Zərif güclərin dünya mübarizəsi

post-img

Milli Gimnastika Arenası növbəti yarışa uğurla evsahibliyi edir 

Müasir dünyada ən cazibədar idman növü kimi tanınan bədii gimnastika hər yerdə kö­nülləri fəth edir. İdman və incəsənəti özündə birləşdirən bu olimpiya idman növündə qadın atletlər texniki bacarıqlarını mürəkkəb bədən hərəkətləri ilə valehedici tərzdə ifadə edirlər. Bu günlər bədii gimnastika üzrə dünya “ul­duzları” yenidən Bakı Gimnastika Arenasın­da Dünya kuboku yarışında bir araya gəliblər. 

Artıq 3-cü gündür ki, gənc, cazibədar, zərif qızlar mükafatçılar sırasında yer almaq üçün həm də bö­yük çeviklik, güc və dözümlülük nümayiş etdirirlər. Bu nüfuzlu yarışın ənənəvi olaraq ölkəmizdə keçirilməsi isə Azərbaycanın adının dünyanın ən güclü gimnas­tika dövlətləri arasında öncüllər sırasında çəkilməsi və bu gözəl idman növünə böyük marağın olmasıdır. 

Yarışın açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxışında paytaxtımı­zın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Nazir Bakı­nın dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu qeyd edərək Azərbaycanın idman uğurları­nın artdığını və gimnastikanın ildən-ilə daha da inki­şaf etdiyini diqqətə çatdırıb.

41 ölkədən 129 idmançı budəfəki yarışlarda fərdi və qrup hərəkətləri üzrə ayrı-ayrı alətlər və çoxnövçü­lük proqramında mübarizə aparırlar. Onların arasında Azərbaycanı təmsil edən atletlərimizin çıxışlarını xü­susi vurğulamalıyıq. Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Soroki­na, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir. 

Turnirin ilk günü böyüklərdən ibarət fərdi proq­ramda millimizin üzvləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə çıxış ediblər. Zöhrə Ağamirovanın halqa ilə çıxışı hakimlər briqadası tərəfindən 33.650 xal ilə qiymətləndirilib. Topladığı xal ona 4-cü pillədə qə­rarlaşmağa və final mərhələsinə yüksəlməyə imkan verib. Qeyd edək ki, Z.Ağamirova İspaniyanın Valen­siya şəhərində keçirilmiş dünya çempionatında Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, Avro­pa çempionatının bürünc mükafatçısı, Yay Universia­dasının dördqat gümüş və bürünc medalçısıdır. 

Böyüklərdən ibarət qrup hərəkətlərində millimizin üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zey­nəb Hümmətova uğurla çıxış edərək həm hakimlər briqadasını, həm də Milli Gimnastika Arenasında top­laşmış azarkeşləri valeh etməyi bacarıblar. Onlar 5 halqa ilə çıxışlarına görə 36.550 xal qazanaraq 3-cü yerə layiq görülməklə, finalda çıxış etmək hüququ qazanıblar. 

Dünya kubokunun ikinci günü fərdi yarışlarla başlayıb. Gimnastlar gürz və lentlərlə bacarıqlarını nümayiş etdirib, həm bu iki növdə, həm də çoxnov­çülükdə finala vəsiqələrin sahiblərini müəyyənləşdi­riblər. Azərbaycan gimnastları Zöhrə Ağamirova və Kamilə Seyidzadə də öz kompozisiyalarını nümayiş etdiriblər.

Zöhrə Ağamirova Dünya kubokunda növbəti dəfə finala vəsiqə qazanıb. O, lentlə çıxışda 33,650 bal toplayaraq, bu hüququ əldə edib. Gimnastımız yarı­şın ikinci günündə ümumilikdə 125.850 xal toplaya­raq, adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (118.450 xal) 23-cü pillədə qərarlaşıb.

Qrup hərəkətləri üzrə komandamız isə yarışda bürünc medal qazanıb.

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.

Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.

Ənənəvi olaraq artıq 11-ci dəfə keçirilən bədii gim­nastika üzrə Dünya kubokunun iştirakçıları yarışla, eləcə də doğma şəhərimiz Bakı və möhtəşəm Milli Gimnastika Arenası ilə bağlı təəssüratlarını da bölüş­məyi unutmurlar. Fransalı idmançı Maelle Millet jur­nalistlərə açıqlamasında Milli Gimnastika Arenasının çox böyük və müasir tələblərə cavab verdiyini, burada yarış iştirakçıları üçün hər cürşərait yaradıldığını qeyd edib. O, 3 il əvvəl də Bakıda olduğunu və paytaxtımı­zın ötən illər ərzində çox inkişaf etdiyini deyib. 

Yarış bu gün başa çatacaq. Ənənəyə uyğun ola­raq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. 

Leyla QURBANOVA
XQ



İdman