbirləri öz yerində, ancaq maariflənmə işi aparılmasa, yenə də erkən nigahlar və fəsadları ilə qarşılaşa bilərik. Çünki bu gün erkən ailə qurmaq, uşaq dünyaya gətirmə prosesində ana ölümü, doğulan uşağın psixoloji və fiziki sağlamlığında problemlərin mövcudluğu kimi neqativ hallarla çox rastlaşırıq.
Bahar MURADOVA,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
– Yetkinlik yaşına çatmayanların erkən yaşda evliliyi nəinki Azərbaycanda, bütün dünyada problem olaraq qalmaqdadır. Bununla bağlı ölkəmizdə bir sıra hüquqi və inzibati xarakterli addımlar atılsa da, problem hələ də tam həllini tapmamışdır. Qızların erkən ailə qurmalarına bölgələrdə tez-tez rast gəlinir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində nigah vaxtı həm kişilər, həm də qadınlar üçün 18 yaş müəyyən edilib. Məcəllənin 10.2-ci maddəsinə əsasən, üzrlü səbəblər olduqda nigaha daxil olmaq istəyən və nigah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nigah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Erkən nigah hallarının qarşısının alınması məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məcəllədən həmin maddənin çıxarılması ilə bağlı qanun layihəsi hazırlanmışdır. Çünki qüvvədə olan maddə BMT-nin Uşaq hüquqları haqqında Konvensiya və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ziddiyət təşkil edir. Belə ki, Konvensiyanın 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək uşaq sayılır. Həmçinin “Uşaq hüquqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs də uşaq hesab edilir.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı rəyində ölkədə qadınlar və kişilər üçün minimum nigah yaşının 18 yaş həddində müəyyən edilməsinə baxmayaraq, erkən nigah səviyyəsinin yüksək olduğu, qadınların və qızların yalnız kəbinlə nigaha daxil olmaları, erkən nigahların rəsmi qeydiyyatının olmaması səbəbindən qadınlar Ailə Məcəlləsinin təmin etdiyi müdafiədən yararlana bilmirlər.
Komitə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə yenidən baxaraq, həm kişilər, həm də qadınlar üçün minimum qanuni nigah yaşı ilə bağlı bütün istisnaların qanunvericilikdən çıxarılmasını tövsiyə etmişdir. İrəli sürülən təklif uşağın mənafeyini əsas götürərək onun təhlükəsiz mühitdə yaşaması üçün zəmin yaradır və bu məsələ uşaq hüquqlarının təmin edilməsi sahəsində əhəmiyyətli addımlardan biri kimi hesab oluna bilər.
Mehriban ZEYNALOVA,
“Təmiz Dünya Qadınlara Yardım” İB-nin sədri
– Milli Məclisdə güzəştin ləğv olunması ilə bağlı verilən təkliflə razıyam. Sadəcə, bir məsələnin də diqqətdə saxlanılmasını istəyərdim. Birincisi, erkən nişanlanmanın hər hansı formada iqtisadi cəzalanmasını təklif edirəm. Bu, qanunda olsa da, bir az da ağırlaşdırılsın, çünki 13–15 yaşlı qız nişanlanırsa, onun gələcəklə bağlı planları buxovlanır. Belə qızlardan çox az faizinin təhsil almasına və ya təhsilinə davam etməsinə ailə icazə verir.
İkinci ən böyük problem qadın və qızların təhlükəsizlik məsələsidir. Hər hansı hadisə ilə bağlı kənar təsirlərdən narahat olan ailələr çıxış yolu kimi evliliyi, yaxud nişanı münasib bilirlər. Düşünürlər ki, bununla övladının təhlükəsizliyi təmin edilir, amma tam əksi baş verir və daha çox problemlərlə üzləşirlər.
Üçüncü məsələ qız və qadınların səlahiyyətlənməsinin gücləndirilməsi ilə stimullaşdırmadır. Cəmiyyətdə belə bir fikir yaranıb ki, təhsil almaq boş şeydir, onsuz da kimsə öz uşağını irəli cəkəcək. Belə ümidsizlik qızların arzularına, stimullaşmalarına böyük əngəldir.
Qadının təhlükəsizliyi üçün böhran proqramı olmalıdır. Təcrübəmizdən deyə bilərəm ki, əksər vaxt hansısa zorakılıq hadisəsində qız və qadın daha çox ittiham edilir. Ailələr əmin olmalıdırlar ki, onların qızları istənilən mühitdə təhlükəsiz olacaqlar.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”