Hazırda qlobal miqyasda baş verən proseslərlə bağlı əsaslı proqnozlar vermək olduqca çətindir. Bu, bütövlükdə geosiyasi mənzərənin risklər və qeyri- müəyyənliklərlə müşayiət olunması, həmçinin onların vahid nəzəri çərçivəyə salınmasının getdikcə mürəkkəbləşməsi ilə izah olunur. Bununla belə, bir sıra nüfuzlu "beyin mərkəzləri" müəyyən geosiyasi məkanlara dair proqnozlar verə bilirlər. Məhz bu kontekstdə ABŞ-ın "Stratfor" analitik mərkəzi Cənubi Qafqaz regionuna dair bir sıra proqnostik tezislər irəli sürüb. Biz onların üzərində bir qədər geniş dayanmağa ehtiyac duyduq.
"Beyin mərkəzi"nin yanaşma özəlliyi
"Stratfor"un regiondakı geosiyasi dinamikanın təhlilinə yanaşması universal xarakter daşımır. Bu "beyin mərkəzi" Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı təhlilini əsasən avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə paraflanmış Azərbaycan-Ermənistan sülh müqaviləsi kontekstində aparıb. Bu da, təbii olaraq, təhlil və proqnozun məzmununa əvvəlcədən konkret yön verir və fikirlərin müəyyən bir istiqamətdə fokuslanmasına səbəb olur (bax: What To Make of the U.S.-Brokered Peace Deal Between Armenia and Azerbaijan / "Stratfor", 13 avqust, 2025).
Təhlilin qısa təqdimatından görünür ki, "Stratfor" Cənubi Qafqaz ölkələrinin geosiyasi mövqeyinə və taleyinə "Vaşinqtonun gözü" ilə baxır. Bu zaman bir neçə prinsipial məsələni önə çəkir.
Birincisi, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən sammitin nəticələrinin yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda da proseslərin məzmununu və ümumi mənzərəsini dəyişəcəyinə dair inam ifadə olunur.
İkincisi, bu gedişatın təkcə Cənubi Qafqaz ölkələrinin geosiyasi mövqeyinə deyil, həm də Türkiyə, Rusiya və İran kimi böyük dövlətlərin də Avropa-Qafqaz-Mərkəzi Asiya kontekstində mövqelərinə təsir edəcəyi proqnozlaşdırılır.
Üçüncüsü, Cənubi Qafqaz ölkələrinin və Türkiyə, Rusiya və İranın hər biri üçün fərqli geosiyasi situasiyanın formalaşacağı qeyd olunur.
Vurğulanan prinsiplərin qarşılıqlı əlaqəsi prizmasından "Stratfor", həqiqətən, düşündürücü proqnozlarla çıxış edib.
Azərbaycan
"Stratfor" Azərbaycanın birmənalı olaraq uğurlarını daha da artıraraq regional liderliyini möhkəmləndirəcəyini və bu prosesdə regionun aparıcı dövləti statusunu qoruyub saxlayacağını proqnozlaşdırır. Bunun əsas səbəbləri kimi iki faktor göstərilir – əvvəla, Azərbaycan çox mühüm hərbi qələbəyə nail olub və müharibədən sonrakı mərhələdə fəal əməkdaşlıq və təhlükəsizlik siyasəti yeridir, ikincisi, Azərbaycanın əsas siyasi müttəfiqi olan Türkiyənin mövqeyinin daha da möhkəmlənməsi üçün onun NATO-dakı müttəfiqi ABŞ ciddi səylər göstərir (bax: məs., əvvəlki mənbəyə və Armenia and Azerbaijan: Peace or Pause? // "Clingendael" Niderland Beynəlxalq Münasibətlər İnstitutu, sentyabr, 2025). Bunun fonunda Azərbaycan proseslərin hansı dinamika ilə inkişaf etməsindən asılı olmayaraq iki aspektdə dividend qazanacaq.
Birincisi, regional mövqeyini daha da möhkəmləndirəcək.
İkincisi, daha geniş coğrafiyada təsir gücünü artıracaq.
Bu prosesdə o, Türkiyə ilə tandemdə hərəkət edəcək. Qəribədir ki, təhlildəki bu məqam Azərbaycanda ekspertlərin diqqətindən kənarda qalıb. Halbuki "Stratfor"un Azərbaycanla bağlı qiymətləndirməsində Türkiyə faktoru mühüm yer tutur. Bu baxımdan geniş geosiyasi məkan üçün ciddi əhəmiyyəti olan bir özəlliyi vurğulamaq lazımdır.
Azərbaycan və Türkiyə Orta Dəhliz kontekstində
"Stratfor"un hesabatında türk ticarət və infrastrukturunun inkişafı birbaşa Orta Dəhliz kontekstində nəzərdən keçirilir. Azərbaycan da məhz həmin aspektdə enerji və kommunikasiya mərkəzi rolunu gücləndirəcək ölkə olaraq təqdim edilir. "Beyin mərkəzi" bu prosesə bütövlükdə ABŞ-la Türkiyənin birgə fəaliyyəti rakursundan yanaşır.
Ekspertlərin bu özəlliyi nəzərə almaması (və ya süni şəkildə nəzərdən qaçırması), əslində, Azərbaycanın geosiyasi statusu baxımından olduqca əhəmiyyətli bir faktoru arxa plana atmaq deməkdir. Çünki Azərbaycanın regional funksiyasının Orta Dəhliz kontekstində və ABŞ-la Türkiyə kimi güclü dövlətlərin ortaq fəaliyyətində mühüm yer tutan qüvvə olaraq təqdim edilməsi artıq ölkəmizin qlobal səviyyədə geosiyasi status əldə etdiyini göstərir. Azərbaycan regional lider kimi indi daha geniş məkanlarda söz sahibidir və bu zaman Amerika ilə Türkiyə onun maraqlarını gözləyərək hərəkət edirlər. "Stratfor" kimi nüfuzlu bir "beyin mərkəzi"nin bu özəlliyi vurğulaması, əlbəttə, Azərbaycan rəhbərliyinin böyük uğurlarından biridir.
Əslində, "Stratfor" Ermənistan, Gürcüstan, Rusiya və İran məsələlərini də həmin həqiqəti qəbul edərək qiymətləndirir. Onların hər birinin üzərində ayrı-ayrılıqda dayanmağa çalışaq.
Ermənistan
"Stratfor" bu ölkənin təhlükəsizliyi ilə bağlı yeni balans axtarışında olduğu qənaətini vurğulayır. Konkret olaraq, rəsmi İrəvan Rusiyadan uzaqlaşmağa, İranla müəyyən məsafə saxlamağa və Azərbaycan-Türkiyə tandemi vasitəsilə ABŞ-la yaxınlaşmağa cəhd edir.
Hələlik bu istiqamətdə qalıcı və konkret nəticə yoxdur, lakin Ermənistanın bundan başqa çıxış yolu qalmayıb. Belə bir vəziyyətin yaranmasına ölkə daxilindəki qeyri-stabil durum da təsir etməkdədir. Ermənistan rəhbərliyi birtəhər həmin aspektdə sabitliyi təmin edə bilir. Ancaq bunun nə qədər davam edəcəyi məlum deyil. Bu barədə ekspertlər də öz fikirlərini bildirirlər.
Lakin qəribədir ki, Ermənistanın ekspert dairələri ölkənin düşdüyü bu vəziyyəti Azərbaycanın mümkün "aqressiyası" ilə izah etməyə çalışır və bu müddəanın qaynağı kimi "Stratfor"a istinad edirlər (bax: məs., Stratfor: Ослабление связей с Россией делает Армению уязвимой перед агрессией Азербайджана // "Голос Армении", 29 sentyabr, 2025).
Belə görünür ki, Ermənistanın siyasi şüurunda və ekspert dairələrində hələ də reallığı adekvat dərk edə bilməyən kəsimlər mövcuddur.
Gürcüstan
Son illərdə ilk dəfədir ki, Qərbin "beyin mərkəzləri" Gürcüstan haqqında müsbət proqnozlar vermirlər. "Stratfor" da istisna olmadı. Bu "beyin mərkəzi" Gürcüstanı tərəddüd edən, bir mövqedən digərinə "sürüşə bilən" ölkə kimi xarakterizə edir. Xüsusilə bu ilin oktyabrında keçirilmiş bələdiyyə seçkisindən sonra Gürcüstanın daha qeyri-müəyyən və tərəddüdedici vəziyyətə düşə biləcəyindən bəhs edilir.
Bu qeyri-müəyyənliyin fonunda təbii ki, Tbilisinin Vaşinqton, Ankara, Moskva və Tehran arasında gərgin mübarizə meydanına çevrilə biləcəyi nəticəsini çıxarmaq çətin deyildir.
Rusiya
Bir zamanlar Cənubi Qafqazda yeganə hakim geosiyasi güc kimi qəbul edilən Rusiya ilə bağlı "Stratfor" neqativ xarakterli proqnozlar irəli sürüb. Hesab olunur ki, hər üç Cənubi Qafqaz dövləti Rusiyadan uzaqlaşmağa çalışacaq. Bu, bir tərəfdən, regionda ABŞ və Türkiyənin mövqeyini möhkəmlədəcək, digər tərəfdən isə İranı seçim qarşısında qoyacaq. Lakin istisna deyil ki, Moskva Gümrüdəki hərbi gücündən istifadə etməyə çalışsın. Belə olan halda, ilk növbədə, Ermənistanın vəziyyəti ağırlaşacaq və regionda geosiyasi durum mürəkkəbləşəcək. Ümumiyyətlə, Rusiya Zəngəzurla bağlı İranla əməkdaşlığa gedə bilər ki, bu da regionda situasiyanı sabitlikdən çıxarar.
İran
"Stratfor"a görə, İran Zəngəzur dəhlizinin (TRIPP) əleyhinədir. Hesab edilir ki, dəhlizin açılması onun Qafqazdakı mövqeyini zəiflədir. Çünki dəhliz həm İranın şimala çıxışını bloklaya bilər, həm də ölkə daxilində separatçı əhval-ruhiyyəni qızışdırar. Buna görə də İranın regionda hərbi aktivliyini gücləndirməsi ehtimalı qalmaqdadır. Bunun fonunda Tehran Moskva və İrəvanla əlaqələri intensivləşdirə bilər.
Yekun
Əlbəttə, hər bir təhlil və proqnoz tam əhatəli ola bilməz və buna görə də proqnozlar nisbidir. O, müəyyən dairələrin baxışı kimi maraq doğurur. Görünür, "Stratfor" artıq Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilən razılaşmaları davamlı faktor kimi qəbul edir, bunun fonunda geniş geosiyasi məkanda proseslərin məntiqinə nəzər salır və uyğun nəticələr çıxarır.
Bizim üçün önəmli olan artıq Azərbaycanla bağlı müsbət tezislərin irəli sürülməsinin davamlı xarakter almasıdır. Çünki bu, faktiki olaraq, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin dünya miqyasında ciddi geosiyasi dəyişiklik olmasının qəbul edilməsinin əlamətidir. Öz növbəsində həmin müsbət tendensiya Azərbaycanın regional və qlobal geosiyasi proseslərdə daha yüksək statusa sahib olmasının göstəricisidir. Bu baxımdan "Stratfor"un proqnozları düşündürücü və əhəmiyyətlidir!
Kamal ADIGÖZƏLOV