Bakının sülh sədası Parisdə səsləndi

post-img

Azərbaycan UNESCO tribunasından Cənubi Qafqazda yeni dövrün başlandığını bəyan etdi

Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 222-ci sessiyasının plenar iclası beynəlxalq əməkdaşlığın və qlobal dialoqun mühüm mərhələlərindən sayılmalıdır. Məhz həmin mötəbər platformada Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayevin səsləndirdiyi rəsmi Bakının bəyanatı, sadəcə, ölkənin dördillik fəaliyyətinin yekunu olmaqdan çıxaraq, gələcəyə yönəlmiş strateji baxışların və beynəlxalq sülhə verilən töhfələrin dərin təzahürünə çevrildi.

Bəyanatda Azərbaycanın İcraiyyə Şurasında dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyətə diqqət çəkilməsi xüsusi məqsəd daşıyır. 2021-2025-ci illəri əhatə edən həmin dövr Azərbaycan diplomatiyası üçün tarixi əhəmiyyət kəsb edən hadisələrlə zəngin olub. Məhz qeyd olunan illərdə Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa-quruculuq işlərinə başlamış, eyni zamanda sülh gündəliyini regionda dominant siyasi diskursa çevirmişdir. Azərbaycan bu platformadan istifadə edərək Ermənistanın 30 illik işğalı dövründə mədəni irsə qarşı törətdiyi vandalizm aktlarını, şəhərlərin və kəndlərin tamamilə məhv edilməsini, tarixi-dini abidələrin dağıdılmasını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

E.Abdullayevin çıxışında BMT Nizamnaməsinin və UNESCO Nizamnaməsinin qəbulunun 80 illiyi münasibətilə beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulaması simvolik və siyasi məna daşıyır. Hər iki sənəd İkinci Dünya müharibəsinin xarabalıqları üzərində qurulan yeni dünya nizamının təməl daşlarıdır. Sənədlərin əsas qayəsi dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək, müharibələrin bəşəriyyətə gətirdiyi fəlakətlərin qarşısını almaqdır.

***

Bəyanatın kulminasiya nöqtəsi və analitik baxımdan ən mühüm hissəsi, şübhəsiz ki, Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində atılan addımların, xüsusilə avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş tarixi görüşün və sülh sazişi mətninin ilkin paraflanmasının vurğulanmasıdır. Həmin hadisə təkcə iki ölkənin münasibətlərində yeni səhifə açmaqla qalmayıb, bütün Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün dönüş nöqtəsi hesab olunmalıdır. Birincisi, bu, uzun illər davam edən qarşıdurma və düşmənçilikdən sonra iki xalq arasında sülhün bərqərar olması istiqamətində atılmış ən real və substantiv addımdır. Sülh sazişi mətninin ilkin paraflanması tərəflərin sülhə siyasi iradə nümayiş etdirdiyini və gərgin danışıqlar prosesinin məntiqi nəticəsi olduğunu göstərir. İkincisi, görüşün məhz Vaşinqtonda keçirilməsi və ABŞ-ın prosesdə fəal iştirakı Cənubi Qafqazda davamlı sülhün təmin edilməsində qlobal güclərin maraqlı olduğunu və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların aparıcı dünya dövlətləri tərəfindən qəbul edildiyini nümayiş etdirir. Azərbaycanın milli maraqlarına tam cavab verən sülh gündəliyi beynəlxalq dəstək qazanmışdır. Üçüncüsü, həmin hadisənin UNESCO kimi humanitar mandatlı təşkilatın tribunasından səsləndirilməsi xüsusi əhəmiyyət daşıyır. UNESCO-nun Nizamnaməsində deyilir ki, “müharibələr insanların şüurunda başladığı üçün sülhün müdafiəsi də insanların şüurunda qurulmalıdır”.

Azərbaycan–UNESCO əməkdaşlığının konkret istiqamətlərinə edilən istinadlar ölkənin yumşaq güc siyasətinin və davamlı inkişaf hədəflərinə sadiqliyinin göstəricisidir. Keyfiyyətli təhsil istiqamətində həyata keçirilən layihələr, şübhəsiz ki, Azərbaycanın insan kapitalının inkişafına verdiyi önəmin təzahürüdür. Elm və süni intellekt sahəsindəki təşəbbüslər Azərbaycanın gələcəyə baxışını və innovasiyalara açıq olduğunu nümayiş etdirir. Süni intellekt dördüncü sənaye inqilabının əsas hərəkətverici qüvvəsi olaraq həyatın bütün sahələrində fundamental dəyişikliklərə səbəb olur. UNESCO həmin texnologiyanın etik çərçivədə inkişaf etdirilməsi və təhsildə tətbiqi üçün qlobal standartlar müəyyənləşdirməyə çalışır.

