Azərbaycan enerji sistemində qabaqcıl idarəetmə texnologiyaları tətbiq ediləcək. Ölkədə yeni yaradılan bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq, idarəetməni qlobal standartlara uyğunlaşdırmaq və enerji sisteminin dayanıqlığını gücləndirmək məqsədilə “AzərEnerji” ASC ABŞ-ın SEL (Schweitzer Engineering Laboratories) şirkəti ilə birgə yeni layihəyə start verib.
Qurumdan verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda WAMS - Geniş Ərazi Monitorinq Sistemi (Wide Area Monitoring System ) və WACS - Geniş Ərazi İdarəetmə Sistemi (Wide Area Control System) texnologiyaları tətbiq ediləcək.
İlk mərhələdə əsas elektrik stansiyaları və qovşaq yarımstansiyalarında 27 ədəd xüsusi ölçü cihazı - PMU quraşdırılır. Bu cihazlar real vaxt rejimində şəbəkədəki gərginlik, cərəyan və tezliyi dəqiq ölçərək məlumatları mərkəzi serverə ötürəcək. Bununla həm Azərbaycanın enerji sisteminə, həm də Rusiya, Gürcüstan və İranla olan enerji əlaqələrinə onlayn nəzarət imkanı yaranacaq. Bu texnologiya qəza risklərini vaxtında aşkar etməyə və onların böyüməsinin qarşısını almağa şərait yaradacaq.
Beləliklə, WAMS sistemi vasitəsilə şəbəkənin vəziyyəti anlıq izlənəcək, sabitlik göstəriciləri, gərginlik dəyişmələri və enerji axınları real vaxtda görünəcək. Bu isə operatorlara daha dəqiq və operativ qərar verməyə, həmçinin bərpa olunan enerji mənbələrinin idarə edilməsini asanlaşdırmağa imkan verəcək.
WACS sistemi isə WAMS-dan daxil olan məlumatlar əsasında şəbəkədə avtomatik idarəetmə tədbirlərini həyata keçirəcək. Bu çərçivədə yükün tənzimlənməsi, generator gücünün dəyişdirilməsi, enerji axınlarının balanslaşdırılması təmin olunacaq, insan müdaxiləsi və qəza riskləri minimuma endiriləcək. Sadə dillə desək, WAMS şəbəkənin “gözləri və qulaqları”dır-vəziyyəti izləyir; WACS isə şəbəkənin “beyni və əlləri”dir-qərar qəbul edib tədbir görür.
Mustafa Kamal
XQ