973-cü il oktyabrın 4-də Xarəzm dövlətinin paytaxtı Kət (Kayat) şəhərində dünyaya gələn Əbu Reyhan Məhəmməd ibn Əhməd Əl-Biruni elmlər tarixində dərin iz qoymuş şəxsiyyətlərdən biridir. Gənc yaşlarından məşhur astronom və riyaziyyatçı İbn İraqdan mükəmməl təhsil alan Əl-Biruni yalnız riyaziyyat və astronomiyanı deyil, fəlsəfə, coğrafiya, tarix və digər sahələri də öyrənmişdi. O, Xarəzmi türkcəsilə yanaşı, Şərqin 9 dilinə, yunan və latın dillərinə də bələd idi.
Əl-Biruni geniş elmi maraqları ilə seçilirdi. Riyaziyyat, astronomiya, geodeziya, tarix, filologiya, mineralogiya və farmakologiya üzrə 45-ə yaxın əsər yazaraq müstəqil tədqiqatlar aparmışdı. Onun ilk əsəri xronologiyaya həsr edilmiş, həmin dövrdə mövcud bütün təqvim sistemləri toplanaraq təhlil edilmiş və geniş xronoloji cədvəl tərtib olunmuşdu. Mineralogiya sahəsində 50 metal, ərinti və mineralın xüsusiyyətlərini təsvir etmiş, dərman vasitələri barədə məlumat toplamış, elmi terminlərin dillərarası tərcümə prinsiplərini işləyib hazırlamışdı.
Əl-Biruninin əsas əsərlərindən biri – “Məsudun astronomiya və ulduzlara dair qanunları”nda alim Yer kürəsinin radiusunu hesablamış, ekvatorla ekliptika arasındakı meyletmə bucağını müəyyənləşdirmiş, Ay və Günəş tutulmalarını müşahidə etmiş, günəş tacının təbiətini izah etmiş və ulduzlar ilə günəşin odlu quruluşa malik olduğu fikrini irəli sürmüşdü.
Alim Şərqin bir çox şəhərlərində olmuş, sultan Mahmud Qəznəvinin yürüşü ilə Hindistana qədər getmiş və orada bir neçə il yaşamışdı. Hind fəlsəfi sistemlərinə – xüsusilə də kosmik təkamül nəzəriyyəsinə dair əsər yazmış, bu əsərdə şahmat taxtası və taxıl dənələrinin məşhur əfsanəsini də təsvir etmişdi.
Əl-Biruninin elmi irsi yalnız Şərqdə deyil, həm də Qərbdə böyük maraq doğurmuşdu. Onun əsərləri orta əsr Latın dünyasına ərəb tərcümələri vasitəsilə daxil olmuş, Avropa alimləri tərəfindən öyrənilmişdi. Xüsusilə astronomiya, coğrafiya və riyaziyyata dair nəzəriyyələri Qərb elminin inkişafında mühüm rol oynamış, Kopernik, Kepler və digər alimlərin tədqiqatlarına dolayı təsirini göstərmişdi. Əl-Biruninin Yer kürəsinin radiusu və sferik coğrafiyaya dair hesablamaları Avropada uzun müddət əsas istinad mənbələrindən biri olmuşdu.
Alim 1048-ci il dekabrın 9-da Qəznə şəhərində vəfat etmişdir. Ölümünə az qalmış belə, o, elmi mübahisələrdən çəkilməmiş, dostlarından birinə belə demişdir: “Bir sualın cavabını öyrənərək dünyanı tərk etmək cavabsız getməkdən yaxşıdır”.
XQ