Basketbolçularımızın yolu yeni zirvələrədir

post-img

Azərbaycan idmanı tarixində komanda növləri arasında Olimpiya Oyunlarına ilk dəfə lisenziya əldə edən   qadınların 3x3 basketbol millisi bu günlərdə daha bir uğurlu çıxışla yadda qaldı. Paris Olimpiadası ərəfəsində Avropa Kubokunun final mərhələsinə vəsiqənin əldə edilməsi komandamızın güclü potensialının daha bir göstəricisidir. 

Avropa Kubokunun təsnifat mərhələsində qadınların uğurunu kişilər də təkrar edib. Azərbaycanın həm kişi, həm də qadın komandasının Avropa Kubokunun final mərhələsinə çıxması isə ölkəmizdə bu idman növünün son vaxtlar inkişafının bariz nümunəsidir. 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova açıqlamasında bu cür yarışlardakı nəticənın Azərbaycan basketbolu üçün böyük əhəmiyyəti olduğunu deyib:

– Yüksək səviyyədə basketbol oynadığımızı bir daha sübut etdik. Qarşıda bizi, həmçinin Paris Yay Olimpiya Oyunları gözləyir. Olimpiadada, həm də Avropa Kubokunun əsas mərhələsində ölkəmizi layiqincə təmsil etmək üçün səylərimizi artıracağıq.  

Kosovoda Avropa Kubokunun təsnifat mərhələsindəki görüşlərdən danışan qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç isə qeyd edib ki, turnirdə qalib gəlmək vacib idi. Komanda istəyinə nail olub. Zədələrlə bağlı bəzi problemlər yaşansa da, qızlar toparlanıb, niyə favorit olduqlarını hamıya göstəriblər. Baş məşqçi Olimpiadaya hazırlıqdan da danışıb:

– Komandamız 8 ən güclü yığmadan biridir. Olimpiya Oyunlarında qələbə üçün meydana çıxacağıq. Ona görə imkanlarımızdan tam istifadə edib, oyunlara lazımi səviyyədə hazırlaşmalıyıq. Bütün idmançıların arzusudur li, Olimpiya Oyunlarında iştirak edib, yaxşı nəticə qazansınlar. Məğlubedilməz komanda yoxdur. 

Kişi basketbolçularımızın Avropa Kubokunun təsnifat mərhələsindəki görüşləri də gələcək uğurlar üçün əsas yaradır. Yığmanın üzvü Zaur Paşayev Kiprlə turnirdəki iki matçın çətin keçdiyini söyləyib. O, sonda qələbə qazanmağın tam başqa hisslər olduğunu dilə gətirib. 

Kişi basketbolçulardan ibarət U-20 komandasına məşqçi təyin olunan 
Z.Paşayev etimada görə, minnətdarlığını bildirib. Vurğulayıb ki, hazırda “Cəlilabad” komandasının oyunçusudur və gələn ilin sonunadək klub karyerasını davam etdirmək istəyir.

Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kuboku ilə bağlı fikirlərini bölüşən millinin digər üzvü Amil Həmzəyev qələbəyə kökləndiklərini bildirib. O vurğulayıb ki, Avropa Kubokunun əsas mərhələsinin qrupunda oynasalar da, təəssüf ki, qrupu adlaya bilməyiblər. Basketbolçu budəfəki yarışda yüksək nəticə üçün əllərindən gələni edəcəklərini diqqətə çatdırıb.  

Qeyd edək ki, Avropa Kubokunda qadınların turnirində Azərbaycanla yanaşı, Avstriya (ev sahibi), Niderland (2023-cü ilin qalibi), Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya komandaları iştirak edəcək. Kişi basketbolçularımızın rəqibləri isə Avstriya, Serbiya (2023-cü ilin qalibi), Litva, Hollandiya, Fransa, İspaniya və Xorvatiya komandaları olacaq. 

Bratislava (Slovakiya) və Buxarest (Rumıniya) şəhərlərində iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha 4 komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.

Sayca 9-cu dəfə keçiriləcək Avropa Kubokunda 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. 

L.QURBANOVA 
XQ

 

İdman