NASA-nın Saturn missiyası

post-img

NASA Saturnun ən böyük peyki olan Ti­tana uçuşu nəzərdə tutan “Dragonfly” mis­siyasının 2028-ci ilin iyulunda başlayacağını təsdiqləyib.

Kosmik missiya 3,35 milyard dollara başa gələ­cək. Titan Günəş sistemində Yerdən başqa sət­hində hava və maye olan yeganə səma cismidir. Onun atmosferi, yağışı, gölləri, okeanları, sahilləri, dərələri, dağ silsilələri və bəlkə də həyatın özü var.

2034-cü ildə Titana çatması planlaşdırılan “Dragonfly” missiyası iki il davam edəcək. Missiya zamanı kosmik gəmi peykdən bir sıra nümunələr götürəcək.

NASA-nın elmi missiya direktorluğunun kömək­çi administratoru Nikki Foks bunun geniş ictimaiy­yətin marağına səbəb olan möhtəşəm bir layihə ol­duğunu söyləyib. Bildirilib ki, Titandakı cazibə Yerin cəzbetmə qüvvəsinin cəmi 14 faizini təşkil edir. O, Yerin aldığı günəş işığının yalnız bir faizini görür. Peykin dənizləri və gölləri isə su deyil, maye me­tandan ibarətdir.

Məlumata görə, “Dragonfly” missiyası pandemi­ya səbəbindən ləngiyib. 2019-cu ildə seçildiyi za­man onun bir milyard dollara başa gəlməsi gözləni­lirdi. Missiya 2026-cı ildə işə salınmalı və səkkiz illik kruiz mərhələdən sonra peykə çatmalı idi. Bununla belə, NASA missiyanın kruiz mərhələsini qısaltmaq üçün ağır yük daşıyan aparatı maliyyələşdirməklə gecikmiş buraxılışı kompensasiya etmək qərarına gəlib.

XQ

Dünya