Bəyanatda “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətinin vurğulanması Azərbaycanın beynəlxalq arenadakı unikal rolunu və brendini bir daha önə çəkir. 2008-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan “Bakı Prosesi” qısa müddətdə sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayan qlobal platformaya çevrilmişdir. Proses çərçivəsində müntəzəm olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dünyanın müxtəlif yerlərindən olan siyasətçiləri, din xadimlərini, alimləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma və hörmətin təşviqinə xidmət edir. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşən, multikulturalizm və tolerantlıq ənənələrinin dərin kök saldığı məkan olmuşdur. Məhz həmin tarixi təcrübə və siyasi iradə “Bakı Prosesi”nin uğurunu şərtləndirən əsas amillərdir. Dünyanın müxtəlif bölgələrində ksenofobiya, islamofobiya və antisemitizmin artdığı, sivilizasiyaların toqquşması nəzəriyyələrinin yenidən gündəmə gəldiyi şəraitdə, Azərbaycanın təşviq etdiyi dialoq mədəniyyəti alternativ və daha humanist dünya nizamının mümkün olduğunu göstərir.

İrqçiliyin bütün formalarına və təzahürlərinə qarşı UNESCO çərçivəsində birgə mübarizənin zəruriliyinin ifadə edilməsi bəyanatın humanistik ruhunu tamamlayan mühüm elementdir. İrqçilik insan ləyaqətinə qarşı ən ağır cinayətlərdən olmaqla yanaşı, cəmiyyətləri daxildən parçalayan, münaqişələrə və zorakılığa rəvac verən təhlükəli ideologiyadır. Azərbaycan xalqı tarixən etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların bərabərliyi prinsipinə sadiq olmuşdur. Təəssüf ki, regionda Azərbaycan xalqına qarşı monoetnik dövlət qurmaq məqsədi güdən, irqi dözümsüzlük və etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Məhz həmin acı təcrübədən çıxış edən Azərbaycan irqçiliyin və dözümsüzlüyün bütün formalarına qarşı qlobal mübarizənin ön sıralarında yer alır.

Azərbaycanın UNESCO İcraiyyə Şurasının 222-ci sessiyasında səsləndirdiyi bəyanat ölkənin son illərdə keçdiyi inkişaf yolunun, qazandığı diplomatik uğurların və gələcəyə yönəlmiş strateji hədəflərinin hərtərəfli və analitik təqdimatıdır. Sənəd göstərir ki, Azərbaycan beynəlxalq hüququn aliliyini təmin edərək ərazi bütövlüyünü bərpa etmiş, regionda yeni sülh və əməkdaşlıq erasının təməlini qoymuş, eyni zamanda UNESCO-nun təhsil, elm, mədəniyyət və dialoq kimi ali məqsədlərinin həyata keçirilməsinə mühüm praktiki töhfələr vermişdir. Vaşinqtonda sülh sazişinin paraflanması ilə Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcını qoyan Azərbaycan “Bakı Prosesi” ilə qlobal miqyasda dialoq mədəniyyətini təşviq edir, elm və təhsilə yatırdığı sərmayələrlə dayanıqlı gələcəyini təmin edir. Bu, milli maraqlarla bəşəri dəyərlərin harmonik vəhdətini təmin edən, gücə yox, hüquqa və əməkdaşlığa əsaslanan siyasətin təntənəsidir.

Tural İSMAYILOV,
politoloq

UNESCO İcraiyyə Şurasının 222-ci sessiyasında səsləndirilən bəyanat ölkəmizin beynəlxalq arenada fəal və məqsədyönlü siyasətinin göstəricisidir. Azərbaycanın dördillik üzvlük dövründə həyata keçirdiyi fəaliyyət təşkilatın mandatına və prinsiplərinə verdiyi töhfələrin konkret nümunəsidir. Bakı yalnız formal iştirakla kifayətlənmir, həm də layihələr və təşəbbüslər vasitəsilə UNESCO-nun fəaliyyətini gücləndirir. Bu, ölkəmizin çoxşaxəli diplomatiya yürütməsinin parlaq təzahürüdür.

Azərbaycanın regionda sülh və əməkdaşlıq təşəbbüsləri, həmçinin Ermənistanla dialoqa açıq mövqeyi, mövcud geosiyasi reallıqlara baxmayaraq, prinsipial və konstruktiv siyasət yürüdüldüyünü nümayiş etdirir. Azərbaycanın UNESCO ilə əməkdaşlığı humanitar və intellektual sahələri də əhatə edir. Keyfiyyətli təhsil sahəsində aparılan layihələr, gənclərin və qadınların elm və innovasiyalarda iştirakının artırılması Azərbaycanın müasir dünya ilə inteqrasiya strategiyasının tərkib hissəsidir. “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqi ölkəmizin multikultural dəyərlərə verdiyi önəmi göstərir. İrqçiliyə qarşı birgə mübarizə Azərbaycanın insan hüquqları və bəşəri dəyərlərə bağlılığını təsdiqləyir.

Süni intellekt və elm sahəsində təşəbbüslər qlobal səviyyədə bilik cəmiyyətinin inkişafına töhfə vermək niyyətini ortaya qoyur. UNESCO platformasında fəal iştirak ölkəmizin diplomatik çevikliyi və strateji baxışının göstəricisidir. Bakı, həmçinin çoxşaxəli layihələr vasitəsilə gənclərin və qadınların potensialını reallaşdırır. Azərbaycanın UNESCO-nun prinsiplərinə sadiqliyi, beynəlxalq hüquq və dəyərlərə hörmətinin ən aydın göstəricisidir. Bu sadiqlik həm də regionda və dünyada Azərbaycanın etibarlı və konstruktiv tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Yusif ŞƏRİFZADƏ
XQ



Siyasət