Vilayət Rüstəmzadə: Sən 1941-ci ildə yaşamış olsaydın...

post-img

... Yetmişinci illərdə – Bakıya gəldiyim ilk dövrdə əvvəlcə böyük kitabxanalarla tanış olmuşdum, sonra isə Ədəbi birlik və ədəbiyyat dərnəkləri ilə. O vaxt belə birlik və dərnəklər çox idi. Çünki, 1976-cı il mayın 26-27-də Azərbaycan Yazıçılar İttifaqının VI qurultayı keçirilmiş və orada Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev geniş nitq söyləyərək yazıçıların qarşısında böyük vəzifələrin dayandığını demişdi: 

“...Bizim tanınmış söz ustalarımız onları əvəz edəcək gənclərin yaradıcılıq inkişafının daim qayğısına qalmalıdırlar… Belə bir işi Yazıçılar İttifaqı təşkil etməlidir, gənc ədəbiy­yatçılar böyük yaradıcılığa qədəm qoyan gün­dən, hələ ilk addımlarından Yazıçılar İttifaqının qayğı və köməyini görməlidirlər. Azərbaycan Yazıçılar İttifaqı gənclərin bir sənətkar kimi inkişafına diqqəti artırmaqla bərabər, onları yaradıcılıq təşkilatının ictimai fəaliyyətinə də, respublikanın ictimai həyatına da geniş cəlb etməlidir”.

Həmin çağırışın cavabı olaraq çoxsay­lı addımlar atılmışdı. Mən daha çox Bayılda, Neftçilərin Mədəniyyət sarayında fəaliyyət göstərən “Müşfiq bulağı” ədəbi birliyinin (hə­min kollektivi çox illər əvvəl Mikayıl Müşfiqin yaratdığını deyirdilər) tədbirlərində iştirak et­səm də, hərdən proletarların ali rəhbərinin adını daşıyan kitabxanadakı ədəbi birliyə də gedirdim. Bayıldakı kollektivin rəhbəri fəlsəfə elmləri namizədi Telman Haqverdiyev, Lenin adına kitabxanadakı birliyin rəhbəri isə şa­ir-tərcüməçi Vilayət Rüstəmzadə idi. 

Mərhum Vilayət müəllim heç kəsin şe­irinə, hekayəsinə “əla” və ya “pis” deməsə də, maraqlı münasibətləri, cavabları, yerində olan atmacaları ilə hamının könlünü ala bilirdi. Məsələn, sonralar özünü həqiqi şair kimi təs­diq etmiş Əlislam Bilal bir tədbirə gecikmiş və qapının yanında ayaq üstdə qalmışdı. Vilayət müəllim ona dedi ki, qonşu otaqdan stul götür, əyləş. Bir az özündən razı olan Əlislam dedi: – Bu qədər söz sahibinə bir söz sərkərdəsi lazım deyil? Qoy ayaq üstdə dayanım. 

Vilayət müəllim gülümsündü: – Amma sən indi sərkərdə yerində yox, qapıçı yerində da­yanmısan. 

Bir dəfə də gənc şairlərin hansınınsa oxu­duğu şeirdə “Tut ağacının qotur kölgəsi” ifa­dəsi var idi. Mən həmin ifadəyə etiraz etmək üçün söz demək istədim. Vilayət Rüstəmzadə “sonra” – deyərək gənc şairdən xahiş etdi ki, o qotur sözünü tut ağacının kölgəsindən çıxart. Sevərək yediyim əsas meyvə tutdur, onu da qo­turluğa caladın. Yeri gəlmişkən, mən bilən onun özünün də bir “Tut ağacı” adlı şeiri var idi. 

Tədbirlərin birində mən dedim ki, 1941-ci il iyun ayının 21-də – taxıl biçilib-döyüldüyü gün kəndimizə qalın qar yağıbmış. Danışdım və həmin təbiət hadisəsinə həsr etdiyim “Xırmana qar yağırdı” adlı şeirimi oxudum: 

– Qar yağır! Qar yağır” – çığırdı kimsə.

Qulaqda səslərə şübhə yarandı.

– İyun səmasında qar olmaz oğul! 

Gözlərdə gözlərə şübhə yarandı. 

– Qar yağır! Ay uşaq, açın vəlləri, 

talvarın altına çəkin kəlləri.

– Təbiət sınağa çəkir insanı, 

Xırman şanasıyla qar kürünərmi?

Belində ağappaq tər köpüklənən 

kəlin buynuzunda qar görünərmi? 

... Xırmana quşbaşı heyrət yağdıran 

O qarla başladı neçə qəm, kədər...

Həmin gün əriyib rədd olan qarın

Soyuğu getmədi 45-ə qədər. 

Zala ani də olsa sükut çökdü. Bəlkə də iki dəqiqə heç kəs heç nə demədi. Sonra Vilayət müəllim dilləndi: – Əgər sən 1941-ci ildə yaşa­mış olsaydın... təbiət hadisəsini cəmiyyət ha­disələri ilə bağladığın bu şeir şedevr kimi qə­bul edilərdi. Kiminsə dilindən eşitdiyin əhvalatı qələmə aldığına görə isə öz dilin də qısadır, bu şeiri bəyənmək istəyənlərin dili də. 

... Çox sonralar görkəmli tərcüməçi-şair Siyavuş Məmmədzadə bu şeiri rus dilinə tər­cümə elədi və “Literaturnı Azerbaydjan” qəze­tində verdi. Siyavuş müəllimlə münasibətləri­miz ayrıca bir yazının mövzusu olacaq. Allah ona da rəhmət eləsin, Vilayət Rüstəmzadəyə də. 

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat