Rubio və Lavrov görüşəcəklər

post-img

Rubio Lavrovla Malayziyada keçiriləcək ASEAN tədbirləri çərçivəsində görüşəcək. ABŞ dövlət katibinin cədvəlində görüşün Moskva vaxtı ilə saat 13:00-a təyin edilməsi nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib ki, “görüş üzərində iş gedir”.

ABŞ dövlət katibi Marko Rubio iyulun 10-da Malayziyada keçirilən ASEAN tədbirləri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazırlaşır, “Reuters” və AFP Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RBC-yə məlumatı təsdiqləyib: “Belə bir görüş üzərində iş gedir”.

Rubionun Dövlət Departamentinin saytındakı cədvəlinə əsasən, onun iyulun 10-da Lavrovla görüşü yerli vaxtla saat 18:00-a (Moskva vaxtı ilə 13:00) nəzərdə tutulub.

Rubio və Lavrov əvvəllər bir neçə dəfə telefonla danışıblar və fevralda Ər-Riyadda Rusiya-ABŞ danışıqları zamanı ilk dəfə şəxsən görüşüblər. 

Xarici işlər nazirinin müavini Sergey Ryabkov iyun ayında Lavrov və Rubionun daimi əlaqədə olduğunu bildirib. İyulun 4-də rusiyalı nazir amerikalı həmkarına teleqram göndərərək onu ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkələr arasında münasibətlərin “sabitlik və proqnozlaşdırıla bilənlik əldə edəcəyinə” ümid etdiyini bildirib, lakin “yerdəki reallıqları” nəzərə almağın vacibliyini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya