“Alça gül açdı...”

post-img

Təbiətdə çoxlu sayda ağaclar və adlı-adsız çiçəklər var. Boyu boylardan fərqlənməyən alça ağacının ağappaq, qar dənəsi kimi çiçəkləri özəl­liyi ilə seçilir. Gendən baxanda “əl dəymə, tökül­düm, ha töküldüm” deyir. Elə bilirsən ki, qəfil bir küləyin, ilıq bir yaz mehinin əsməyi ilə üstündə çiçək deyilən heç nə qalmayacaq...

Alça çiçəyi özü boyda ağappaq işıqdır. Bu ağappaq işıq bir qız gülüşüdür, yaxşı ana öyüdü görmüş, yaxşı sevgiyə ürcah gəlmiş həyalı bir qız gülüşü. Hansı qızı, hansı gəlini alça çiçəyinə bənzətsən, inanma ki, onun könlünü qırmış olarsan. Nahaq demirik ki, alça çiçəyi qızlar, alça çiçəyi ba­lam.. Əksinə, bəlkə də ən yaxşı qızlar, ən gözəl gəlinlər elə alça çiçəyidir.

Düyünçəsinə əl dəyəndə adamın yadına diş hədiyi­ni çıxarmış körpə düşür. Tək-tək diş çıxaran körpə, onun üz-gözündə ləçəkləyən təbəssüm elə alça çiçəyinin özüdür. Yazın sorağını verən zoğal və badam ağaclarının ardınca həmişə alça çiçəkləyir. Yetişəndə o ağ çiçəyin turş meyvə­si olur. Amma hər ilin yaz vədəsi duz batırıb yediyimiz o meyvənin həsrətini çəkirik. Analarımız ən ləziz, ən dadlı xörəklərinə alça turşusu, alça qurusu tökərlər. O gəlindən gəlin olmaz ki, həmin o turş alçadan bu üzündən baxanda o biri üzü görünən yuxa kimi lavaş salmağı bacarmasın.

Çiçək vədəsi, çiçək çağı alçaya su verməzlər. Alça çiçəkləyəndə ona su verdin, inanma ki, üstündə çiçəyi qala, bar vədəsi gözəllərin həyadan qızarmış yanağına bənzəyən qırmızı-qırmızı meyvəsi ola. Alça su içdisə, bir az ötəli baxarsan ki, elə bil ağacın dibinə ağappaq dəsmal sərmisən. Elə bil hansısa əli qurumuşsa gedib ağacın gövdəsindən tu­tub gücü gəldikcə silkələyib. Alça çiçəkləyəndə ona dəhrə, balta vurmazlar. Əgər qurumuş budaqları kəsmək gərəkdir­sə, bunu ya çiçəkdən əvvəl, ağacın budağına su verilmə­miş edərlər, ya da barı, mer-meyvəsi urvalanıb qurtarandan sonra. Təbiət özü göstərir ki, bunları çiçək vədəsi etməzlər. Yoxsa dəhrə dəyən yerdən alça köz-köz, çiçək-çiçək ağla­yar.

Ana təbiətdə əzəmətli, boy-buxunlu ağaclar var ki, ona oxşamaq, onun kimi ömür sürmək istəyirik. Palıd kimi möhkəm, çinar kimi uca, dəmirağacı kimi dözümlü olma­ğı arzulayırıq. Alçanın əzəmətli boy-buxunu, yeyəndə dadı damaqlardan getməyən tamlı meyvəsi olmasa da, bizim oxşamaq istədiyimiz ağacların heç birindən kəm deyil. Heç bir ağac, heç bir kol çiçək vaxtı alça ağacının, təpədən dırnağa gözəllik olan alça çiçəyinin yerini verməz. Başqa ağacları əl-əl gəzdiyimiz, əkib-becərib qulluğunda durdu­ğumuz halda alça ağacı özü öz törəməsini, nəslini artırır.

Ağappaq alça çiçəyi adamı təmizliyə, paklığa, durulu­ğa, xeyirxahlığa çağırır. Harada təmizlik, paklıq varsa, ora­da müqəddəslik var, orada gözəllik var. Gözəl olan hər şey sevilməyə, əzizlənməyə və qorunmağa layiqdir...

Süleyman QARADAĞLI

Sosial həyat