Ruhun şad olsun, Çingiz müəllim!

post-img

Daha 3 həftə yaşasaydı, bu gün aprelin 12-də 90 yaşının tamam olması münasibətilə yaxından-uzaqdan hamı onu ürəkdən təbrik edib, ən xoş arzularını bildirəcəkdi. Əfsus ki, belə olmadı, 90-ın lap astanasında, martın 23-də vəfatı xəbəri Azərbaycanın futbol ictimaiyyətini sarsıtdı.

Çingiz Məmməd oğlu İsmayılov ömrü boyu şərəfli, ləyaqətli bir həyat yaşamış, əbədiyyətə peşəkar futbolçu və jurnalist kimi qovuşmuşdur. O, ölkəmizin tarixində unudulmaz şəxsiyyət kimi yaşayacaq.

İşlədiyim dövrdə səhərlər əməkdaşı olduğum “Xalq qəzeti” redaksiyasına gedərkən hərdən metronun “Koroğlu” stansiyasında vaqona daxil olduqda Çingiz müəllimin qəzetlərin yeni nömrələrini gözdən keçirdiyini görürdüm. Beləcə, “Nizami”yə kimi onları oxuyacaq, mənzil başına çatdıqda qatardan düşüb, piyada yaxınlıqdakı iş yerinə, Hüsü Hacıyev, 42-yə gedəcək və bir neçə dəqiqədən sonra futbolumuzun həmin ünvanda Respublika Şahmat Klubu ilə qonşuluqda yerləşən baş qərargahı – AFFA-da növbəti iş gününə başlayacaqdı.

Ç.İsmayılovun istər jurnalistikada, istərsə də futbolda yüksək səviyyəli fəaliyyəti hər iki istiqamətdə peşəkarlığının nəticəsi idi. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində idman verilişləri baş redaksiyasının ilk illərdə sıravi əməkdaşı, sonralar isə baş redaktor müavini kimi hazırladığı materiallar, oyunlardan reportajlar, şərhlər ilə etimadı tam doğrultmuşdu. Hətta yeri gələndə mətbuatdakı həmkarlarına da köməyini əsirgəmirdi. Xatırlayıram ki, mən ötən əsrin 70-90-cı illərində “İdman” qəzetində çalışarkən Çingiz müəllim qəzetin rəhbərliyinin xahişi ilə “Neftçi”nin səfərdə keçirdiyi və onun şahidi olduğu oyunlar haqqında hesabatları ertəsi gün operativ surətdə redaksiyaya çatdırırdı.

O illərdə Azərbaycan futbolunun flaqmanı kimi SSRİ çempionatları görüşlərində stadionun tribunalarına 30-40 min tamaşaçı toplayan “Neftçi”nin qapıçısı olmuş, sonralar da bir müddət komandanın rəisi kimi yüksək məsuliyyət və təşkilatçılıq bacarığı tələb edən vəzifədə çalışmış Ç.İsmayılov üçün bu kollektiv onun həyatının bir parçası idi.

“Neftçi”dən sonra “Dinamo” Bakı, “Dinamo” Gəncə, “Neft daşları” komandalarının qapısını qoruyarkən də onların heyətinə təsadüfən dəvət olunmadığını inamlı mübarizəsi ilə sübuta yetirirdi.

Məşhur mütəxəssis 1990-cı illərin ortalarında – 2000-ci illərin əvvəlində AFFA-nın baş katibi kimi məsul vəzifədə də ona həvalə edilən işi yüksək məsuliyyət hissi ilə yerinə yetirmiş əsl futbol adamı idi və söhbət zamanı əbəs yerə fəxrlə demirdi ki, futbol mənim həyatımdır.

Ruhu şad olsun, xeyirxah futbol aləmi SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, “Tərəqqi” medallı, başlıcası isə, peşəkar futbolçu, peşəkar jurnalist olmaqla yanaşı, sadəliyi və ətrafındakılara qayğıkeşliyi ilə hamının rəğbətini qazanmış Çingiz İsmayılovu həmişə minnətdarlıq hissi və dərin ehtiramla yad edəcək.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman